Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2017 09:55

Nuru paşa daim xatırlanır

Çox mürəkkəb tarixi şəraitdə Türkiyənin Azərbaycana hərbi yardımı Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun timsalında həyata keçirilirdi. Buna görə də Nuru paşanın şəxsində həm göstərilən qardaş köməyinə görə Azərbaycan xalqının bütün Türkiyəyə olan minnətdarlıq duyğuları öz əksini tapmışdı, həm də ona olan hörmət və ehtiram duyğuları cəmləşmişdi. Nuru paşaya bəslədiyi hörmət və ehtiramı ilə xalqımız, eyni zamanda onun dərdini öz dərdi bilən bütün türk xalqına minnətdarlığını ifadə edirdi.  Ona görə də Nuru paşa bu gün də Azərbaycanda  böyük hörmətlə xatırlanır.
Nuru paşanın zabitlik həyatı, demək olar ki, elə Azərbaycanda da başa çatdı. Doğrudur, Qarabağda iştirak etdiyi antisovet üsyanları yatırıldıqdan sonra Nuru paşa onunla Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə İstiqlal mübarizəsində iştirak etdi. Onun bu mübarizədəki iştirakı mövcud tarixi şəraitə görə elə də uzun çəkmədi.  Azərbaycandakı fəaliyyəti Nuru paşanın bir türk zabiti kimi ömrünün, heç şübhəsiz ki, ən yaddaqalan səhifəsi idi. Nuru paşa sonrakı həyatı boyu həmişə Azərbaycanda keçirdiyi həyatını xoş duyğularla xatırlayırdı və bu xatirələrini öz dostları ilə də bölüşürdü. 
Nuru paşanın Azərbaycana gəlişinin ilkin dövründə onun verdiyi bəzi qərarların aydınlaşdırılmasına ehtiyacı yarandısa da, tarixi şəraitə heç də tamamilə uyğun atılmayan addımları olmuşdusa da, bunun da müəyyən səbəbləri var idi. Nəzərə alınmalıdır ki, Qafqaz İslam Ordusunun komandanı kimi Azərbaycana gələndə Nuru paşanın cəmi 29 yaşı var idi və o, Azərbaycana Afrika cəbhəsindən çağırılaraq göndərilmişdi. Nuru paşa tamamilə fərqli olan, dolaşıq, ziddiyyətli siyasi hadisələrin cərəyan etdiyi bir şəraitə düşmüşdü və burada gedən proseslərə bütünlüklə bələd olmaq üçün müəyyən vaxt lazım idi.
Nuru paşanın Azərbaycandakı fəaliyyətinin araşdırılması göstərir ki, ölkəni tanıdıqca, burada gedən mürəkkəb proseslərə bələd olduqca onun dünyagörüşündə kifayət qədər ciddi dəyişikliklər baş vermişdi. Nəticə etibarı ilə Nuru paşa Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna hər vasitə ilə çalışmışdı, fədakarlığını əsirgəməmişdi. Məsələn, 1919-cu ilin sonlarında Nuru paşa yenidən Azərbaycana göndəriləndə ona bolşevik qüvvələri ilə əməkdaşlıq imkanlarının araşdırılması tapşırığı verilmişdi. Bu məqsədlə o, Dağıstan ərazisinə yollanmışdı. Bölgədə baş verən prosesləri müşahidə edəndən sonra Nuru paşa birdəfəlik qərarlaşdırdı ki, Azərbaycanın istiqlalı üzərindən bolşevik qüvvələri ilə əməkdaşlığa gedə bilməz və o, Azərbaycanın istiqlaliyyətinə həyatı boyu sədaqətli qaldı. Nuru paşa Azərbaycanın istiqlaliyyətinin bərpası naminə hətta İkinci Dünya müharibəsi illərində Hitler Almaniyasının hökumət nümayəndələri ilə müzakirələr aparmağa da cəhd göstərdi. Lakin sonradan alman faşizminin mahiyyəti aydınlaşanda Nuru paşa bu niyyətindən əl çəkməli oldu.
Nuru paşa Azərbaycandan qayıdandan sonra bir müddət məhrumiyyətli həyat sürdü. 1922-ci ildə qardaşı Ənvər paşanın Orta Asiyada şəhid olmasından sonra onun Berlində yaşayan həyat yoldaşı Naciyə xanıma və üç övladına himayədarlıq etmək də Nuru paşanın üzərinə düşdü. Nuru paşa qardaşının yoxluğunu onun övladlarına olan qayğısı ilə ovundurmağa çalışırdı. Ənvər paşanın xanımı Naciyə sultan da öz xatirələrində Nuru paşanın bu ehtiramını böyük bir səmimiyyətlə anırdı: "Sənələr keçiyor. Cocuqlar təhsillərinə davam ediyor və böyüyürlərdi. Həmd olsun həpsi səhətli və qabiliyyətlidirlər... Günün birində onların məmləkətə dönə biləcəklərini ümid edirdim. Cocuqlarımdan ayrılmaq mənə çox güc gələcəkdi. Sənələr keçdikcə bu ehtimal yaklaşırdı. Vətəndaş olaraq məmləkətə dönmələri üçün mənim qayın bəradərim Nuru paşa çox çalışdı. Bir xeyli müraciətlərdə bulundu. Nəhayət, cocuqlarım üçün 1939-da özəl bir qanun çıxdı. Babalarının soyadı və vətəndaşlığın bütün haqlarına sahip olaraq məmləkətə dönə biləcəklərdi. Bunu kəndilərinə amcaları Nuru paşa təmin etdi. Nuru paşa dürüst, namuslu, pək hörmət etdiyim və sevdiyim bir insandı. Cocuqlarıma sənələrcə həm analıq, həm də babalıq etmişdir. Kəndisinə çox şey borcluyam...".
Nuru paşanın öz ailə həyatı, demək olar ki, alınmamışdı. O bir də 1946-cı ildə, ölümündən üç il əvvəl Misirin saray ailəsindən olan İffət xanımın qızı Misli Mələk xanımla ailə qurdu. Bu zaman Nuru paşanın 56 yaşı var idi. Misli Mələk xanım isə 45 yaşında idi. Müxtəsər məlumatlar Nuru paşa ilə Misli Mələk xanım arasında qarşılıqlı anlaşma və hörmət olduğundan xəbər verir. Onların övladları qalmamışdır. Nuru paşanın həlak olmasından sonra Misli Mələk xanım uzun bir həyat yaşamış və 1989-cu ildə dünyasını dəyişmişdi.
Keçən əsrin 30-cu illərindən etibarən Nuru paşa sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladı və vaxt ötdükcə bu fəaliyyətini genişləndirməyə müvəffəq oldu. Məlumdur ki, İkinci Dünya müharibəsi illərində Nuru paşanın rəhbərlik etdiyi fabrikdə silah və sursat istehsal olunurdu. Nuru paşa 1949-cu il martın 2-də sonradan daha da genişləndirə bildiyi İstanbulun Sütlücə məntəqəsindəki hərbi zavodda baş verən güclü partlayışda həlak oldu. Araşdırmalar sübut edib ki, bu partlayış texniki normalara əməl edilməməsi nəticəsində baş vermişdi. 1949-cu il martın 2-də kapsullar saxlanılan otaqda havanın temperaturu 80 dərəcəyə qədər qalxıb və heç kim bu yüksək dərəcənin partladıcı maddələr üçün təhlükəli olduğuna diqqət yetirməyib. Partlayış güclü olduğu üçün qonşu sexlərdə saxlanılan kimyəvi və partlayıcı maddələrə də ciddi ziyan vurmuşdu.
İlk partlayış baş verəndə Nuru paşa fabrikin dəftərxanasında imiş. Partlayış baş verən kimi özünü hadisə yerinə çatdırıb və sexlərdə olan işçilərdən tələb edib ki, dərhal təhlükəsiz yerə çəkilsinlər. Özü minaatan minalarının saxlandığı anbarın təhlükəsizliyini yoxlamaq üçün ora yollanıb. Bu anbarda 2 min ədəd mina saxlanılırmış.
Kimyəvi və partladıcı maddələrin partlaması baş verən otağın zirzəmisi də tez alışan maddələrin, o cümlədən barıt və trotilin saxlandığı anbar imiş. Kimyəvi maddələrin partlayışından sonra otağın döşəməsi çökür və zirzəmidə olan maddələr də partlayır. Bu partlayış son dərəcə güclü olur və hətta baş verən yanğının qarşısını almaq üçün gəlmiş yanğınsöndürənlər arasında da tələfat qeydə alınır.
Nuru paşa bu partlayış zamanı həlak olur. O, minaların saxlandığı anbara gedib çıxa bilməmişdi. Sütlücə fabrikinin işçilərindən olan İsmayıl Saylav adlı birisi baş verən partlayışı belə xatırlayırdı:
"Paşa bombaların yerini sordu. Cavab alır-almaz da o tərəfə səgirtdi. Bir yandan da - buraya kimsə gəlməsin - deyə bağırırdı. Bu sırada kimyaxananın altında partlayıcı maddə bulunduğundan xəbərsiz olan itfaiyyə ərləri nərdivanlarda saçaklara dırmanmışlar, içəriyə su sıxırlardı. Kəndilərinə - pək soxulmayın, içəridə məvadi-infilağiyyə var, - deyə söyləndim. Fəqət duymadılar belə... Birdən sanki yer-göy qarışdı, ayağım altındakı torpaq sarsıldı və kəndimi bir kənara savrulmuş buldum. İtfaiyyə ərləri paramparça bir halda havada uçurlardı. Toz, torpaq, göy üzünə fırlamış divar parçaları. İştə o əsnada gördüklərim bunlar oldu".
Sütlücə fabrikində partlayış baş verən günü Nuru paşanın həyat yoldaşı Misli Mələk xanım Misirə uçmuşdu. Nuru paşa günortadan sonra onu yola salaraq Sütlücə fabrikinə qayıtmış və faciə ilə üzləşmişdi. Nuru paşanın həlak olması xəbəri Misli Mələk xanıma çatdırılmamışdı. O, martın 16-da İstanbula qayıtdıqdan sonra Nuru paşanın həlak olması barədə xəbər tutmuşdu.
Dəfn mərasimi İstanbul Şəhidliyində aparıldı. Nuru paşanın dəfn mərasimini əks etdirən fotoşəkildən görünür ki, onun tabutunu kiçik bir qutu əvəz edir. Bu qutuda da, sözsüz ki, ona məxsus əşyalar mövcud idi. Buna baxmayaraq həmin qutu Nuru paşanın anası Aişə xanımın yanında dəfn edilərək onun üçün simvolik bir qəbir yaradıldı.
Ehtiyatda olan polkovnik Mehman SÜLEYMANOV,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, tarix elmləri doktoru