Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2017 09:53

Zirvələrin fatehləri

Məkirli siyasətiylə dünyada tanınan bədxah qonşularımızdan tarix boyu başımız bəlalar çəkib. Soyqırımlara məruz qalmışıq, torpaqlarımız işğal olunub, neçə-neçə körpə, qadın, ahıl, gənc süngülərdən keçirilərək qətlə yetirilib. Hər dövrdə sülhsevərliyi, humanistliyi ilə fərqlənən Azərbaycan xalqı bu gün də Cənubi Qafqaz bölgəsində möhkəm əmin-amanlığın, dinc qonşuluq münasibətlərinin tərəfdarıdır. Lakin məşhur bir deyimdə vurğulandığı kimi əgər sülh istəyirsənsə, müharibəyə hazır olmalısan nüansını da unutmamaq lazımdır.
Təəssüflər olsun ki, ermənilər 20 ildən artıqdır ki, beynəlxalq miqyasda tanınan, BMT-nin müvafiq sənədlərində öz əksini tapan Azərbaycan torpaqlarını işğal edib və havadarlarının dəstəyi ilə beynəlxalq hüquq normalarına, dövlətlərarası sərhədlərin toxunulmazlığı prinsipinə hörmət qoymur, Qarabağın işğalını davam etdirir.
Hazırda atəşkəs rejimi mövcud olmağına baxmayaraq düşmən işğal etdiyi Azərbaycan torpaqlarında kəşfiyyat-diversiya qrupları vasitəsi ilə təxribatlar törətməyə, dinc əhaliyə təhlükə yaratmağa çalışır.  Səngərdə ayıq-sayıq döyüş növbətçiliyi aparan əsgərlərimiz düşmənə itki verərək geri çəkilməyə məcbur edir.
Səhərə doğru dan yeri sökülür, sərin meh üzünü oxşayaraq tellərinə sığal çəkən qayğıkeş bir ananı xatırladır... Sanki sərin külək də Vətənə keşik çəkən əsgərlərə ana qayğısını hiss etdirir...
Cəbhə bölgəsi... Çiynində silah döyüş növbəsi aparan əsgərlər... Dağların sinəsində qazılan səngərlər... Barıt qoxusu... Bəli, burada müharibə ab-havası hökm sürür.
Hiyləgər düşmənin təxribatları davam etməkdədir. Yamyaşıl örtüyə boyanmış dağların sükutunu erməni əsgərlərinin güllə səsi pozur. Düşmən yenə də həyasızcasına mövqelərimizə güllə yağdırmaqla kifayətlənmir, dinc əhalini hədəf seçir.
Əvvəlcə qeyd edim ki, "N" hərbi hissəsi uzun illərdir erməni silahlı birləşmələri ilə üzbəüz mövqedədir və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparır. Vətən, torpaq uğrunda neçə-neçə igid oğullarımız düşmənlə döyüşdə fədakarlıq göstərib.
Hərbi hissədə şəxsi heyət şəhid sələflərini yaxşı tanıyır və onları özlərinə örnək hesab edirlər.
- Əsgərlərimiz nizam-intizamlı və döyüşə hazır vətənpərvər gənclərdir. Torpaq sevgisi, Vətən təəssübü olan belə igidlərin qatıldığı döyüşdə qalibiyyətimiz mütləqdir, - zabit Tural Məmmədov deyir. - Şəxsi heyətin döyüş hazırlığını yüksəltmək məqsədi ilə gecə və gündüz atışları yerinə yetirilir. Həmçinin hərbi təlimlərdə mənəvi-psixoloji hazırlığın yüksək olması daim diqqət mərkəzindədir.
Zabit Turab Kərimov ali hərbi təhsil alandan sonra cəbhə bölgəsində xidmətə başlayıb.
- Düşmən hər gün atəşkəs rejimini pozmağa cəhd edir, - deyə zabit bildirir. - Dəfələrlə kəşfiyyat-diversiya qrupları mövqelərimizdə təxribatlar törətməyə çalışıblar. Amma qətiyyətli və ayıq-sayıq əsgərlərimiz bu cəhdlərin qarşısını qətiyyətlə alıblar. Ön xətdə dayanan hər bir əsgər torpaqlarımızın toxunulmazlığı və bütövlüyü uğrunda qəhrəmancasına vuruşmağa hazırdır. Hərbi hissə komandirinin əmrinə əsasən, döyüş növbətçiliyi təşkil edilib və günün nizam qaydalarına mütləq şəkildə riayət olunur. Əsgərlərimizin məişəti yüksək səviyyədədir və təminatla bağlı heç bir problemimiz yoxdur. Hər bir əsgər lazımi əşya-əmlakla təmin olunub. Gecə saatlarında ayıq-sayıq növbə aparmaq üçün gecəgörmə cihazlarından istifadə olunur. Bir sözlə, günün hər vədəsində düşmən mövqeləri nəzarətimizdədir.
Gənc zabit qəhrəman əsgərlərimiz haqqında da danışır. İlk olaraq 14 ayın əsgəri olan Vüqar Zahirovdan söz açır. Massallı rayonundan hərbi xidmətə çağırılan Vüqarı yoldaşları arasında sevdirən əsas xüsusiyyətinin səmimilik və mehribanlıq olduğunu bildirir.
- Əsgər olmaq şərəfdir, düşmənlə üz-üzə mövqelərdə xidmət etmək isə zirvələrin fəthi olmaq deməkdir, - Vüqar deyir. - Mən atıcı əsgərəm və ən əsası Azərbaycan vətəndaşıyam. Torpağımı sevirəm və onun uğrunda canımdan keçməyə hər an hazıram. Çünki torpaq uğrunda ölmək şəhid olmaqdır, şəhidlik isə ən ali zirvədir.
Əsgər Murad Nəsirli isə Lənkərandan hərbi xidmətə çağırılıb. Sərt baxışlı əsgər qumbaraatan vəzifəsindədir. Komandirləri 15 ayın əsgəri haqqında xoş fikirdədilər. “Mən də bu gün burada döyüş tapşırığını yerinə yetirməkdən, xalqımı müdafiə etməkdən qürur duyuram. Ana Vətənimizi mərdliklə, rəşadətlə qoruyuram”.
Cəlilabad rayonundan hərbi xidmətə çağırılan əsgər Röyal İsmayılovla söhbətimi davam etdirirəm. Əsgərimiz ermənilərə nifrətindən danışaraq deyir:
- Uşaq yaşlarımdan ermənilərə nifrət etmişəm. Onların xalqımızın başına gətirdiyi müsibətlər haqqında çox eşitmişəm. Mən də yoldaşlarım kimi döyüşlərdə iştirak etməyi arzulayıram. Buna görə də barmağım tətikdə Ali Baş Komandanın əmrini gözləyirəm.
Əsgərlər Niyyətşah Cəbrayılov, Fərrux Rüstəmov, Vüsal Səfiyev də Vüqar kimi özlərini zirvələrin fatehləri hesab edirlər.
Əsgərlərlə söhbətimdən bir daha əmin oluram ki, zirvələrimiz etibarlı əllərdədir. Belə əsgərlər var olduqca zirvələrimiz daim qorunacaq.
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu", fotolar C.CƏFƏROVUNDUR