Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, hər bir peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir. Qürurverici peşələrdən söz düşəndə hər birimiz ilk olaraq hərbçi peşəsi haqqında düşünürük.
"N" hərbi hissəsində qəzetimizə məqalələr hazırlamaq üçün qeydlər götürəndə leytenant Sahib Alıyevin də vətənpərvər zabit olması, nümunəvi xidməti haqqında danışdılar. Gənc zabiti oxucularımıza tanıtmaq üçün görüşüb, söhbətləşdim.
Leytenant ideoloji otaqda əsgərlərə ictimai-siyasi hazırlıq məşğələsi keçirdi. Dərs prosesini izləyib, sülhməramlı zabitin şəxsi heyətə aşıladığı mövzuya diqqət yetirdim. O, mövzunu əhatəli şəkildə əsgərlərə izah edirdi.
- Artıq neçə ildir ki, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq sülhməramlı qüvvələr tərkibində nəcib missiya yerinə yetirir, - leytenant dedi. - Hazırda Əfqanıstandakı hərbi kontingentimiz xidmətini davam etdirir və şəxsi heyətinin tərkibi rotasiya planına uyğun olaraq qruplarla dəyişdirilir. Döyüş hazırlığı planına əsasən gündəlik və praktiki dərslərimiz sinif otaqlarında, maket ərazi üzərində keçirilir. Nəzarət keçid məntəqələrində patrul fəaliyyətinin qaydaları, digər praktik biliklər və vərdişlər şəxsi heyətə aşılanır. İctimai-siyasi hazırlıq məşğələlərində isə şəxsi heyətin siyasi məlumatlandırılması daim diqqət mərkəzindədir.
Öyrəndim ki, gənc zabit Şəmkir rayonunun Düyərli kəndində anadan olub. Daxilində layiqli vətəndaş olmaq istəyi indi təqaüddə olan zabit babasının söhbətləri, tövsiyələri ilə daha da güclənib. Onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirən də Vətəninə xeyirli övlad olmaq istəyi olub. Vətənpərvər gənc hərbi təhsilini bitirdikdən sonra sülhməramlı taborun taqım komandiri kimi xidmətə başlayıb.
Leytenant şəhid qohumunun məzarını ziyarət edərkən keçirdiyi hisslərdən də söz açdı. Qeyd etdi ki, Vətən uğrunda , ən müqəddəs amal naminə fədakarlıq göstərməyi, bu yolda canını da əsirgəməməyi qarşısına məqsəd qoyub. “Bu gün ordumuz regionun ən güclü ordusudur. Bizlər qalib ordunun zabitləri olaraq tezliklə xoş bir müjdəni xalqımıza çatdıracağıq."
Vətəni qorumaq, onun bir qarış torpağını canından əziz bilmək hər birimizin vətəndaşlıq borcudur. Leytenant Sahib Alıyev bunu bir borc yox, Vətən məhəbbətinin yaşarılığı, xalqına, millətinə sevgisi bilir.
Gənc zabitlə söhbətdən xoş təəssüratlarla ayrıldım. Azərbaycan Ordusunda on minlərlə gənc Vətənə sədaqətlə xidmət edir. İnanıram ki, Sahib kimi oğulların sayəsində əzəli və əbədi torpaqlarımız düşməndən mütləq azad ediləcəkdir.
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu", fotolar Namiq PƏNAHOVUNDUR