Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2017 09:39

Vətənimin keşiyində dayanmışam!

Salam, ana. Necəsən? Yəqin mənsiz çox darıxırsan. Mən də sənsiz çox darıxıram, səni hər an düşünürəm, ana. Amma narahat olmağa dəyməz, çünki burada hər şey yaxşıdır, heç bir narahatlığım yoxdur. İlk fikirləşdiyin odur ki, görəsən, mənim balam nə yeyir, nə içir? Burada da analarımızın bişirdiyi yeməklər evdə gözəl əllərinlə bişirdiyin yeməklərdən heç də fərqlənmir.
Fəxr ediləsi əsgər dostlarım var. Onlarla keçən hər an yaddaşımda xoş xatirələrə çevrilir. İnanıram ki, tezliklə onlarla daha gözəl anları yaşayacaq, xalqımızı sevinc göz yaşlarına qərq edəcəyik. Komandirlərimiz də mənə əziz və doğmadırlar, çünki bizimlə bir ailədə olduğu kimi rəftar edirlər. Döyüşçü kimi yetişməyimizə vəsilə olan hər bir şeyi - silah və texnikanı, nizam-intizamı, vəzifə borcumuzu bizə onlar izah edirlər.
Atam necədir? Onun işləri necə gedir? Məni bu yaşa qədər əzab-əziyyətlə böyüdən, hər arzumu həyata keçirən atam üçün də çox darıxıram. Atamın "Oğul, bu gündən hərbi xidmətə yola düşürsən, Allah yolunu açıq eləsin. Unutma ki, hərbi xidmət şərəfli yoldur, çalış bu yolda büdrəməyəsən, Vətənimizi layiqincə qoruyasan. Vətən hər şeydən əzəldir, lazım gələn anda, Vətən yolunda canından da keçməyə hazır ol!” sözləri əsgər həyatımın amalına çevrilib.
Ana, qardaşım necədir? Dərslərini necə oxuyur? İmtahanları necə keçdi? İnanıram ki, qardaşım imtahanlarının öhdəsindən layiqincə gələcək. Çünki sizin tərbiyənizi görən övlad hər zaman birincilər sırasında, vətənpərvər olmağa layiqdir. Başqa cür də ola bilməz. Gələn il qardaşım da müqəddəs əsgər adını daşıyanların sıralarına qatılacaq. Onunla keçirdiyim uşaqlıq illərimiz, xoş xatirələrimiz hərdən yadıma düşür. Burada da qardaşlarımın sayı çoxdu. Əvvəllər bütün sirlərimi qardaşımla bölüşürdüm. İndi qardaşım yanımda yoxdu, amma əvəzində qayğıkeş əsgər yoldaşlarım, sirdaşlarım var. Qoy qardaşım da bilsin ki, əsgərlikdə hər şey yaxşıdı. Hərbi xidmət kişilik məktəbidir, adamı həyatın sirlərinə alışdırır. İnşallah, qardaşıma da bu həyat  nəsib olacaq...
Dostlarım İsmayıl, Soltan, İlkin, Fəxri necədilər, ana? Mən bura gələndən sonra onlar sizlərlə maraqlanırlar? Bilmirsən, anacan, Fəxrinin imtahanları necə oldu? Dostlarıma məndən salam deyərsən. Onlara deyərsən ki, dostlarım daha da artıb. Zaman gələcək, əsgər dostlarımı onlarla da tanış edəcəm.
Hər an mənim keşiyimdə dayanan anam, indi sənin, sənin simanda bütün anaların, Vətənimizin keşiyində dayanmışam. Mənə görə narahat olma, çünki mən güclü bir ordunun - Azərbaycan Silahlı Qüvvələrinin, qətiyyətli  Ali Baş Komandanımızın əsgəriyəm.
Bir azdan döyüş növbətçiliyinə gedəcəm. Sağ ol, ana. Özündən muğayat ol, əllərindən öpürəm.
Əsgər Elçin KƏRİMLİ, "N" hərbi hissəsi