Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2017 09:37

Vətən sevgisinin təcəssümü

Orduya, hərbçi peşəsinə maraq son vaxtlar özünü kifayət qədər qabarıq şəkildə göstərir. Oğullarımızla yanaşı ömrünü hərbçi peşəsinə həsr etməyi qərara alan qadınlarımızın sayının ildən-ilə çoxalması da məhz bunun göstəricisidir. Şərəfli hərbçi peşəsinə yiyələnmək, Vətən keşiyində dayananlarla eyni sırada dayanmaq istəyilə Müdafiə Nazirliyinə, ayrı-ayrı qoşun növlərinin komandanlığına müraciətlər olunur.
"N" hərbi hissəsində olarkən çavuş Əsmayə Hidayətova ilə tanış oldum. Vətənimizə bağlılığı, peşəsinə sevgisi hər bir hərəkətindən, kəlməsindən hiss olunurdu. Kəlmələşərkən öyrəndim ki, Bakı şəhəri, Buzovna qəsəbəsində anadan olub. Daxilindəki ümmansız Vətən sevgisinin əsası  valideynləri tərəfindən qoyulan hərbçi xanımın orta məktəb illərindən hərb sənətinə marağı yaranıb.
- Təhsil aldığım orta məktəb şəhid İftixar Tağıyevin adını daşıyır. Bir zamanlar bu məktəbdə, əyləşdiyimiz parta arxasında gələcəklə bağlı xəyallar quran gəncin ömrünü Vətən üçün, torpaq üçün, bizlər üçün fəda etməsi ilə daim qürurlanıram. Bu gün artıq arzularım reallaşıb. Düzdür, hərbçi çətin peşədir, amma şərəflidir. Bir də ki, ürək Vətən sevgisiylə döyünəndə, insan heç bir sahədə çətinlik hiss etmir. 
Öyrənirəm ki, çavuş Ə.Hidayətova 2014-cü ilin aprelindən maddi-texniki təminat taborunun operatoru kimi xidmətdədir. Hərbi formanı əyninə geyindiyi günü yenidən xatırlayanda hərbçi xanımın səsindəki sevinci, fərəhi duymamaq mümkünsüzdü. Həmin gün sevincini bütün doğmalarıyla, dostlarıyla paylaşdığını söyləyir. "O anlarda keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Dünyada məndən xoşbəxt insan olmadığını düşünürdüm. O anlarda düşünürdüm ki, mən artıq adi vətəndaş deyiləm. Mən hərbçiyəm. Forma daşıdığım üçün fəxr edir, qürur duyurdum."
Əsmayə deyir ki, bu müqəddəs peşəni seçəndən sonra hərəkət və davranışlarına daha çox diqqət edirsən.  Axı, hərbçi həyatı intizamlı olmağı və güclü iradə tələb edir. Hərbçi xanım xoşbəxtdir, ailələrində 2 qız övladı böyüyür. İşdən evə qayıdanda qızlarının onun paltarlarını geyinib papağını başlarına qoyaraq "biz də əsgər olacağıq" demələrindən, onunla qürurlanmalarından da sevinclə söz açdı.
Azərbaycan qadını çox güclüdür və hər şeyə qadirdir. Hərbçi qadınların da ən böyük arzusu Qələbə xəbərini qalib ordunun sıralarında qarşılamaqdır. Bu  müqəddəs amal uğrunda qadınlarımız da Ali Baş Komandanın əmrinə müntəzirdilər.
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"