Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2017 09:35

Məqsəd şəxsi heyətin psixoloji hazırlığını artırmaqdır

Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrdə ideoloji otaqların, səyyar təbliğat məntəqələrinin və səyyar təşviqat guşələrinin təşkili uğrunda yarışlar keçirilib. Həmin yarışları Müdafiə Naziriliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin nümayəndələri izləyiblər.
Təlimlər keçiriləndən sonra "N" hərbi hissəsi komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor Fuad Məmmədovla görüşüb təlim barədə təəssüratlarını öyrənirik.
Söhbət zamanı zabit bildirdi ki, təlim ilk olaraq hərbi hissə komandirinin əmrinə əsasən bölüklər səviyyəsində həyata keçirilib: "Qalib gələn bölüklər birlik üzrə yarışlara cəlb olunub. Hərbi hissəmiz birinci yeri tutduğuna görə Silahlı Qüvvələrdə təmsil olunmaq hüququna nail olub. Bu yarışda da şəxsi heyətimiz yüksək səviyyədə iştirak edib".
Yarışın gedişi haqqında geniş məlumat verən həmsöhbətim onu da söylədi ki, əvvəl ideoloji otaqlara baxış keçirilib. "Danmaq olmaz ki, əyani təşviqat vasitələrinin və divar mətbuatının da hərbi qulluqçuların tərbiyəsində xüsusi rolu vardır. İdeoloji otaqlarda hərb elminin nəzəri əsaslarının öyrədilməsi və əsgərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə hərtərəfli şərait yaradılıb, müxtəlif məlumat stendləri yerləşdirilib. Bu da onu göstərir ki, döyüş hazırlığının ümumi hərbi-elmi əsaslarla öyrədilməsi, hərbi vərdişlərin təkmilləşdirilməsi komandanlığın daim diqqət mərkəzindədir".
Öyrənirəm ki, ideoloji otaqlarda Azərbaycan dövlətinin rəmzləri, tarixi, ümummilli liderimiz Heydər Əliyevin portreti, dövlət və ordu quruculuğu sahəsində fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin portreti, onun Silahlı Qüvvələr qarşısında qoyduğu vəzifələr və ordu haqqında fikirləri Azərbaycan Respublikası Müdafiə nazirinin Silahlı Qüvvələr qarşısında qoyduğu vəzifələr və tapşırıqlar, qan yaddaşımız, bölmələrin fəaliyyəti geniş işıqlandırılıb. Bir sözlə, şəxsi heyətin tərbiyəsi işində emosional təsir yükü daşıyan ideoloji otaqlar tərtibatı ilə seçilib:
- Bütün bunların təmin edilməsində hərbi hissə komandirinin əmrinə əsasən, seçilən ideoloji otağın şurasının rolu böyükdür. Hərbi hissə komandirinin əmrinə əsasən bölükdə ideoloji otağın şurası seçildi. Əsas məqsəd isə ideoloji otaqları təbliğ etmək, səhra şəraitində ideoloji səyyar məntəqələri yaratmaq və döyüşlərdə şəxsi heyətin mənəvi-psixoloji durumunu yüksəltməkdir.
İdeoloji otaqlara baxış keçirildikdən sonra hərbi hissələrin yarışlarda iştirak etmək imkanı qazanan şəxsi heyəti səyyar təbliğat məntəqələrini və səyyar təşviqat guşələrini qonaqlara və hərbi hissələri təmsil edən hərbi qulluqçulara nümayiş etdirdi.  Səhra şəraitində çadırlar qurulub. Bu məntəqələr təşviqat guşələri, video və audio vasitələr, kütləvi informasiya vasitələri ilə təchiz olunub. Bütün bunlar da təlim və döyüş əməliyyatları zamanı şəxsi heyətin asudə vaxtının təşkil edilməsində xüsusi rol oynayan səyyar ideoloji məntəqələrin əhəmiyyətini artırır.
Sonda mayor Fuad Məmmədov qeyd etdi ki, yarışların əsas məqsədi hərbi əməliyyatlara cəlb olunan şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsidir.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"