Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2017 09:32

Mən də əsgər atasıyam!

"Hər yaşın öz hökmü var" - atalar sözüdü. Həm də hər yaşın öz məsuliyyəti, öz borcu var. Yeniyetmə təhsil almalıdı, gənc Vətənə xidmət etməlidi - yeniyetmə də, gənc də əsl vətəndaş kimi formalaşmalıdı. Bu prosesdə müəllimlərin də, valideynlərin də böyük rolu var. Zamanında bizə deyilənləri biz də gənclərimizə deməliyik.
Mən hərbçi olmuşam. İyirmi səkkiz il xidmət etmişəm. Oğlum göz açıb məni hərbi mundirdə görüb. Təbii ki, hərbi mundir onu maraqlandırırdı, müxtəlif sualları ilə hərbi xidmət haqqında müəyyən anlayışlar öyrənirdi. Bir dəfə - onda səkkiz yaşı vardı - məndən soruşdu ki, niyə hərbçi oldun? Düzü, onu qane edəsi cavab verə bilməyəcəyimdən ehtiyatlandım, "Vətən belə istədi, oğlum", - dedim. Bir anlığa susdu. Sonra çəkinə-çəkinə dilləndi: "Vətən istəyərsə mən də hərbçi ola bilərəmmi?". Saçlarını oxşadım, "Vaxtı çatanda sən də hərbçi olacaqsan", - dedim. Vaxtı çatdı. Oğlum əsgərdir. Andiçmə mərasimində məni incə şəkildə qınadı: "Niyə hərbi mundirdə gəlməyibsən? Zabit-əsgər, ata-bala formada şəkil çəkdirərdik...". Onun hərbi mundirə, hərbi xidmətə münasibəti qəlbimi dağa döndərdi...
Bayram hərbi xidmətə gedənə kimi söhbətlərimiz əsasən Vətəndən olardı, Qarabağdan olardı, aprel döyüşlərindən olardı, aprel döyüşlərinin qəhrəmanlarından, şəhidlərdən olardı. Qəhrəmanların döyüş yolundan danışmağa maraqlı idi. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun qəhrəmanlığından danışanda qaşları çatılardı, "Biz çağırışçılar ona oxşamalıyıq..." - deyərdi. Təsadüfüydümü, zərurətiydimi, hər nəyiydisə, oğlum Bayram qəhrəmanın - Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun hərbi and içdiyi hərbi hissədə hərbi and içdi.
Bayram iqtisadi münasibətlər ixtisası üzrə ali təhsil alıb, ali təhsilli əsgərin dünyagörüşü, müəyyən mənada geniş olur. İnanıram ki, əsgər Bayram Həmidov müəllimlərinin də, valideynlərinin də etimadını doğruldacaq.
Əsgər Vətən borcunu ödəyir. Bu borc xidmət dövrü ilə məhdudlaşmır. Digər gənc əsgərlər kimi Bayram da bilir ki, Vətən borcu vətəndaşlıq borcunun tərkib  hissəsidir...
Döyüşlərdə də olmuşam. Bunu oğlum da bilir. Bilir ki, sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı  işğaldan döyüşlə azad edəcəyik. Döyüşən əsgərlərin sırasında o da olacaq. O da çox arzulayır ki, qələbə sevincini əsgər kimi yaşasın.
 Aprel döyüşləri təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu günün əsgərləri həmin o döyüşlərin qəhrəmanlarının yolunu davam etdirmək əzmi ilə xidmət edirlər. Oğlum Bayram Həmidov da onların sırasındadır. Bundan qürur duyuram. Əsgər atasıyam - qürurlanıram...
Kərim HƏMİDOV, əsgər atası, Gəncə şəhəri