Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2017 09:30

Hava məkanımızın etibarlı müdafiəçiləri

Bu dəfə üz tutduğum ünvan Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələrindən biridir. Fasiləsiz döyüş növbətçiliyi aparan bölmədə hər gün xidmətə yüksək intizamla başlanılır. Rituala uyğun olaraq döyüş tapşırığı şəxsi heyətə çatdırılır, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilir və tribunanın önündən təntənəli keçid olur. Bununla da döyüş növbətçiliyi başlayır.
Hərbi qulluqçularımızla həmsöhbət olan zaman bildirdilər ki, hava məkanımızın etibarlı müdafiəsi üçün əllərindən gələni əsirgəmir, bilik və bacarıqlarını daim təkmilləşdirir, hər döyüş növbətçiliyini uğurla həyata keçirirlər. Zabitlərdən Elnur Mikayılov, Tural Vahidov, Ruslan İsayev, Hümbət Məmmədli və başqaları şəxsi heyətin döyüş qabiliyyətinin, fiziki və mənəvi-psixoloji hazırlığının daim artırılması üçün döyüş hazırlığı planına uyğun tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdılar. Hava Hücumundan Müdafiə bölmələrində xidmət etmək hər kəsdən daha çox peşəkarlıq və sayıqlıq tələb edir. Belə ki, Hava Hücumundan Müdafiə bölmələri sülh dövründə də döyüş tapşırıqlarını yerinə yetirməklə Vətənimizin hava sərhədlərini etibarlı müdafiə edir. Bu gün silahlanmamızda olan texnikalar yüksək texniki imkanlara malikdir və düşmənin ən müasir hava hücumu vasitələrini məhv etməyə qadirdir. Bu gün əminliklə deyə bilərik ki, Naxçıvan Muxtar Respublikasının hava sərhədləri etibarlı müdafiə olunur.
"OSA 1T" zenit raket kompleksinin döyüş heyətləri ilə keçirilən dərsdə zabit Novruz Sadiqov bildirdi ki, müasir hərbi texnika ilə silahlanmış bölmələr hava məkanımızın qorunması üçün döyüş növbətçiliyinə cəlb olunublar. "Muxtar respublika ərazisinin mürəkkəb relyefli olmasına baxmayaraq "OSA 1T" döyüş maşınlarının texniki xüsusiyyətləri alçaq hündürlüklü, kiçik ölçülü, qəflətən peyda olan hədəflərin vaxtında aşkar olunmasına və məhv edilməsinə imkan verir. Heyətlərimiz dəfələrlə döyüş atışlı taktiki təlimlərdə yüksək nəticələr göstəriblər. Bu uğurlar bizi arxayınlaşdırmır, əksinə, şəxsi heyətin döyüşə hazırlığını artırmaq üçün daha da əzmlə çalışırıq. Mən də bir Vətən müdafiəçisi kimi fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət edirəm.”
Hərbi qulluqçuların dərs, məşğələ və təlimlərdə iştirakı ilə yanaşı, asudə vaxtları da səmərəli təşkil edilir, həmçinin döyüş tapşırıqlarını cəld, çevik şəkildə yerinə yetirmələri üçün fiziki hazırlıq dərsləri keçirilir. Əsgərlərin bir qrupu ilə asudə vaxtlarında həmsöhbət olub, hərbi xidmətlə bağlı təəssüratlarını öyrəndim. Kiçik çavuş Cavid Talıbov, Elxan Dadaşov, əsgərlərdən Elçin Məmmədəliyev, Bəhruz Paşazadə, İntiqam Şahtaxtinski, Orxan Məmmədov, Şadiman Səfərov və başqaları bildirdilər ki, əsas vəzifəmiz hava sərhədlərimizi etibarlı müdafiə etməkdir. Bu məqsədlə keçirilən məşğələlərdə onlar fəal iştirak edir, bilik və bacarıqlarını daim artırırlar.
Nəriman NƏCƏFOV, fotolar əsgər Rasim İSMAYILLININDIR