Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2017 16:31

İnamımız, güvəncimiz

Biz əsgərik. Vətəni qorumaq da, torpaqlarımızı işğaldan azad etmək də bizim borcumuzdur. Çox istərdik ki, qələbə sevincini əsgər kimi yaşayaq.
Əsgər olaraq hərbi nizamnamələrin tələblərinə ciddi əməl edirik, komandirlərimizin, zabitlərin bütün tapşırıqlarını, əmr və göstərişlərini böyük məsuliyyətlə yerinə yetiririk. Bilirik ki, intizam hərbi xidmət üçün başlıca şərtdir.
Döyüş hazırlığımızı müntəzəm artırırıq. Zabitlərin söhbətləri oxuduğumuz-öyrəndiyimiz bilikləri daha da dərinləşdirir ki, bu da mənəvi-psixoloji hazırlığımızda mühüm rol oynayır.
Bu günlərdə bütün hərbi hissələrdə olduğu kimi, bizim hərbi hissədə də "Açıq qapı" günü keçirildi. Müdafiə nazirimiz general-polkovnik Zakir Həsənovun əmriylə keçirilən "Açıq qapı" günü valideynlərə də, əsgərlərə də xoş ovqat yaratdı. Valideynlər oğullarının xidmət yerləri ilə yaxından tanış oldular. Bir daha əmin oldular ki, Azərbaycan Ordusunun əsgərləri üçün gözəl, nümunəvi, bəlkə də həsəd aparılası şərait yaradılıb. Həmin gün yaşlı bir kişinin dedikləri də mənim bu qənaətimin təsdiqi idi. “SSRİ Silahlı Qüvvələrində, Almaniyada xidmət etmişəm. Heç yerdə belə şərait görmədim. Çox şadam ki, nəvəm belə bir şəraitdə xidmət edir. Yaradılmış gözəl şəraitə görə Ali Baş Komandana, Müdafiə nazirinə minnətdarıq...”
Valideynlərin  hərbi hissəmizdən bu ovqatla  qayıtması biz əsgərlərin xidmətə məsuliyyətini daha da artıracaqdır.
Aprel döyüşlərini, o döyüşlərin qəhrəmanlarını unutmuruq. Heç zaman da unutmayacağıq. O döyüşlər təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Sülh danışıqları baş tutmasa döyüşəcəyik. Xalqın arzuladığı Böyük Qələbəni qazanacağıq. Ordu sıralarından qalib ordunun əsgəri kimi tərxis olunmaq istəyirik. Xalq orduya inanır, güvənir. Bu inam, bu güvənc bizi qürurlandırır.
"Açıq qapı" gününü əsgərlər də, valideynlər də böyük sevinclə yaşadılar.
Əsgər Firdovsi HACIYEV, "N" hərbi hissəsi