Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2017 16:29

“Biz tezliklə qələbə qazanacağıq!”

Asudə vaxt şəxsiyyətin hərtərəfli inkişafı, fiziki, mənəvi və estetik mədəniyyətini yüksəltmək üçün əsas vasitədir. Ona görə də bütün hərbi hissələrdə asudə vaxtı səmərəli təşkil etmək üçün məqsədyönlü işlər görülür. Əsgər yataqxanasında ideoloji otaqlar və istirahət guşələri yaradılır. Belə şərait əsgərlərin mənəvi cəhətdən kamilləşməsinə, estetik mədəniyyətinin yüksəlməsinə zəmindir. Asudə vaxt zamanı əsgərlər qəzet və jurnallardan hərbi biliklərini artırır, tariximizdən bəhs edən filmlər izləyir, dama, şahmat kimi stolüstü idman oyunları oynayırlar.
Ön xətdə yerləşən hərbi hissənin yataqxanasında olarkən asudə vaxtlarını mənalı keçirən əsgərlərlə söhbətləşdim. Yataqxanadakı səliqə-sahman, təmizlik göz oxşayırdı. İstirahət otağına üz tuturam. Əsgərlər arasında maraqlı oyun gedir. Vüsal İbrahimov ilə Əli Nəcəfov şahmat, Ceyhun Allahverdiyev və Osman Osmanov isə dama oyununda qalib adı uğrunda mübarizə aparırlar.
Şahmat oyununda cüzi üstünlüklə qalib olan Əlini təbrik edirəm. O, hərbi xidmətə Hacıqabul rayonundan çağırılıb. 14 aydır xidmətdə olan əsgər Nəcəfov burada üstün keyfiyyətlərə yiyələndiyini deyir. "Hərbi xidmət məni qorxmaz, mərd, cəsur döyüşçü kimi formalaşdırıb. Peşəkar komandirlərimizdən döyüş hazırlığı, silahlar haqqında biliklər öyrənirəm. Sosial-məişət şəraitimizin qaydasında olması uğurlu xidmətimiz üçün zəmin yaradır. Heç bir çətinlik çəkmədən ordumuza layiqli xidmət aparıram", - əsgər deyir.
Silahdaşının əlini sıxaraq onu təbrik edən əsgər İbrahimov da fikirlərini bölüşür:
- Asudə vaxtlarımızda Əli ilə tez-tez şahmat oynayırıq. Hər ikimiz də bu oyunu sevirik. Hərdən o, hərdən də mən qalib gəlirəm. Əlbəttə, bu bir oyundur. Bizim qarşımızda isə daha vacib olan nümunəvi xidmət etmək, Vətən torpaqlarına keşik çəkməkdir. İşğalçıları torpaqlarımızdan qovub çıxarmaqdır.
Əsgəri xidmətə Zaqatala rayonundan çağırılan Osman Osmanov isə dama yarışının qalibi olur. Osman asudə vaxtlarını səmərəli keçirtmək üçün hərbi hissədə hər cür şərait yaradıldığını deyir. "Bizim üçün yaradılan şəraitdən çox razıyam. Bilikli, bacarıqlı və tələbkar  komandirlərimiz bizə həm hərbi biliklər öyrədir, həm də yüksək qayğı göstərirlər. Hər birimiz torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə atılmağa hazırıq. Ata-baba ocaqlarımızı düşmən tapdağından qısa zamanda azad edəcəyik. Biz tezliklə qələbə qazanacağıq!"
Söhbətə Ceyhun Allahverdiyev qoşularaq qələbə sevincini döyüş meydanında düşmən üzərində birlikdə yaşamağı arzu edir.
- Aprel döyüşlərində bütün dünyaya sübut etdik ki, erməni əsgərlərindən daha güclüyük. Sülh yolu ilə torpaqlarımızı geri qaytarmasalar, müharibə yolu ilə qaytarmaq gücünə qadir olduğumuzu hər kəs gördü. Mən arzu edirəm ki, tez zamanda Şuşaya sancılan Azərbaycan bayrağının kölgəsində böyük qələbəmiz münasibətilə bir-birimizi təbrik edib deyək ki, Azərbaycan Ordusu qalib gəldi!
Əsgərlərimiz arasında mehribanlığı, səmimiyyəti, Vətən sevgisini hiss etdim. Gözlərində düşmənə qəzəbin alovlandığını gördüm. Bir daha əmin oldum ki, Qarabağ həsrəti ilə xidmət edən bu igid oğullar  tezliklə düşmən üzərində qələbə qazanaraq xalqımızı sevindirəcəklər...
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR