Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2017 16:27

Erməni tarixçi soyqırımı iddialarını və “erməni böyüklüyü” mifini darmadağın etdi

Bu yaxınlarda erməni əsilli tarixçi, siyasi ekspert Filipp Ekozyantsın sosial şəbəkələrdən birində paylaşdığı "Erməni köçü" adlı videorolik geniş mənada əks-səda doğurdu.
Ekspert etiraf edir ki, tarixi hadisələri saxtalaşdırmaqla erməni xalqını real dünyadan kənarda saxlamağa çalışırlar və virtual dünyaya köçürmək istəyirlər. "Soyqırımı" anlayışının 20-ci əsrin 40-cı illərində ortaya çıxdığını bildirən tarixçi alim  bildirir ki, ermənilərin "qondarma soyqırımı" iddiası cəfəngiyyatdan başqa bir şey deyildir.
Ekspert hesab edir ki, erməni xalqı illərdir "soyqırımı" xülyasına özü inanıb, digər xalqları da inandırmaq xətrinə dünyada veyillənir: "Bu mənada genosid sözü hərfi mənada bizimlə qovuşub. O, hər bir erməni ailəsinin üzvü olub, icazəsiz və çəkinmədən bizim qəlblərimizdə yuva salıb və bizim xalqın həyati şirələrini oradan sorur. Biz qapalı, qəzəbli, kinli olmuşuq və uydurduğumuz dünya ürəyincə olmayan hər kəsi məhv etməyə hazırıq".
Tarixçi alimin söylədikləri bir həqiqətdir və işğalçı ölkənin ekspertləri də təsdiqləyirlər ki, bu proses "təhlükəli mərhələyə qədəm qoyub". Əslinə qalsa, bu xalqın hərəkətlərinin hər zaman təhlükəli mərhələdə olmasını, ermənilərin fırıldaqçılıqdan, saxtakarlıqdan və günahsız adamları qırmaqdan başqa silaha malik olmamasını bir çox tanınmış şəxsiyyətlər - U.Çörçil, A.S.Puşkin, alman səyyahı Alfred Karte, İ.Çavçavadze, Korneli Tatsis, V.Veldişko, Qriboyedov, Nekrasov və başqaları da öz xatirələrində bildiriblər.
Hər zaman ermənilər tarixi saxtalaşdıraraq sübut etməyə çalışırlar ki, guya onlara qarşı törədilmiş "soyqırımı" nəticəsində 1,5 milyon erməninin qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə Türkiyə və Azərbaycana qarşı şər-böhtan kompaniyası aparır, bu iddianın həqiqət olduğunu dünya ölkələrinə, nüfuzlu ictimai-siyasi təşkilatlara sırımağa çalışırlar. Qeyd edək ki, ermənilərin soyqırımına məruz qalmaları haqqında dünya dövlətlərinin arxivlərində heç bir tarixi sənəd yoxdur. İllər ərzində dəfələrlə arxiv sənədlərinin araşdırılması, faktların ortaya çıxarılması barədə erməni dövlətinə müraciətlər edilsə də, onlar bu məsələ ilə bağlı həqiqətdən yayınmaq mövqeyi tutublar. Çünki hər zaman onların iddia etdiklərinin əksi baş verib.  Belə ki, onların havadarlarının dəstəyi  ilə türklərə, azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin - soyqırımlarının, terror aktlarının, vandalizmin və s. dünyada misli-bərabəri olmayıb.
Siyasi ekspert onu da etiraf edir ki, erməni xalqı əsası olmayan iddialarla "tullantıya" çevrilib: "Qonşu xalqlara, xüsusən də türk xalqına qarşı özümüzün sürrealist tələblərimiz və iddialarımızla biz öz coğrafi əhatəmizdə bioloji izqoya (tullantı - red.) çevrilmişik. Və biz heç cür anlaya bilmirik ki, həm bizim "soyqırım" anlayışının yaradıcıları, həm də qonşulara qarşı mənəvi, tarixi və ərazi iddialarının təşkilatçıları - hansılar ki, çox gözəl şəkildə erməni xalqının qurbanlıq obrazını tərənnüm edirlər - əslində, bizim amansız və məkrli düşmənlərimizdir".
Bəli, erməni xalqının amansız və məkrli bir düşməni var - cinayətkar Ermənistan hakimiyyəti. Onların Xocalıda, Qaradağlıda, Ağdabanda və digər yaşayış məntəqələrində sələflərinin cinayətkar fəaliyyətinin davamı olaraq törətdikləri soyqırımlar, qətliamlar tarixin səhifəsindən heç vaxt silinməyəcəkdir. Dağlıq Qarabağ  və onun ətraf bölgələrində törədilmiş qanlı cinayətlər tarixi keçmiş deyil, artıq bugünkü reallıqdır. Bu cinayətlər nəticəsində Dağlıq Qarabağ və onun ətraf rayonlarında minlərlə dinc əhali qətlə yetirilib.
Açıq-aydın görünür ki, Serj Sarkisyanın həyata keçirdiyi siyasət yarıtmazdır. Erməni ekspertlər onu da israrla vurğulayırlar ki, ölkənin beynəlxalq aləmdən təcrid olunmasının əsas səbəbi İrəvanın yanlış xarici siyasətidir. Bu, maraqlı məqamdır, çünki indiyə qədər ermənilər bütün bəlaların baiskarı kimi Azərbaycan və Türkiyəni ittiham edirdilər. Görünür, artıq həqiqəti etiraf etmək vaxtı çatıb. Bir çox siyasi ekspertlər, o cümlədən erməni ekspert Akop Badalyan hesab edir ki, Azərbaycanın xarici siyasətdə qazandığı nailiyyətlər Ermənistan rəhbərliyini hakimiyyətdə qalmaq üçün müxtəlif vasitələrə əl atmağa təhrik edir.
Ermənistandan fərqli olaraq beynəlxalq hüquq normalarına, demokratik dəyərlərə üstünlük verən Azərbaycan dövləti düzgün xarici siyasət yürüdür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət hesabına uğurlu və sürətli inkişaf yolundadır. Azərbaycanın inkişaf səviyyəsi Ermənistanın inkişaf səviyyəsi ilə müqayisəedilməzdir. Bu onu sübut edir ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində gec-tez işğal altında qalan torpaqlarımız geri qaytarılacaq, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunacaq.
Ancaq video-çarxının sonunda Filipp Ekozyants erməni xislətini ortaya qoyur. Belə ki, ekspert hesab edir ki, digər bütün xalqlar kimi onların da qədim keçmişi var: "Mən dəfələrlə təkrar eləmişəm və yenə təkrar edirəm: bizim güclü dövlətimiz olub. Onun adı Osmanlı İmperiyasıdır. Və biz orada erməni etiqadlı osmanlılar olmuşuq. Bizim heç bir başqa dövlətimiz gerçəkdə mövcud olmayıb. Varisi yalnız erməni xalqı olan dövlət də yüz faiz olmayıb. Mən yalnız təsdiqlənmiş və sizə məlum olan faktlara əsaslanaraq öz keçmişimiz haqda həqiqəti daha ətraflı şəkildə təqdim edəcəyəm".
Əslində, Ermənistanın bütün "tarixi" və "tarixi iddiaları" - "Böyük Ermənistan", "Erməni soyqırımı" və s. yalanlar üzərində qurulub. Halbuki, dünya tarixşünaslığında erməni adlandırdığımız hayların tarixi qədər qarmaqarışıq və saxta tarixə rast gəlmək mümkün deyil.
Ermənilərin kütləvi surətdə indi Ermənistan adlanan əraziyə İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra imzalanan Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin şərtlərinə əsasən, İran və Türkiyədən köçürüldüyünü nəzərə alaraq belə qənaətə gəlmək olar ki, indiki Ermənistan Respublikasının ərazisinin və onun paytaxtı İrəvanın ermənilərə heç bir aidiyyəti yoxdur.
Təəssüf ki, Ermənistan bu gün də qondarma "erməni soyqırımı" cəfəngiyyatını gündəmdə saxlayaraq işğalçılıq siyasətini davam etdirməkdədir. Görünür yalnız bir yolla - müharibə yolu ilə tarixi ədaləti bərpa etmək olar. Bu tarixi ədaləti də xalqımız, dövlətimiz, Azərbaycan Ordusu bərpa edəcək.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"