Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2017 16:24

Tankçıların uğurları

Bu il iyulun 29-dan avqustun 12-dək Rusiya Federasiyasının Alabino təlim mərkəzində keçirilən Beynəlxalq Ordu Oyunları çərçivəsində 19 ölkədən 57 tank heyətinin iştirak etdiyi "Tank biatlonu" müsabiqəsində Azərbaycan tankçıları uğurlu nəticə göstəriblər. Yarışda Əlahiddə Ümumqoşun Ordunun tankçıları da iştirak edib. Azərbaycan Silahlı Qüvvələrini təmsil edən 3 tank heyəti sırasında Əlahiddə Ümumqoşun Ordunun tankçılarından gizir Əlikərəm Bədəlov və gizir Ceyhun Şıxzadayev də vardı. Azərbaycan tankçıları hədəfləri ustalıqla vurub, manevrləri bacarıqla keçib, yüksək idarəçilik qabiliyyəti nümayiş etdirərək 19 ölkə arasında 5-ci yerdə qərarlaşıblar.
"Tank biatlonu" müsabiqəsində yüksək peşəkarlıq göstərən Əlahiddə Ümumqoşun Ordunun tankçıları gizir Əlikərəm Bədəlov yarışa cəlb olunan şəxsi heyət arasında ən yaxşı tank komandiri, gizir Ceyhun Şıxzadayev ən yaxşı tuşlayıcı-operator seçilib. Mükafatlandırma mərasimində gizir Əlikərəm Bədəlova medal və qiymətli hədiyyə təqdim edilib.
2011-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olan Əlikərəm tank bölməsində tuşlayıcı vəzifəsini yerinə yetirib. Həmin vaxtdan Əlikərəm Bədəlovda tankçı ixtisasına maraq yaranır. Gizir Əlikərəm Bədəlov 2013-cü ildən Əlahiddə Ümumqoşun Orduda tank komandiri vəzifəsində xidmət edir. İstər əsgər kimi, istərsə də gizir kimi xidməti dövründə həmişə nümunəvi xidməti ilə valideynlərinə və komandirlərinə başucalığı gətirən Əlikərəm Bədəlov qarşıya qoyulmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirən döyüşçü kimi formalaşıb. Onun sonuncu uğuru isə “Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində təşkil olunan "Tank biatlonu" müsabiqəsində olub.
Söhbət zamanı gizir bildirdi ki, müasir tanklar ən yeni silahlarla təchiz edilmiş döyüş maşınlarıdır. "Tankların möhkəm, davamlı zirehi, güclü dizel mühərrikləri, müasir idarəetmə cihazları vardır. Bütün bunlar da tankçıları yenilməz edir. Həm də bizi yenilməz edən məşğələ və təlimlərdə qazandığımız döyüş vərdişləridir."
Digər tank komandiri gizir Ceyhun Şıxzadayev isə 1988-ci ildə Bakı şəhərində anadan olub. 2007-2009-cu illərdə əsgər kimi həqiqi hərbi xidmət keçib. Vətənə olan sevgisi və hərbi xidmətə böyük marağı onu gizir hazırlığı kursuna gətirib.  2010-cu ildən xidmətini Naxçıvan Muxtar Respublikasında davam etdirməkdədir. Xidməti dövründə müxtəlif təltiflərə layiq görülüb, "Tank biatlonu" müsabiqəsində "Ən yaxşı tuşlayıcı-operator" adına layiq görülüb.
Gizirin dediklərindən: “Döyüşdə qələbə qazanmaq üçün hər kəs öz silahını və döyüş texnikasını mükəmməl bilməlidir. Buna görə də bütün döyüş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək üçün bizə təhkim edilmiş silah və texnikanın sirlərinə yaxından bələd olur, onları saz vəziyyətdə saxlamağa çalışırıq. Rusiya Federasiyasında keçirilən “Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində təşkil olunan "Tank biatlonu" müsabiqəsində nailiyyət qazanmağımız da dərslərdə əldə etdiyimiz təcrübə sayəsində mümkün olub. Təbii ki, bütün bunlar bizi hərbi xidmətə daha da ruhlandırır.”
Beynəlxalq Ordu Oyunlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ötən ildən iştirak edirlər. Amma qısa müddətdə hərbi qulluqçularımız ən yaxşı nəticə göstərənlər sırasında olurlar. İşğalçı erməni ordusunun nümayəndələrinin də iştirak etdiyi yarışlarda bizim hərbi qulluqçularımız düşməni hər dəfə üstələyir.
Bu gün Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti də təkcə yarış və təlimlərdə deyil, real döyüşlərdə də zəfər qazanmağa hazırdır.
Nəriman NƏCƏFOV