Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2017 11:48

Vətən uğrunda canımızdan keçməyə hazırıq

Səhər saatları olmasına baxmayaraq günəş öz isti şüalarını yer üzünə saçmağa başlayıb. Gün ərzində havanın hərarətli keçəcəyi məlumdu. Havanın əlverişsiz olmasına baxmayaraq məqsədimiz Vətən keşikçiləri ilə həmsöhbət olmaq, yeni igidlər tanımaqdır. Hər dəfə ezamiyyətə yollanarkən içimi qəribə bir həyəcan bürüyür. Çünki tarix yazacaq qəhrəmanlarla görüşə getdiyimi düşünürəm. Hər dəfə də əsgərlərimizdə olan yüksək əhval-ruhiyyəni hiss edib məmnunluqla geri qayıdıram.
"N" hərbi hissəsində ilk olaraq aprel döyüşlərində iştirak edən peşəkar zabitlərimizdən biri - Seymur Həbibullahovla görüşürük. Təcrübəli hərbçi aprel döyüşləri zamanı əsgər və zabitlərimizin döyüşə mənəvi-psixoloji cəhətdən hazırlığından, qələbə ovqatında olmasından söz açır.
- Bəli, düşmən təxribatının qarşısını qətiyyətlə alan təcrübəli Azərbaycan əsgəri şanlı qələbəyə imza atdı. Lələtəpə kimi əhəmiyyətli yüksəklik işğaldan azad edildi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi dövlətimizin səyi ilə yenidən bərpa olundu. Artıq əhali öz dədə-baba yurdlarına qayıtmağa başlayıb. Xalq öz ordusuna güvənir və əmindir ki, tezliklə ərazi bütövlüyümüz tam bərpa olunacaq.
Sonra zabit Nemət Məmmədovla söhbətləşmək imkanı qazanırıq. O bildirir ki, düşmən atəşkəsi pozmaqda davam etsə də, qorxmaz Azərbaycan əsgəri onlara layiqli cavabını verir. Hər birimiz bu torpaqları müdafiə etməyə borcluyuq. Vətənini sevən, əli silah tutan hər kəs Ali Baş Komandanın döyüş əmri verəcəyi anı səbirsizliklə gözləyir. Bu gün regionda müasir silah və hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş hazırlığına malik ordumuz var. İqtisadiyyatımızda əldə olunan nailiyyətlər ordumuzun təchizatının yaxşılaşdırılmasına zəmindir. Müasir standartlara cavab verən silah-sursat, əsgər yataqxanaları, tibb məntəqəsi, əsgər yeməkxanası, sinif otaqları hərbi qulluqçularımızın ixtiyarındadır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrə göstərdikləri diqqət və qayğının nəticələri göz qabağındadır. Bu diqqət və qayğı hər bir döyüşçümüzə düşmən üzərində qələbə qazanmaq üçün stimul verir.
Qərargahdan ayrılıb döyüş postuna, gecə-gündüz Vətənimizin keşiyini çəkən qəhrəmanların yanına tələsirik. Bir qədər məsafə qət etdikdən sonra Cocuq Mərcanlı görünür. Ətrafda yurd-yuvasına qayıdan insanları, tikinti-abadlıq işləri aparıldığını görürük. Gözlərimizin gördüyü ürəyimizə təskinlik verir. Artıq sakitlikdir, kənd camaatının firavan həyatı dövlətimizin siyasəti nəticəsində bərpa olunub. Düzdür, 2016-cı ilin aprelinədək bu torpaqlara ayaq basmaq təhlükəli idi. Bildiyimiz kimi bu torpaqlar 1994-cü ilin əvvəllərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında keçirilən Horadiz əməliyyatı zamanı işğaldan azad olunsa da, strateji əhəmiyyətli yüksəkliklərin düşmən nəzarətində qalması ərazinin daim atəşə tutulması ilə nəticələnirdi. Ordumuzun şanlı qələbəsi olan aprel döyüşlərində uğurlu əks-həmlə ilə ələ keçirilən Lələtəpə yüksəkliyi bu problemi aradan qaldırdı.
Döyüş postunda ilk olaraq gizir Amid Seyfullayevlə görüşüb ön xətdə son vəziyyətlə maraqlanırıq. Düşmənin daim nəzarət altında olduğunu deyən gizir, istənilən təxribatın qarşısını almağa hazır olduqlarını bildirir.
- Minlərlə gənc hərbi qulluqçu ordu sıralarında xidmət edərək Vətəninin keşiyində durmaqdan qürur hissi keçirir. Vətəni qorumaq, Vətəni sevənlərin borcudur. Əbəs yerə ana Vətən demirik ki, Vətəni sevmək ən ülvi hissdir. Torpaqlarımız işğal altındadı. Bu bizim qaysaqlanmayan yaramızdı. Bu gün cəbhə bölgəsində xidmət etdiyim, Vətənin müdafiəsində payım olduğu üçün sevindiyim qədər, işğalda olan torpaqlarımızın azad olunmasında da payım olacağı üçün sevinirəm.
- Bu gün döyüşçü yoldaşlarımla cəbhə xəttində düşmənlə üz-üzəyik. Üzərimizə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlirik. Əsgərlərin mənəvi-psixoloji hazırlığı yükəsk səviyyədədir. Onlar istənilən an erməni qəsbkarlarına layiqli cavab verməyə hazırdırlar, - deyir gizir Amid Seyfullayev.
Gizirin bələdçiliyi ilə döyüş növbətçiliyi aparan əsgərlərimizin yanına yollanırıq. Səngərlə irəlilədikcə vətənpərvər gizir əsgərlərin Vətən sevgisindən, mənəvi-psixoloji hazırlığından söz açır. Təcrübəli əsgərlərdən olan Qasım Katibovun tezliklə xidmətini başa vurub ordu sıralarından tərxis olacağını bildirir və hər belə əsgərin onun xatirəsində silinməz iz qoyduğunu qeyd edir.
Post başçısının haqqında danışdığı əsgərlə mövqedə söhbət edirik. Tuşlayıcı əsgər Qasım Katibov Astara rayonundan hərbi xidmətə çağırılıb. 17 ayın əsgəri xidmətini başa vurmaq ərəfəsində olduğunu desə də, ürəyinin daim döyüşçü yoldaşları ilə birgə döyünəcəyini bildirir.
- Qışın qarında, yayın istisində çiyin-çiyinə dayandığım döyüşçü yoldaşlarımı heç vaxt unuda bilmərəm. Hərbi xidmət dövrü bizi dost, sirdaş etdi. Bizi bağlayan ülfət Vətən sevgisidir. Onu da qeyd edim ki, ordu sıralarından tərxis olunmağım, Vətənə olan borcumu sona yetirməyim deyil. Bundan sonra da arzumun dalınca gedəcəm - gizir olmaq istəyirəm.
Təcrübəli əsgərə bundan sonrakı həyatında uğurlar arzulayaraq səngərlə növbəti mövqeyə irəliləyirik. Atıcı əsgər Taleh Məmmədov diqqətlə düşmən tərəfi nəzarətdə saxlayır. Göygöl rayonundan hərbi xidmətə çağırılan əsgər də başqa yoldaşları kimi ön xətdə xidmətdən qürur duyduğunu bildirir.
- Gənc əsgər hazırlığını bitirdikdən sonra postda xidmət edirəm. Döyüşçü kimi silahların taktiki-texniki xüsusiyyətlərini tam öyrənmişəm. Həm də dözümlü olmağı, qorxmazlığı, Vətən və ana sevgisini dərindən dərk etmişəm. Kimisi üçün bu kəlmələr sadəcə söz ola bilər, amma bizim üçün həyata, canımıza bərabərdi. Vətən uğrunda hər an canımızdan keçməyə hazırıq. Bu yolda şəhidlik nəsibimiz olsa, ruhumuz göylərdə, nəşimiz üçrəngli bayrağa bürünmüş şəkildə çiyinlərdə dolanacaq. Dillərdə əzbər, dastanlara mövzu olacağıq. Çünki bizlər Vətən uğrunda can əsirgəməyən, Qarabağ uğrunda mübariz döyüşçülərik.
Talehin söhbətindən təsirlənirik, adam qürur duyur ki, belə vətənpərvər oğullarla tanış olmağa imkan tapırsan. Növbəti mövqelərin birində isə sərt baxışlı əsgər Elnur Cəfərovla rastlaşırıq. Pulemyotçu əsgərin 14 aydır hərbi xdimətdə olduğunu, döyüş vərdişlərinə tam yiyələndiyini öyrənirik. "Hərbi xidmət sənə nə verib?" sualına əsgər belə cavab verir.
- Şaxtalı-boranlı qış günündə gecənin zülmətində döyüş növbətçiliyi aparmaq adamdan cəsarət, qorxmazlıq tələb edir. Başının üstündə qaranlıq səma, üzərinə yağan qar, əynində hərbi forma, əlində silah və qarşında düşmən. O an keçirdiyin qüruru, fərəhi sözlərlə ifadə etmək çətindir. Hərbi xidmət mənə də döyüş əzminin, əsgəri dostluğun nə demək olduğunu, Vətən uğrunda mübarizə aparmağın sirlərini öyrətdi. Mənim fikrimcə, insanın ürəyində Vətən sevgisi olmasa, cəsur döyüşçü ola bilməz.
Ağstafa rayonundan hərbi xidmətə çağırılan əsgər Ziya Əsədov isə deyir ki, postda hər kəs qardaşın, silahdaşındır. “Azərbaycan xalqı, analarımız, bacılarımız əmin olsunlar ki,  onları göz bəbəyimiz  kimi qoruyuruq. Vətənimin hər qarışını düşməndən azad etmək üçün son nəfəsimədək döyüşməyə hazıram.”

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR