Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2017 10:23

“Seçdiyim peşəyə ürəkdən bağlıyam”

Yay fəslini yaşayırıq. Al-əlvan rəngə boyanan təbiət, rəngli çiçəklər, quşların cəh-cəhi, dadlı meyvələri ilə seçilir, bu fəsil. Yay həm də qızmar istilərin fəslidir. Qızmar günəş şüalarından qorunmaq üçün meşədə, dənizdə, çay kənarında doyunca dincəlmək keçir könlümüzdən. Lakin bu yerlərdə nə meşə var, nə də ki, ləpələnən dəniz... Bura düzənlikdə yerləşən bir hərbi hissənin ərazisidir.
Müqəddəs sıra meydanında əsgərlərinə ordu həyatının sirlərini aşılayan gənc bir zabitlə tanış oluram. Bütünlükdə ömrünü seçdiyi müqəddəs peşəyə həsr edib.
Sıra məşğələsini izlədikcə düşüncələrimdə zabitə böyük rəğbətim yaranır. Sıra hazırlığının sirlərini  öyrədən zabit, əsgərlərlə bir yerdə lazım olan hərəkətləri yerinə yetirir.
Əslən Sumqayıtdan olan baş leytenant Ramin Bədəlov 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. Düşmənlə təmas bölgəsində yerləşən bu hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edir. Hərbçi peşəsinə onu hansı arzunun gətirdiyini öyrənirəm. Atası və əmisinin də hərbçi olduğunu deyən gənc zabit sözə başlayır:
- Atamla əmimin hərbçi olması ürəyimdə hərb peşəsinə sevgini hələ uşaq yaşlarımda yaratmışdı. Sonra böyüyüb orta məktəbə getdim. Böyüdükcə atamgildən, yaşlılardan ermənilərin torpaqlarımıza basqınları barədə çox eşitdim, öyrəndim. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman oğullarımızın, vəhşiliklə qətlə yetirilən ana-bacılarımızın intiqam hissi məni hərbçi olmağa sövq etdi.  Yetkin yaşıma çatdıqda atama dedim ki, mən də hərbçi olub ermənilərdən qisas alacam. Körpələrimizi, yaşlılarımızı qadın-kişi demədən qətlə yetirən erməni dığalarını torpaqlarımızdan qovacağam. Torpaqlarımızı işğaldan azad etmək üçün döyüşəcəm. Bu qərarıma atam çox sevindi. Tez telefonu götürüb əmimə zəng vurdu və sevincini onunla bölüşdü. Hər ikisi mənə böyük mənəvi dəstək olaraq dedilər ki, "oğul, çox düzgün seçim etmisən. 90-cı illərdən fərqli olaraq artıq bizim nizami, maddi-texniki təminatı yüksək, regionda sözünü deyən ordumuz var. İnşallah, tezliklə səni bu şanlı ordunun sıralarında görərik".
...Ulu Öndərimiz Heydər Əliyevin bir sözünü xatırlayıram: "zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır". Ramin də bu müqəddəs vəzifəni daşıyan gənclərdəndir. Zabit ailəsində böyüyüb və ata yolunun davamçısı olub. Çətin, amma şərəfli peşə seçib. Vətəni ana qucağı, səngərləri doğma ev, Vətən daşını yastıq edib özünə. İlk gündən özünə söz verib ki, savadlı və bacarıqlı zabit olacaq, torpaqlarımıza göz dikən düşməndən qisas alacaq.
O, söhbətinə davam edərək zabit peşəsinin çətin, lakin şərəfli olduğunu bildirir. "Zabit peşəsi çətin peşədir. Yaxınlarından, sevdiklərindən uzaq düşürsən. Onlar toyda, nişanda vaxt keçirəndə sən döyüş postundasan. Sən canını düşmənə sipər edirsən. Arxada isə, sənin xalqın dayanır. Körpələrin, yaşlıların, ata-anaların, bacı-qardaşların dayanır. Və yaxınlarından biri ilə danışdıqda sənə deyir ki, “biz sizlərə güvənirik, Allah sizi qorusun, siz orada olmasanız, biz burada rahat-firəvan yaşaya bilmərik”. Bu sözləri eşitdikdə xalqın güvənci olmağından fərəhlənir, seçdiyin peşə ilə qürurlanırsan.
Gənc zabitin aprel döyüşlərinin də iştirakçısı olduğunu öyrənirəm.
“Aprel döyüşlərində Tapqaraqoyunlu, Talış istiqamətində bir neçə gün davam edən döyüşlərdə düşməni məğlubiyyətə uğratdıq. Lakin düşmənə olan qəzəbim, nifrətim azalmır. Çünki, hələ yağıların tapdağında torpaqlarımız var”.
Qoy düşmən bilsin ki, Azərbaycan Ordusunun Ramin kimi vətənpərvər, bacarıqlı zabitləri var. Və bu oğullar döyüş meydanında son damla qanına qədər vuruşan igidlərdir.
Gənc zabit üzərinə düşən vəzifələrdən danışır. Şəxsi heyətin yüksək əhval-ruhiyyədə xidmət etdiyini, nizam-intizamlı, bacarıqlı əsgərlər olduğunu vurğulayır. O, əsgərlərindən danışarkən düşüncələrə dalır, öz komandirindən söz açır. "Hərbi liseydə kursant olarkən tabor komandirimi - zabit Mübariz Rzayevi özümə ideal seçdim. Mən də onun kimi tələbkar, ədalətli, qayğıkeş, vətənpərvər zabit olacağıma söz verdim. Və bu gün əsgərlərimi yüksək döyüş ruhunda tərbiyə etmək, Vətənimizə sədaqətlə xidmət edən döyüşçülər kimi yetişdirmək üçün bütün biliklərimi səfərbər edirəm", - deyir Ramin.
Danışdıqca simasında sevinc və həyəcan əks olunur.  “Seçdiyim peşəyə ürəkdən bağlıyam”, - deyən zabitin qürurlu baxışları da sübut edir ki, zabit peşəsi doğrudan da ən müqəddəs peşələrdən biridir. Çünki, bu peşənin sahibləri Vətəni son nəfəslərinədək qoruyur, ona ürəkdən bağlanırlar. Bu igid oğullar Vətənin hər qarış torpağı uğrunda canları bahasına döyüşə atılmağa hər an hazırdılar.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR