Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2017 10:22

Qüdrətli ordumuzun gələcək zabitləri

Azərbaycanda gənclərin hərbi peşələrə marağı ildən-ilə artır
Mustafa Kamal Atatürk deyirdi ki, "sülh istəyən xalq hərbə hazır olmalıdı". Çox dəyərli kəlamdır. Xalqımız müharibə arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarıdır. Lakin ərazi bütövlüyümüzə yönələn istənilən qəsdin qarşısını almağa hər an hazırdır. Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvələrdəndir. Ordunun gücünü şərtləndirən əsas amillərdən biri isə təcrübəli zabitlərdir. Əsas mahiyyəti Vətəni qorumaqdan ibarət olan zabit peşəsi müqəddəs peşələrdən biridir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi neçə illərdir ki, ordumuza layiqli zabitlər hazırlayır. Kursantlar tədris ilinə başlamazdan öncə təlim keçirlər. Məktəb rəisinin şəxsi heyətlə iş  üzrə müavini polkovnik-leytenant Mikayıl Hüseynov bildirdi ki, bu sahəni seçən gənclərimizin sayı ilbəil artmaqdadır. "Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrlə yanaşı ordu quruculuğuna olan diqqət, qayğı və bu sahədə həyata keçirilən islahatlar da göz önündədir. Ürəyi Vətən, millət, bayraq, torpaq sevgisi ilə döyünən gənclərimiz böyük həvəslə zabit peşəsini seçirlər. Silahlı Qüvvələrimizin bacarıqlı zabit kadrları ilə təmin edilməsi üçün hazırda məktəbimizdə bütün imkanlar mövcuddur".  
Ümummilli liderimiz Heydər Əliyevin gələcəyimizin etibarlı təminatçılarına xitabən dediyi "Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir" kəlamını xatırlayıram. Müasir gənclərimiz də öz üzərlərinə düşən vəzifəni dərk edir və seçdikləri peşələrə daha dərindən yiyələnməyə çalışırlar.
Təlimi izləməkdə mənə yardımçı olan polkovnik-leytenant Malik Ramazanov bir zamanlar bu təhsil ocağının kursantı olub. Ön cəbhədə xidmət etmiş zabit qeyd etdi ki, bu gün gənclərimiz vətənpərvər, Vətənə sədaqət ruhunda  formalaşırlar. "Burada dərslər döyüş yolu keçmiş təcrübəli zabitlər tərəfindən tədris olunur. Bununla  bərabər çöl çıxışları da olur. Çöl çıxışlarında kursantlar nəzəri biliklərini praktik sınaqdan çıxarmaq imkanı qazanırlar. Ən ümdə vəzifəmiz ordumuza bilikli, peşəkar, vətənpərvər zabitlər hazırlamaqdır...". 
Taqım komandiri baş leytenant Təbriz Müslümov kursantlara "Silahsız və silahla sıra üsulları" mövzusunu növbəti məşğələdə izah edirdi. Bacarıqlı hərbçi sıra hazırlığı üçün əhəmiyyət kəsb edən  vərdişləri gələcəyin zabitlərinə aşılayırdı.
Sırada hərəkət qaydalarını isə digər taqım komandiri leytenant Tural Əsgərov səbrlə kursantlara başa salırdı. Sıra duruşu, yerində dönmə, sıradan çıxma və rəisə yaxınlaşma əyani şəkildə göstərilirdi.   
Fasilə vaxtı bir qrup kursantla onlara hərb sənətini sevdirən səbəblər haqqında söhbətləşdik.
Mehman Eyniyev Cəlilabad rayonunun Göytəpə kəndində anadan olub. İlk hərbi təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə alıb. Uşaq yaşlarından vurğunu olduğu qəhrəmanlıq mövzusunda olan filmlərə, xüsusən də iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında çəkilən filmə həvəslə baxardı. Ön cəbhədə xidmət edən qardaşıyla bağlı xatirələrini bölüşən Mehman zabit kimi xidmətə başlayacağı günü səbrsizliklə gözləyir.
Heydər Əliyev adına Hərbi Liseyin məzunu olan Zəka Həsənovun atası müharibə veteranıdı. Babək rayonunun Sirab kəndindən olan kursant deyir ki, oxuduğu orta məktəbdə hər il Xocalı faciəsinin anım tədbiri keçirilirdi. "Müəllimimiz faciə haqqında geniş məlumat verəndə, körpə şəhidlərimizin şəkillərinə baxanda dişimi dodaqlarıma sıxırdım. Özümə söz verirdim ki, şəhidlərimizin qisasının alınmasında mən də iştirak edəcəm. Həm də Azərbaycan zabiti kimi..."...
- Daim düşünmüşəm ki, insan gözlərini həyata Vətən sevgisiylə açır. Zaman keçdikcə bu sevgi daha da müqəddəsləşir, - deyən Emil Salahov da öz fikirlərini bölüşür:
- Gözümü açandan hərbi forma   görmüşəm. Vətən sevgisini ilk dəfə ailəmizdə öyrənmişəm. Yaxınlarımın əksəriyyəti hərbçidi. Məndən "Kim olacaqsan?" soruşanlara həmişə "General olacam" deyərdim...
Vətənpərvər gəncin səsindən arzularını həyata keçirəcəyinin qətiyyətini hiss edirəm.
Aqil Hüseynov isə Kürdəmir rayonunda şəhid Rüstəm Quliyevin adını daşıyan orta məktəbi bitirib. Vətəninə, millətinə layiqli övlad olacağına da elə həmin şəhidin xatirə lövhəsi qarşısında söz verib.
Rüfət Abdullayev də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarındandır. Atasının ən həssas, dönməz arzusu övladını zabit formasında görmək idi. Ona görə də Rüfətin bu seçimi hamıdan çox atasına sevinc yaşatmışdı. 
Atası, əmisi və qardaşı hərbçi kimi xidmət edən Adil Əliyev Naxçıvanda dünyaya göz açıb. Aprel hadisələri zamanı Heydər Əliyev adına Hərbi Liseydə təhsil alan gənc "O günlərdə biz də kursant mundirimizi döyüşçü formasına dəyişməyə hazır idik..." - deyir. 
Söhbətimizi diqqətlə dinləyən Araz Qarayev Ağdam rayonundandır. Ərazilərimizin, yaşayış məntəqələrimizin mütəmadi olaraq düşmən tərəfindən hədəf seçildiyini görə-görə böyüyüb. Və buna görə də intiqam hissi qəlbinə hakim kəsilib. "Azərbaycanlıyam deyən hər bir kəsin birinci vəzifəsi Vətənini sevmək, onu qorumağa hazır olmaqdı..." - düşüncəsiylə yaşayır.
Söhbətə qoşulan Kamal Məmmədov bildirdi ki, bir hərbçi qohumumgilə hər dəfə gedəndə onun hərbi formasını geyinib, güzgü qarşısında dayanardım. "O anlarda ürəyimdən nələr keçməzdi, nələr. Xəyallarımın ilk sevincini Ulu Öndərimizin adını daşıyan Hərbi Liseyə daxil olanda yaşadım." 
Mirqəfər Cabbarlı dedi ki, Neftçala rayonunun Bankə qəsəbəsində boya-başa çatıb. Həmin qəsəbənin yaxınlığında Seyidlər qəbiristanlığı adlanan ərazidə on turk əsgərinin məzarı və xatirələrinə ucaldılan abidə var. Onlar 1918-ci ildə ermənilərin xalqımızın başına gətirdiyi dəhşətlər zamanı köməyə gələn Nuru Paşanın qəhrəman əsgərləridi. Hər il bu abidə ziyarət olunur, xalqımız öz xilaskarlarına ehtiramını bildirir. Belə tədbirlərin birində iştirak edən məktəbli Mirqəfər də zabit olmağı düşünür...
Həmyerlisi, Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovu da ehtiramla xatırlayan müsahibim "əzəli torpaqlarımız azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq" sözlərini qətiyyətlə söylədi. 
Fərhad Əliyevdə də bu peşəyə sevgi uşaq yaşlarından yaranıb:
- Hərbi peşə insandan fiziki hazırlıq, nizam-intizam, dövlətə, Vətənə sədaqət, mərdlik, qəhrəmanlıq, mətinlik tələb edir. Qardaşım da zabitdir. Hərb sənətinə, formaya olan sevgimi heç nə ilə müqayisə edə bilmərəm.
Bəli, bu gün cəmiyyətimizdə Vətənimizin parlaq gələcəyində rolunu dərk edən mübariz nəsil yetişir. Bu gənclər də Azərbaycanın layiqli zabitlərinin sıralarına qoşulacaqları günün həsrəti ilə yaşayırlar.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"