Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2017 10:12

İstehkamçılar döyüş vərdişlərini artırırlar

Ordu müqəddəs və şərəfli bir vəzifəni həyata keçirir. Hər bir müstəqil dövlət mövcudluğunu, təhlükəsizliyini məhz Silahlı Qüvvələr vasitəsilə təmin edir. Elə bir dönəmdə yaşayırıq ki, ordumuz xalqın və dövlətin yükünü çiyinlərində daşımaq məsuliyyətini üzərinə götürüb. Bu gün əminliklə deyə bilirik ki, üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələn ordumuz var. "N" hərbi hissəsinin mühəndis istehkamçılarının həyata keçirdiyi təlim taktiki məşğələsində gördüklərimiz də bunları deməyə əsas verir. Hərbi hissənin döyüş fəaliyyəti ilə yaxından tanışlığımız maneəqurma bölüyünün şəxsi heyətinin növbəti məşğələsindən başlayır.
Kapitan Fərid Əliyevlə birlikdə şərti düşmənin mina sahəsindən keçidlərin açılması məşğələsini izləyirik. Zabit mövzunun mahiyyətini açıqlayaraq qeyd edir ki, məqsədimiz gecə vaxtı mürəkkəb əməliyyat şəraitində mina sahəsindən keçidlərin açılması ilə bağlı əsgərlərin bacarığını və taqımların idarə edilməsini praktiki fəaliyyətdə yoxlamaq, şəxsi heyətin döyüşə hazırolma vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirməkdir. Eyni zamanda məqsədimiz qarşıya qoyulan tapşırıqları yerinə yetirən zaman hərbi qulluqçuların mənəvi-psixoloji dözümlülüyünü artırmaqdır.
Söhbət əsnasında öyrənirəm ki, təlim zamanı maneəqurma bölüyünün şəxsi heyətinin qarşısına iki tapşırıq qoyulur. Birinci tapşırıq, qarşı tərəfdən hücumun qarşısını almaq məqsədilə lazımi mövqelərə minaların qurulmasından ibarətdir. İkinci tapşırıq isə bölmələrimiz hücum edərkən düşmənin mina sahəsindən keçidlərin açılmasını təmin etməkdən ibarətdir.
Bölük komandiri ilə birlikdə şəxsi heyətin həyata keçirdiyi ikinci tapşırığı izləyirik. Şəxsi heyət tədris vəsaitlərindən istifadə etməklə şərti düşmənin ərazisinə doğru irəliləyir. Döyüş vəziyyətində olan şəxsi heyətin arasında vəzifə bölgüsü aparıldığı açıq-aydın görünür. Öndə olan baş istehkamçı qarşıya çıxan OZM, POMZ, idarəolunan mina kimi maneələri aşkar etdikdə əlində olan qarmaq vasitəsilə onları zərərsizləşdirir.
Baş istehkamçıdan arxada gələn ikinci və üçüncü heyət üzvü əlində olan mina axtaran cihazla qarşısında basdırılmış piyada və tank əleyhinə minaları aşkar edir, tapdığı minaların yanına mina işarəsi yazılan bayraqları basdırır. Həmin heyət irəliləməklə özündən sonra gələn heyətin də irəliləməsinə şərait yaradır. Digər heyət üzvləri isə mina sahəsinin keçidini nişanlayır, zolaq yaradır. Sonda heyətin 6-cı üzvü standart yol nişanlarını yerə bərkidir.
- Zolaq ona görə yaradılır ki, şəxsi heyətin həmin zolaq vasitəsilə irəliləməsi təmin olunsun, - deyə bölük komandiri bildirir. - Nişanlar isə avtomobillə, yaxud da piyada hərəkət edən bölmələrimizin təhlükəsizliyini təmin edir. Bölmələrin şəxsi heyəti onlar üçün ayrılan rəngi götürərək keçid açılan istiqamətdə hərəkət edir. Komandir isə bütün bu prosesi diqqətlə izləyir. Onu da demək istəyirəm ki, bir neçə saat ərzində xeyli məsafəni minalardan təmizləmək mümkündür.
Bölük komandiri onu da qeyd etdi ki, sonda bütün heyət təhlükəsiz məsafəyə çəkilir və partlayış həyata keçirilir. "Həmin partlayışdan dərhal sonra bölmələrimiz də hücuma keçib düşməni məhv edirlər".
“Mina sahəsindən keçidlərin açılması zamanı şəxsi heyətdən hər hansı özəllik tələb olunurmu” sualına cavab olaraq həmsöhbətim bildirdi ki, gecə vaxtı səssizliyə mütləq riayət olunmaldır: "Bundan başqa hər hansı bir işıq yaradan vasitələrdən istifadə olunması qadağandır. Həmçinin qarşıda hər hansı tanınmamış mina aşkarlanarsa, həmin vaxt heyət üzvləri özünü itirməməli, ərazini nişanlamalıdır. Arxada gələn növbəti heyət isə onu aşkarlayıb üzərinə tratil qoymaqla məhvinə nail olmalıdır. Keçirilən təlim taktiki məşğələ şəxsi heyətdə vərdişlərin formalaşması və istənilən çatışmazlığın aradan qaldırılmasına xidmət edir".
Təlim meydançasında, həmçinin piyada əleyhinə minalanmış sahələrdən keçidlərin açılması üçün nəzərdə tutulmuş müasir mühəndis-silahlanma vasitəsilə keçidaçma prosesi də həyata keçirilirdi. Bölük komandiri ilə birlikdə həmin qurğunun yerləşdiyi yerə yaxınlaşırıq.
Əsgər Abdulla Əsədli qurğu haqqında onu bildirdi ki, manqanın düşmən üzərinə keçidini təmin emək üçün cığır açmaq vasitəsidir. Qurğu atış zamanı qarşısına çıxan, əsasən piyada əleyhinə minaları və yerdən olan yüngül partlamayan maneələri məhv etməklə keçid açır.
- Açdığı keçiddən istifadə edən şəxsi heyət düşmənin üzərinə hücuma keçə bilir, - deyə əsgər İbadulla Zeynalov söylədi. - Bütün gördüklərimizi nəzəri baxımdan öyrənir və praktiki baxımdan tətbiq edirik. Əldə etdiyimiz təcrübə tezliklə döyüş meydanında gərəyimiz olacaq.
Söhbətə təcrübəli əsgər Kamandar Nadirov da qoşuldu və əslən Kəlbəcər rayonundan olduğunu qeyd etdi. "Bəlkə də inanmazsınız, Kəlbəcəri görmədiyimə baxmayaraq hər gecə yuxuma girir. Bu gün Vətənin keşiyində dayanmaq mənə də nəsib olub. On dörd aylıq zaman kəsiyini arxada qoymuşam. İnanıram ki, gözəl təbiəti olan Kəlbəcərimiz uğrunda döyüşmək tezliklə nəsibim olacaq. Valideynlərim qürur duyacaq ki, oğlumuz da torpaqlarımızın azad olunması prosesində iştirak edib."
Göygöl rayonundan olan Cavidan Hacıyev isə qeyd etdi ki, vacib tapşırığı yerinə yetirmək üçün hər bir əsgər hərtərəfli vərdişlərə malik olmalıdır: "Məsələn, mən zirehli texnikada operatoram. Əgər  texnika zədələnərsə, artıq istehkamçı kimi fəaliyyət göstərməyi də bacarmalıyam. Dediyim odur ki, hər bir əsgər həm də düşməni məhv etməyi düşünməlidir.
Əsgərlər Elmir Əliyev, Nəriman Hüseynzadə, Osman Məmmədov, Yaqub Muradov və Cəfərqulu Zeynalov yoldaşları ilə həmrəy olaraq bildirdilər ki, bilik, təcrübə, nizam-intizam və ən əsası Vətən sevgisi onlara qələbə əzmi aşılayır.
Qələbə çox uzaqda deyil, inancı düşüncələrimizə hakimdi. Nəhayət, tezliklə torpaqlarımızı azad edəcək, inanclarımıza işıq salacaq oğullarımıza - Yolunuz işıqlı olsun! - arzusunu diləyib onlardan ayrılırıq.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"