Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2017 09:41

“Yüksək qayğı ilə əhatə olunmuşuq”

Şəxsi heyətin sağlam mənəvi-psixoloji durumu və döyüş  ruhu qələbəni təmin edən ən başlıca amillərdəndir. Müasir dövrdə Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, yüksək sosial şərait, onların əsgəri xidmətlərini uğurla keçməsi üçün zəmin yaradır. Bu yaxınlarda cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində olarkən əsgərlər üçün yaradılmış məişət şəraitinin və sosial təminatın şahidi oldum.
Döyüş postundan hərbi hissəyə qayıdanda günəş qüruba meyillənirdi. Zabit Müseyib Zeynalov şəxsi heyətin axşam yeməyinin vaxtı çatdığını deyərək məni əsgər yeməkxanasına dəvət edir. Əsgərlərin  yeməkxana şəraiti ilə tanış olmaq və onlarla bir süfrədə əyləşmək  istəyi ilə yeməkxana növbətçisi ilə görüşürəm. Baş gizir Rəşad Məmmədzadə növbətçiliyin normal keçdiyini, ərzaq normalarına uyğun yeməklərin hazırlandığını deyir. "İstifadəmizə müasir standartlara cavab verən yeməkxana verilib. Burada əlyuma yeri, səliqəli masa-stulları olan geniş zal, yeni mətbəx avadanlıqları və s. əsgərlərə keyfiyyətli yeməklər hazırlanmasına şərait yaradır. Yeməklərin keyfiyyətinə və vaxtında hazırlanmasına ciddi nəzarət edilir. Vətən torpaqlarına keşik çəkən əsgərlərə fəsilə uyğun olaraq alma, armud, üzüm, heyva, qarpız və s. meyvələr də verilir. Bunların hamısı əsgərləri öz övladlarından ayırmayan ana əlləriylə hazırlanır" - deyir Rəşad.
Rəşadla söhbətimi yekunlaşdırıb əsgərlərlə masa arxasında əyləşirəm. Əsgərlər Fəhmin Hüseynli, Sevindik Abıyev, Səbuhi Quliyev, Natiq Museyibov və İsa Məmmədovla maraqlı söhbətimiz olur. Onların hər biri deyir ki, burada yaradılan yüksək məişət şəraiti bizdə ruh yüksəkliyi yaradır. "İsti yataq yerimizdən tutmuş qida, geyim və məişət ləvazimatlarına kimi hər şeylə təmin olunmuşuq. Ata-analrımızın ürəyi rahat olsun, biz burada yüksək qayğı ilə əhatə olunmuşuq, ana əllərindən qidalanırıq".
Səliqəli formaları ilə yeməkxananı daha da gözəlləşdirən qadın aşpazlara yaxınlaşıram. Əsgərlərə öz övladları kimi xidmət edən bu zəhmətkeş insanlardan biri - aşbaz Sevda Səfərova bildirir: "Mən uzun müddətdir ki, bu hərbi hissədə işləyirəm. Burada əsgərlər üçün hər cür şərait yaradılıb. Bizi, bütün Azərbaycan xalqını düşməndən qoruyan əsgərlərə xidmət etməkdən qürur duyuruq. Onlar bizim güvənc yerimizdir", - deyir Sevda xanım.
Yeməkxanada ürəkaçan şəraitlə tanış olduqdan sonra əsgər yataqxanasına yollanıram. Əsgərlərin asudə vaxtıdır. Kimi sinif otağında qəzet və jurnal oxuyur, kimi məişət otağında sabahkı günə hazırlaşır. Yataq otağındakı səliqə-sahman, təmizlik göz oxşayır. Bir mərtəbəli çarpayılar, pambıq yataq dəstləri, yaylı döşək, tərtəmiz dəsmallar və s. əsgərlərin sosial-məişət şəraitinin yüksək olduğunu sübut edir. Əslində düşmənlə təmas xəttində yerləşən hərbi hissədə gördüklərim ordu quruculuğunda aparılan islahatların, şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir.
Əsgərlər Sərxan İmamverdiyev və Gündüz Əliyev "Belə yüksək şəraitdə xidmət etmək, göstərilən diqqət və qayğı döyüş qabiliyyətimizə müsbət təsir edir, bizə xoş ovqat, vətənpərvərlik aşılayır. Vətənimizə layiqli xidmət etmək üçün əlimizdən gələni edirik", - deyirlər. 
Hərbi xidmətə Şirvan şəhərindən çağırılan əsgər İsa Mustafayev söhbətə qoşularaq deyir ki, 11 aydır xidmət edirəm, təminatımız yüksəkdir. “Üzərimzə təkcə bir vəzifə düşür - uğurlu xidmət etmək, komandirlərimizin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək, Azərbaycan Ordusuna layiqli əsgər olmaq”.
Hərbi hissədə şahidi olduğum şərait, əsgərlərdən eşitdiyim xoş sözlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ordu quruculuğuna diqqət və qayğısının bariz nümunəsidir. Bu qayğının nəticəsidir ki, düşmənlə təmas xəttində yerləşən bütün hərbi hissələrdə əsgərlər yüksək təminatlı şəraitdə xidmət edirlər.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR