Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2017 09:40

Ön xətdə xidmət qürurvericidir

Qızmar avqust günlərində Vətənimizin dilbər guşələrindən birindəyəm. Günəş şüaları ətrafa hakim olsa da qəlbimdəki hərarətin qarşısında acizdi. Bu enerjini torpaqdan və görüşünə can atdığım, Vətənin mərdlik, fədakarlıq, qəhrəmanlıq simvolu olan Azərbaycan ordusunun şəxsi heyətindən - əsgərlərdən alıram. İstidən cadar-cadar olan torpaq, saralmış otlar gözümdə yaşıllıq mücəssəməsi kimi canlanır.
Atılan ilk addım çətin və sevincli olur. Yaşadığım sevinci qələmə almaq, sözlə ifadə etmək mümkün deyil. Bir onu bilirəm ki, torpaqlarımızı sevincli düşüncələrlə yüksəklikdən seyr edirəm.
Birinci ezamiyyətimdir, ilk dəfə ön xəttə əsgərlərimizə baş çəkməyə gedirəm. Sürücü çavuş Natiq Tanrıverdiyevin idarə etdiyi avtomobillə irəlilədikcə yolboyu əkin sahələrini, insanları görürəm. Onların inamlı baxışlarından "Biz Azərbaycan əsgərinə güvənirik" fikirini hiss edirəm.
Üfüqdə gözəlliyi ilə insanı heyran edən, Qarabağın incisi sayılan Kiçik Qafqaz sıra dağları görünür. “Uşaqlığım həmin dağın ətəklərində keçib”, - deyə çavuş N.Tanrıverdiyev sükutu pozur.
Yenə də sükut…
Məchul sükuta daha çox ehtiyacım var. Çünki təbiətin bütün gözəlliklərini gözlərimin yaddaşına köçürmək istəyirəm.
Yaşayış məntəqələri arxada qalır. Dağın zirvəsində yerləşən postumuz görünür. Uzaqdan düşmənin bütün hərəkətlərini nəzarətdə saxlayan Azərbaycan əsgərinin görüşünə tələsirəm.
Baş leytenant Samir Mehdiyevlə birlikdə postda şəxsi heyət üçün yaradılan şəraitlə tanış oluruq. Ərazi bütövlüyümüzün və suverenliyimizin dayağı olan ordumuza xüsusi diqqət və qayğının olduğunu deyən zabit aprel döyüşlərini məhz belə diqqətin təzahürü kimi dəyərləndirir.
Bölük komandiri daha sonra postun döyüş növbətçiliyi barədə məlumat verir: "Döyüş növbətçiliyi əsasən iki hissədən ibarətdir: ayıq növbə və istirahət edən növbə. Ayıq növbə silahlanmaq, döyüş tapşırığına əsasən manqanın mövqeyində cəld atəş mövqeyini tutmaq və silahı doldurmaq, atəş sektoruna uyğun olaraq silahın həqiqi məsafəsinə yaxınlaşan düşməni komanda ilə və yaxud sərbəst məhv etmək, manqanın mövqeyini nəyin bahasına olursa-olsun əldə saxlamaq funksiyasını yerinə yetirir. İstirahət edən növbə isə döyüş tapşırığına əsasən cəld atəş mövqeyi tutmaq, atəş sektoruna uyğun  silahın həqiqi atəş məsafəsinə yaxınlaşmış düşməni komanda ilə və yaxud sərbəst məhv etmək, manqanın mövqeyini nəyin bahasına olursa-olsun əldə saxlamaq tapşırığına cavabdehdir".
Vətənin keşiyində əminliklə dayanan əsgərlərlə tanış oluram. Ordu sıralarına Şəmkir rayonundan çağrılmış əsgər Ələsgər Əliyev 16 aydır hərbi xidmətdədir. Onunla söhbətimdə bir daha əmin oluram ki, ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı düşməndən azad etməyə qadirdir: "Vətən yolunda canımızdan keçmək, şəhid olmaq şərəfdir. Ön cəbhədə xidmət keçmək, düşməni daim qorxu altında saxlamaq mənim üçün də qürurvericidir. Fəxr edirəm ki, Azərbaycan əsgəriyəm".
Əsgər Hacıəli Hacıyev hərbi xidmətə Abşeron rayonundan gəlib. 13 aydır Vətənin keşiyində dayanan əsgər son damla qanına qədər dövlətimizə, bayrağımıza, tariximizə bağlı olduğunu deyir: "Bu gün Azərbaycan və onun ordusu çox güclüdür. Artıq bunu düşmən də dərk edir. Xalqımız ordumuza güvənir və bu, bizə inam, fəxarət hissi verir".
Ağstafadan olan Əli Əsgərov söhbətə "Torpaq - uğrunda ölən varsa, Vətəndir!" sözləri ilə başlayır. Əsgər xidmət etdiyi postun, zabitlərin və əsgər yoldaşlarının onun üçün doğmalaşdığını bildirir: “Burada özümü doğma hiss edirəm.  Valideynlərim, dostlarım ön xətdə xidmət etməyimdən fəxarətlə danışırlar. Bu isə mənə daha da ayıq-sayıq olmaq, düşməni daim müşahidə etmək üçün güc verir”.
Başqa mövqedə müşahidə aparan əsgər Özəl Dünyamalıyev hərbi xidmətə Sumqayıt rayonundan çağırılıb. 13 aydır  Vətənin keşiyində dayanır. - "Vətən sevgisi ən uca sevgidir  - deyir. - Düşmənə nifrətimiz sonsuzdur. Biz torpaqlarımızı Ali Baş Komandanın əmri ilə istənilən an işğaldan azad etməyə hazırıq. Mənim və əsgər yoldaşlarımın yüksək döyüş qabiliyyəti və əhval-ruhiyyəsi var. Burada bizim üçün hər bir şərait yaradılıb. Dünyanın güclü ordularından birinin əsgəri olmağımla fəxr edirəm".
Fəxr hissi məni də bürüyür...
Söhbət etdiyim digər əsgərlərdə də özünəinam qabarıq şəkildə özünü göstərir. Bu inam güclü dövlətin, güclü ordusu olan ölkənin vətəndaşı olmaqdan, milli birliyimizdən qaynaqlanır.
Üfüqdə canımızın parçası doğma torpaqlarımız görünür.  Azərbaycan əsgərinin ayaq səslərini eşidirəm...


Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"