Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2017 09:39

Həm döyüşçü, həm də layiqli vətəndaş...

Əsgəri xidmət gənclərə hansı üstün keyfiyyətləri qazandırır? Hansı mənəvi dəyərləri aşılayır? Müstəqil həyata təzəcə qədəm qoyan gənc əsgər xidmətdə necə formalaşır, hansı vərdişlərə yiyələnir?
Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində ezamiyyətim zamanı bəzi suallara tərxis olunmağa hazırlaşan əsgərlərdən cavab almaq istədim. Bir neçə əsgərin düşüncəsini eşitdim.
Əsgər Namiq Babayev hərbi xidmətə Biləsuvar rayonundan çağrılıb, manqa komandiridir. Əvvəlcə kiçik komandir olaraq hansı işlər gördüyündən danışır. Manqanın hər an döyüş hazırlığına cavabdeh olduğunu bildirərək deyir ki, yeni əsgəri postun ərazisi ilə tanış edir, səngəri gəzdirir, düşmən mövqelərindən danışır, təhlükəli istiqamətləri, minalanmış əraziləri göstərir.
- Xidmətimi bitirib döyüş postundan ayrılacağım üçün duyğulanıram, - deyir. - Əsgər yoldaşlarım üçün darıxacam. Gəlib onlara baş çəkəcəm. Hərbi xidmət həyat məktəbidir. Təhsil aldığın orta məktəbdə biliklərə yiyələnirsən. Bu məktəb isə sənə həyat dərsi keçir. Mərdlik, qorxmazlıq formalaşdırır. Cəsur olmağı, dostluğa sadiq qalmağı, ən çətin anda belə dostunu tərk etməməyi aşılayır. Çətinliyə dözməyi, müxtəlif şəraitlərə uyğunlaşmağı bacarırsan. Düşmənini daha yaxından tanıyırsan. Vətənpərvərliyi, Vətən sevgisini səngərdə, əlin silahda, gözün düşməndə olanda öyrənirsən. Hərbi xidməti başa vurub bir arzu ilə evə qayıdırsan: döyüş əmri olan kimi geri qayıtmaq, yoldaşlarınla çiyin-çiyinə savaşa atılmaq.
Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə hərbi xidmət keçməyin vacibliyini yaxşı dərk edən igid əsgərlərdən Mirəşrəf Nəzərov və Elçin Babaşovla istirahət guşəsində görüşürəm. Onlar "Azərbaycan Ordusu" qəzetini oxuyurlar. Salamlaşdıqdan sonra əsgəri xidmətdən hansı təəssüratlarla ayrılacaqlarını soruşuram. Hərbi xidmətə Cəlilabad rayonundan çağrılan əsgər Mirəşrəf Nəzərov sözə başlayır:
- Əsgəri xidmətdən qələbə təəssüratları ilə, düşməndən qat-qat güclü olduğumuza əminliklə ayrılıram. Tez zamanda torpaqlarımızı işğaldan azad etmək üşün hərbi hissəyə qayıdaraq, xalqımıza böyük qələbə sevincini yaşadanların sırasında olmaq arzusu ilə xidmətimi başa vururam. Hərbi xidmətin mənə öyrətdiyi üstün keyfiyyətlərdən hər bir gəncə danışacağam. Vətənpərvərlikdən, Vətən sevgisindən, Vətənə sədaqətli olmaqdan, düşmənə nifrət hissindən  söz açacağam. Və bütün yoldaşlarıma deyəcəyəm ki, bizim ən birinci və ən vacib borcumuz hərbi xidmət keçmək, bacarıqlı və cəsur əsgər olmaq, torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olan döyüşçülər kimi yetişməkdir. Məni vətənpərvər döyüşçü kimi yetişdirən, silahlardan istifadə etməyi, nizam-intizamlı olmağı öyrədən komandirlərimə hər zaman minnətdar olacağam.
Qobustan rayonundan olan əsgər Elçin Babaşov isə əsgəri xidmətin möhkəm dostluğa zəmin yaratdığını deyir:
- Mirəşrəf və digər əsgər yoldaşlarımla möhkəm dostluğumuz var. Bu dostluq, müqqəddəs sıradan, barıt qoxulu səngərdən, bir süfrədə yediyimiz yeməkdən, bir yerdə yatdığımız əsgər yataqxanasından başlayır. İstənilən şəraitlərdə Vətənimizin keşiyində birlikdə dayanmaqdan, düşmən həmlə etdikdə çiyin-çiyinə vuruşmaqdan başlayır bu dostluq və bir ömür davam edir. Əsgəri xidmətim digər yoldaşlarım kimi məndə də mətinlik, dözümlülük, qorxmazlıq formalaşdırdı. Bizi silah və texnikadan istifadə etməyi bacaran əsgər kimi yetişdirən bu məktəb əsil kişilik məktəbidir. Mən idmanla gündəlik məşğul olan, nizam-itizamlı və vətənpərvər gənc kimi xidmətimi başa vururam. Azərbaycan bayrağını Qarabağda dalğalandırmaq üçün yenidən əsgəri xidmətə qayıtmaq arzusu ilə evə gedirəm.
Müxtəlif hərbi hissələrdə tərxis olunmağa hazırlaşan əsgərlərlə söhbətləşdikdə, ordu həyatının gənclərə aşıladığı üstün keyfiyyətləri onların da öz dilindən eşidirəm. Bir daha əmin oluram ki, Azərbaycan Ordusunda xidmət edən gənclər, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda formalaşır və yüksək mənəvi keyfiyyətlərə yiyələnərək cəmiyyətə qovuşurlar.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR