Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2017 10:16

Əsgər andın mübarək!

Xatirələrimizi çözələdikcə keçmişdə qalmış illər, o illərdə baş vermiş hadisələr bizə bir köynək də yaxın olur. Yada salınmalı o qədər xatərlərimiz var ki,..
1980-ci ilin ilıq may günlərində Biləcəri dəmir yol stansiyasından keçmiş Sovet ordusunun sıralarına yola düşəndə ağlıma və xəyalıma da gəlməzdi ki, 37 ildən sonra mən də övladımı elə həmin Biləcəri dəmir yol stansiyasından doğma ordumuzun sıralarına göndərəcəm. Ağlıma gəlməyən o xoşbəxt dəqiqələr,  xoşbəxt anlar bir neçə həftə əvvəl baş verdi. İsti yay gecələrinin birində yeganə övladım, iki uşaq atası oğlum Arazı qatarla əsgəri xidmətə yola saldım...
Araz hərbi xidmətə gedən gün səhər-səhər hava isti olsa da, axşama yaxın bir az sərinlədi. Neçə gündən bəri kəsmək bilməyən külək bir az sakitləşdi. Həmin gecə stansiyada övladını hərbi xidmətə yola salan valideynlər oğulları ilə stansiyanın sakit bir guşəsinə çəkilmişdilər. Valideynlər övladlarına son məsləhət və tövsiyələrini verirdilər. Sabahın əsgərlərini yola salanlar təkcə ata-anası, yaxın qohumları deyildi. Çağırışçıların dostları da bu xoş və həyəcanlı günlərdə ordaydı. Arazı yola salmağa dostları Azər və Murad da gəlmişdi.
Çağırışçıları elə ilk baxışdan tanımaq olurdu. Onların əksəriyyəti saçlarını səliqə ilə vurdurmuşdular, çiyinlərindən çanta asmışdılar. Çağırışçıları görəndə bir anlıq özümün hərbi xidmətə getdiyim gün yadıma düşdü.
...Bir an içində ətrafı səs-küy bürüdü. Səs-səsə qarışdı, bayaqkı sakitlik pozuldu. Qatar sürətini azaldan kimi vaqonlar "dərindən nəfəs çəkib" dayandı. Çağırışçılar üçün ayrılmış vaqonlara tərəf addımladıq. Vaqonun qapısı ağzında Arazı övlad, çağırışçı, sabahın əsgəri kimi bağrıma basdım. Belə həyəcanlı anlarda nə qədər özümü təmkinli tutmağa çalışsam da kövrəlməyə bilmədim... Pəncərədən baxıb bir-birimizə əl edirik... Qatar yavaş-yavaş yerindən tərpənir. Vaqonlar ritmik taqqıltı sala-sala stansiyadan uzaqlaşır. Hamının əlləri göydə donub qalır. Valideynlərin yanağında sevinc və qürurdan doğan göz yaşları görünür.
Qatar gedəndən sonra vağzala sakitlik çökür. Ulduzlarla dolu səmaya baxıram. Mənə elə gəlir ki, bu gecə Ay da, ulduzlar da həmişəkindən parlaq və işıqlıdır.
Şəhərin səsli-küylü küçələrindən keçib evə qayıdırıq. Ətrafdakı səslər məni düşüncələrimdən ayıra bilmir. Bu anlarda sanki xəyalən Arazla danışıram:
- İnanıram ki, sən hərbi xidmətdə nümunəvi əsgərlərdən biri olacaqsan. Ordu həyatı sənə çox doğmadır. Sən dünyaya göz açıb həyatı dərk edəndən atanı hərbi formada görmüsən. Zaman-zaman bu forma sənə doğmalaşıb. Böyüdükcə, yaşa dolduqca hərbi geyimə sevgin, məhəbbətin artıb. Yadına gəlirmi, tez-tez papağımı başına qoyub evdə əsgər kimi addımlayar, hərbi salam verərdin. Ürəyindən Vətənə əsgər olmaq arzusu keçirdi. Kiçik yaşlarından səni özümlə hərbi hissələrdə keçirilən andiçmə mərasimlərinə, başqa maraqlı tədbirlərə aparardım. Sən hərbi andı qəbul edən əsgərlərin ünvanına təbriklər söyləyər, Vətəni, vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən şeirlər deyərdin. Hərbi hissəyə gedəndə sən əsgərlər kimi addımlamağa çalışar, silahlara, hərbi texnikaya böyük maraq göstərərdin. Zabitlərə, əsgərlərə müharibə ilə, döyüşlərlə bağlı çoxlu suallar verərdin. Onlar suallarını cavabsız qoymazdılar. Ordu həyatı, əsgəri xidmət daim ahənrüba kimi səni özünə çəkərdi.
Yadındadırmı, sən beşinci sinifdə oxuyanda andiçmə mərasiminə getmişdik. Zabitlərdən birinə dedin ki, nə vaxt Qarabağa vuruşmağa yollansanız məktəbimizin yanında saxlayıb siqnal verərsiniz, mən tanka minib sizinlə döyüşə gedəcəm. Sən bir müddət hərbçilərin gəlişini gözlədin. Sonra başın dərslərinə qarışdı. İndi böyümüsən, ali təhsilini bitirib hərbi xidmətə gedibsən. Söhbətlərindən hiss edirəm ki, silahlara, texnikalara marağın azalmayıb. Səni bölgələrdə yerləşən hərbi hissəyə aparan qatar stansiyadan tərpənəndən sonra bilirsən ağlıma hansı fikirlər gəldi? Bir vaxtlar bu qatarlar məni də cəbhə bölgələrinə aparıb gətirərdi. İndi sən yola çıxmısan. İndi sən əsgərsən. İndən sonra orduda mənim yolumu sən davam etdirəcəksən. Tarixən bu belə olub. Oğullar bütün müqəddəs işlərdə atalarının yollarını davam etdiriblər. Unudulmayan, yaddan çıxmayan bu tarixi ənənə bu günümüzdə də öz axarı ilə gedir. Getdiyin bu müqəddəs yolda sənə uğurlar arzulayıram. Gün o gün olsun ki, valideynlərinin, övladlarının və doğmalarının yanına sağ-salamat, özü də zəfərlə, qələbə ilə dönəsən!
Arazı yola saldığımız gündən xeyli müddət ötüb. Düşünürəm ki, Araz indiyə qədər sırada addımlamağı, eləcə də bəzi vacib hərbi vərdiş və hərəkətləri öyrənib. Avtomat silahını söküb-yığmağı və ondan hədəflərə dəqiq atəş açmağı mənimsəyib. Onun xidmət etdiyi hərbi hissənin şəxsi heyəti Qarabağ müharibəsinin od-alovundan keçib. Hərbi hissədə xidmət edən zabit və əsgərlər döyüşlərdə böyük hünər və rəşadət göstəriblər. İnanıram ki, həm mənim övladım, həm də onun əsgər yoldaşları sələflərinin döyüş yollarını şərəflə davam etdirəcəklər.
Çağırışçı kimi yola saldığım övladımı əsgər kimi görməyə tələsirəm. Atanın oğlunu hərbi formada görməsi çox sevindiricidir, iftixar və qürurverici, təsviri çətin olan bir haldır. Unudulmayan, yaddan çıxmayan, təkrarlanmayan bir andır. Bax, belə xoş hiss və düşüncələrlə yola çıxırıq...
Yol uzaq olduğundan düşüncələrimlə baş-başa qalıram. Xidmətimlə əlaqədar bu günə qədər çox andiçmə mərasimlərində iştirak etmişəm. Bu tədbirlərdə maraqlı, yaddaqalan məqamların şahidi olmuşam. Ana sevinci, ata fərəhi, əsgər qüruru görmüşəm. Budur, yenə də yoldayam, yenə də andiçmə mərasiminə gedirəm. Ovqatım daha kövrək, daha mübhəm hisslərə köklənib. İndi mən tədbirə əsgər atası kimi gedirəm. Bu, çoxdan gözlədiyim, həsrətində olduğum sevindirici bir gündür. Yadıma gəlir, dörd-beş il bundan əvvəl oğlu əsgər olan valideynlərdən biri andiçmə günü övladını ziyarətgaha aparıb orada qurban kəsmişdi. Həmin gün övladını əsgər görən atanın ürəyi sevinclə dolmuşdu, başqa valideynlər də onun sevincinə qoşulmuşdular. Bu cür xoş düşüncələr, şirin xatirələr sanki yolumuzu qısaldır...
Hərbi hissənin qarşısında böyük canlanma var. Valideynlər andiçmə mərasimində iştirak etmək üçün ürəklərində sevinc, gözlərində təbəssüm, dodaqlarında gülüş hərbi hissəyə gəliblər. Bir azdan asta addımlarla yenicə tikilib istifadəyə verilmiş hərbi hissənin ərazisinə daxil oluruq. Hərbi hissə bayramsayağı bəzədilib. Şəxsi heyət sıra meydanında tədbirə hazır vəziyyətdədi. Gözlərim sırada dayanan əsgərlərin arasında Arazı axtarır. Onu "tapıram". İlk dəfədir onu hərbi formada görürəm. Hərbi forma Araza çox yaraşır. O da sırada inamla dayanıb. Həmişə Vətənə əsgər olmağa can atardı. O, bu günü intizarla gözləyərdi. Öz-özümə astaca deyirəm: "Arzuna çatdın, sən əsgərsən!" Ürəyim iftixar və qürur hissi ilə dolur. Nədənsə, bu anlarda ötüb arxada qalanları, yaşananları xatırlayıram. Bir an içində Arazın doğulduğu, bağçaya, orta məktəbə, universitetə getdiyi günlər kino lenti kimi gözlərim önündən gəlib keçir. O, əsgərdir, Vətən borcunu yerinə yetirir...
Gənc əsgərlərin hərbi andı qəbul etməyə hazır olduqları barədə komandirə məruzə olunur. Onun əmrindən sonra şəxsi heyət hərəkətə gəlir. Əsgərlər nizami addımlarla sıradan irəli çıxıb geniş meydanda qoyulmuş və üstünə üçrəngli bayrağımız sərilmiş və müxtəlif silahlar düzülmüş masaların yanında yerlərini tuturlar. Əllərinin birini silahın, birini isə əsgər yoldaşının çiyininə qoyaraq hərbi andı qəbul edirlər. Onların gur səsi meydanı doldurur. Unudulmaz xoş anlar, xoş dəqiqələr yaşayırıq...
Hərbi andiçmə mərasimi başa çatandan sonra əsgərlərlə görüşə icazə verilir. Arazı - əsgər oğlumu böyük sevinc və fərəh hissi ilə qucaqlayıb bağrıma basıram. O, xidmətindən, keçirilən təlimlərdən, sirlərini öyrəndiyi hərbi texnika və silahlardan həvəslə danışır. Təlim mərkəzinə getdiyindən, ilk dəfə avtomat silahından hədəfə necə atəş açdığından danışır. Vətənə sədaqətlə, ləyaqətlə xidmət edəcəyini, içdiyi anda həmişə sadiq qalacağını deyir.  Ordu həyatından, hərbi xidmətdən qürur duyduğunu dönə-dönə vurğulayır.
Arazın hərbi andı qəbul etdiyi gün ömür kitabımızın səhifəsinə böyük hərflərlə yazıldı. Bu günü, bu anı həmişə xoş hisslərlə xatırlayacağıq. Hərbi andı yenicə qəbul etmiş Arazın üzündən sevinc və bəxtəvərlik yağır. Bu günü o da yaddaşında həmişəlik saxlayacaq. Bu unudulmaz anlarda fikirləşirəm ki, bir gün gələcək, Araz da mənim adımı daşıyan övladını doğma ordumuzun sıralarına yola salacaq!..
Arazı belə vüqarlı, hərbi xidmətə həvəsli gördüyümdən ürəyim dağa dönür. Araza belə xoş anlarda deyirəm: "Əsgər andın mübarək, əsgər adın mübarək, oğul!"...


Vahid MƏHƏRRƏMOV, ehtiyatda olan zabit, əsgər atası