Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2017 10:15

Hərbçi güləşçilərimiz gələn ay Litva respublikasında güclərini sınayacaqlar

Azərbaycan Ordusu sıralarında xidmət edən yüzlərlə idmançı hərbi xidməti ilə yanaşı idman fəaliyyətini də yüksək səviyyədə davam etdirir, müxtəlif mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmançılara diqqət və qayğısına cavab olaraq Azərbaycan  idmançıları beynəlxalq idman arenalarında yeni-yeni uğurlar əldə edirlər.
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK)  16 idman növü üzrə fəaliyyət göstərən bölmələrdə  bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli yığma komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, Dünya, Avropa və başqa yarışlarda qazanılan medalların da bir hissəsi ordu idmançılarına məxsusdur. Həmçinin, MOİK-nun yetirmələri "BAKI-2017" İslam Həmrəyliyi Oyunlarında 1-ci yeri tutan Azərbaycan yığmasının qələbəsində də pay sahib oldular. Onlardan 2-si qızıl, 1-i gümüş və 1-i bürünc olmaqla komandamızın hesabına 4 medal qazandılar.
MOİK 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) fəal üzvüdür. SİZM mühüm beynəlxalq hərbi idman təşkilatıdır. Onun məqsədi idman və fiziki məşqlər vasitəsilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır. Bu qurum 1948-ci il fevralın 18-də Fransada yaradılıb. Həmin iclasda Lüksemburq, Hollandiya, Belçika və Danimarka nümayəndələri SİZM-i yaradıblar. Qısa zaman ərzində fəaliyyətini genişləndirən bu təşkilat hazırda 137 ölkəni özündə birləşdirən mötəbər idman təşkilatlarından biridir. Əsas məqsədə nail olmaq üçün SİZM hər il hərbçilər arasında 20-yə yaxın dünya çempionatı və 100-dən çox qitələrarası və regional hərbi idman yarışları təşkil edir. SİZM-ə üzv olduğu gündən bu günə kimi, MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən idman növləri üzrə Dünya çempionatlarında uğurla çıxış edərək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıb. Həmçinin, 2015-ci ildə SİZM-in Koreya Respublikasında keçirdiyi 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında iştirak ediblər. 120 ölkədən 8100 nəfər idmançının iştırak etdiyi bu yarışlarda Azərbaycan Respulikasının Silahlı Qüvvələri 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub və 15-ci yerə layiq görülüb.
Hərbçilərin cüdo üzrə dünya çempionatı Qafqazda birinci dəfə, Rusiya Federasiyasından sonra ilk dəfə Azərbaycan Respublikasında keçirilib. Bununla yanaşı, SİZM-in çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatları keçirilib. MOİK-in ən böyük uğurlarından biri də 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə Dünya Kuboku yarışının Azərbaycanda keçirilməsi olub. Bu, respublikamızda yaradılan idman qurğularının müasir tələblərə cavab verməsini bir daha sübut edib. Şübhəsiz ki, dünya hərbçilərinin yenidən Azərbaycanda toplaşması ölkə futbolunun inikşafına öz müsbət təsirini göstərdi və gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində əhəmiyyətli rol oynadı. Hərbçi idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlər ordumuzun qüdrətini bir daha sübut edir, əsgərlərimizin fiziki sağlamlığına dövlətimiz tərəfindən xüsusi qayğı ilə yanaşıldığını göstərir.
Beynəlxalq Hərbi İdman Şurasının keçirtdiyi yarışlarda dəfələrlə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini layiqincə təmsil edərək Vətənə çoxlu medallar gətirmiş Mərkəzi Ordu İdman Klubunun yetirmələri 18-25 sentybar 2017-ci il tarixində Litva Respublikasının Klaipeda şəhərində idmanın güləş növü üzrə keçiriləcək 32-ci Dünya çempionatında güclərini sınayacaqlar.  Bu yarışda ölkəmizi 16 idmançı, 2 hakim və 2 məşqçi təmsil edəcək. İnanırıq ki, hərbçi pəhləvanlarımızın hər biri uğurlu nəticə eldə edərək ölkəmizə medallarla qayıdacaq.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"