Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2017 10:14

Güclü ordumuz - qürurumuz

...Yolumuz cəbhə bölgəsinədir. İsti yay günləindən birində torpaqlarımızın keşiyində dayanan igid əsgərlərlə görüşə gedirik.
Bizi əsgərlərin yanına aparmaq hərbi hissənin şəxsi heyətlə iş üzrə zabiti Müseyib Zeynalova tapşırılır. Təcrübəli zabit yol boyu maraqlı söhbətlər edir. Belə qızmar istilərdə əsgərlərin vəziyyəti haqqında maraqlanıram. "Bu yerlərdə yayda kəskin istilər və quraqlıq olur. Buna görə də əsgərlərin məişət şəraiti üçün zəruri tədbirlər görülür. Kəskin istilərə baxmayaraq şəxsi heyət arasında günvurma faktına rast gəlinməyib. Bütün komandir heyəti çalışır ki, əsgərlərimiz daim yüksək əhval-ruhiyyədə və xoş ovqatda xidmət etsinlər" .
- Ön xəttdə düşmən atəşkəsi pozaraq  təxribatlara əl atır, - deyə zabit söhbətinə davam edir. - Əsgərlərimiz ayıq-sayıq xidmət aparır və hər cür təxribatların qarşısını qətiyyətlə alırlar. Azərbaycan əsgəri istənilən vaxt düşmən təxribatının qarşısını almaq gücündədir və düşmənə heç zaman məqsədinə çatmağa imkan verməyəcəkdir.
...Emin Şirinov bölmə komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edir. Zabit döyüş postlarında əsgərlərin məişət şəraitinin, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu bildirir. "Nə qədər müasir silahlanmaya malik olsa belə, ordunun əsas gücü onun şəxsi heyətinin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı ilə  ölçülür" - deyən zabit hər bir əsgərin döyüş tapşırığını yerinə yetirmək əzmində olduğunu qeyd edir.
- Şəxsi heyətin mənəvi-psixoloji hazırlığını və vətənpərvərliyini gücləndirmək istiqamətində qarşımıza vacib tapşırıqlar qoyulub, - deyir zabit. - Bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylərimizi əsirgəmirik. Bütün üsul və vasitələrdən istifadə edərək çalışırıq ki, hərbi xidmətə gələn gənclər yüksək döyüş ruhuna malik, torpaqlarımızın keşiyində möhkəm dayanmağa qadir olan əsgərlər kimi formalaşsınlar.
Səngərə daxil oluruq. Bu səngərlərdə ayıq-sayıq döyüş növbəsi aparan əsgərləri tanıyacağım üçün sevinirəm. 
Üz-gözündən mərğrurluq duyulan post başçısı çavuş İntiqam Sarıyev özünü hərbi qaydada təqdim edir, qarşıdakı düşmənin mövqeləri barədə məlumat verir. İntiqam bir istiqaməti göstərərək "ən çox bu tərəflərdən mövqelərimizi atəşə tuturlar. Cavab atəşi açılan kimi susurlar. Biz bu istiqamətləri daha ciddi nəzarətdə saxlayır, fasiləsiz müşahidə aparırıq. Gecə və dumanlı havalarda isə müşahidəni artırırıq. Çünki təxribatçılar əlverişsiz şəraitdən istifadə edə bilərlər", - deyir.
Çavuş Sarıyevi yaxından tanıyıram. Atasının Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olduğunu öyrənirəm. Bu igidin həm adı İntiqamdır, həm də arzuları. Deyir ki, tezliklə döyüş əmri ilə atasının intiqamını düşməndən alacaq. Qəflətən yumruğunu sıxır, sinəsi qabarır, şux duruşunu qürurlu baxışları tamamlayır. Baxışlarından düşmənə sonsuz qəzəbini hiss edirəm. İntiqam "Atam şəhid olub!" -  deyəndə də nə qədər qürurlu olduğunu duyuram.
- Atamla bağlı xatirələrlə böyümüşəm. Atam və onun kimi neçə-neçə igidin uğrunda canından keçdiyi Vətən torpaqlarını işğaldan azad etmək bu gün mənim də əsas amalımdır. Günlər, aylar, sürətlə ötüb keçən zaman məni məqsədimə yaxınlaşdırır. 2 ilə yaxındır ön xətdə xidmət edirəm. Hərbçi peşəsini özümə həyat yolu seçmişəm. Bu şərəfli yolda xidmətimi uğurla davam etdirir, düşməndən qisas alacağım günü gözləyirəm. Biz atalarımızın qisasını alıb, doğma yurd-yuvalarımızda böyük qələbəni qeyd edəcəyik.
...Ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəmanlarımız atasız qalacaq övladlarını, gözü yaşlı ana-bacılarını düşünmədilər, son damla qanlarına kimi vuruşdular. "Təki Vətən sağ olsun" - dedilər. İntiqamın da atası o qəhrəmanlardandır. O da bütün atalar kimi övladını düşünmədi. Çünki Vətənini sevən, ona ürəkdən bağlı olan hər kəs  yaxşı bilir ki, atasız da böyümək olar, lakin Vətənsiz yaşamaq olmaz...
... Mövqedə dayanan əsgər Ağalar Abışov, hərbi xidmətə Kürdəmir rayonundan çağırılmışam - deyir. - 10 aydır xidmət edirəm. Atıcıyam. Döyüş növbəsində ayıq-sayıq dayanır, təhlükəli istiqamətlərə daim müşahidə aparıram. Hərbi andiçmə günündə atam çox qürurlanmışdı, gözləri də dolmuşdu. O, əlini çiynimə qoyub "çox sevincliyəm ki, övladlarımız doğma Vətənimizdə, Azərbaycan Ordusunda xidmət edirlər. Vətəni göz bəbəyi kimi qoruyun" demişdi. Bu gün mən əlim tətikdə, gözüm nişangahda postda ayıq-sayıq dayanmışam. Qarşı tərəfdən bircə həmlə gələrsə, düşmənə göz açdırmaram.
Vətənpərvərlik ailədən başlayır. Hər bir ailə övladını Vətənə bağlı, dövlətinə sədaqətli, vətənpərvər gənc kimi yetişdirir. Hələ uşaq yaşlarından övladlarına vətənpərvərlik aşılayan valideyn, öz oğluna ən birinci vəzifəsinin böyüyüb əsgəri xidmətə getmək olduğunu deyir. Azərbaycan Ordusuna sonsuz güvənən ata-analar övladlarını hərbi xidmətə könül rahatlığı ilə yola salırlar. Hər kəs əmindir ki, bütün hərbi hissələrdə, həmçinin ön xətdəki bölmələrdə yüksək sosial şərait yaradılıb.
Əsgər Heydər Abdullayev növbə zamanı heç bir hadisə baş vermədiyini deyir. Hərbi xidmətə Sabirabad rayonundan çağırılıb. Bu əsgərin dedikləri necə müqəddəs arzulardır.
- Könüllərdə daim yaşayan şəxslər Vətəni üçün yaşayıb, Vətən üçün canından keçənlərdir. Necə ki, Mübarizlər, Samidlər, Fəridlər, Raquflar, Vüqarlar, Çingizlər. Onlar Vətən üçün yaşadılar, torpaqlarımızın hər qarışı üçün vuruşdular. Mən də belə qəhrəmanların davamçısı olmağı qarşıma məqsəd qoymuşam. Arzulayıram ki, döyüş meydanında onlar kimi şücaət göstərim. Onlar bizə Aprel zəfərini yaşatdılar, biz də böyük qələbəmizlə onların ruhunu şad edəcəyik.
...Ezamiyyətlərim zamanı döyüş postlarında əlini sıxdığım igidlərin mərdliyi, qorxmazlığı, cəsurluğu barədə düşünürəm. Gözlərdən oxunan Vətən sevgisini, düşmənə nifrət hissini düşünürəm. Düşüncələrim qəlbimə dolan inam hissi ilə rahatlıq tapır: İntiqamların, Heydərlərin arzuları tezliklə çin olacaq...
Mövqedə dayanan əsgər Camal Mirzəyev hərbi xidmətə Biləsuvar rayonundan çağırılıb. Postda əsgərlər arasında dostluq-qardaşlıq münasibətindən ağızdolusu danışır. Belə mühitdə xidmət etdiklərini, hamının  Vətəni qorumaq amalı ilə yaşadığını vurğulayır.
- Posta gəldiyim ilk gündən təcrübəli əsgərlər mənə kömək olublar. İlk dəfə döyüş növbəsinə əsgər Səbuhi Əlimirzəyevlə cıxmışdım. O, xidmətini başa vurub. Dostluğumuz yenə də davam edir. Burda sarsılmaz birliyimiz var, torpaqlarımıza göz dikən düşmən qarşısında mərdliklə dayanmışıq. Komandirlərimizdən müxtəlif silahlardan istifadə qaydalarını öyrənmişik. Hər an torpaqlarımızı işğaldan azad edəcək gücə malik əsgərlərik. Düşmən ata-baba torpaqlarımızdan geri çəkilməlidir!
... "Ordun varsa, yurdun var!, Ordun yoxsa, yurdun yox!” - deyimlərini xatırlayıram. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Bu gün hər bir Azərbaycan vətəndaşının qürur duyduğu şanlı Azərbaycan Ordusu var. Bu ordunun sıralarında cəsur, qorxmaz, ürəkləri Vətən sevgisi ilə alovlanan oğullar xidmət edir. Həmsöhbət olduğum əsgərlər də həmin oğullardandır. Əsgərimizə xidmətlərində uğurlar arzulayıram. "Gələn görüşlərədək. Salamat qalın", deyirəm.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR