Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2017 10:13

“Sizdən öyrənirik qəhrəmanlığı”

"N" hərbi hissəsindəydik. Bölmədə nümunəvi xidməti və nizam-intizamı ilə seçilən atıcı əsgər Şamxal Eyubov haqqında ağızdolusu danışdılar. O, hərbi xidmətə Salyan rayonundan çağırılıb.  Kapitan Emin Şirinov onun haqqında belə dedi.
"Əsgər Şamxal Eyubov məsuliyyətli, nizam-intizamlı, vətənpərvər əsgərdir. O, ilk günlərdən üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlir, döyüş növbələrində ayıq-sayıq dayanır. Bir ildən çoxdur ki, bu bölmədə xidmət edir. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirir. Döyüş, ictimai-siyasi hazırlıq dərslərində fəal iştirak edir. Silahının taktiki-texniki xüsusiyyətlərini mükəmməl öyrənir. Belə vətənpərvər, bacarıqlı, cəsur, intizamlı və mənəvi keyfiyyətlərə malik övlad böyütdükləri üçün onun valideynlərinə dərin minnətdarlığımı bildirirəm".
Hərbi hissələrə ezamiyyətim zamanı belə vətənpərvər əsgərləri yaxından tanımağın, onlarla görüşməyin yaşatdığı sevinci, qürur hissini düşünürəm. Düşünürəm ki, müxtəlif şəraitlərdən asılı olmadan torpaqlarımızı müdafiə edən əsgərləri tanımaq, onların cəsurluğunu, mərdliyini, vətənpərvərliyini təbliğ etmək mənim borcumdur.
..."Növbədə olduğumuz zaman heç bir hadisə baş verməyib" məruzəsi məni düşüncələrimdən ayırdı. Əsgər Şamxal Eyubovun yanındaydıq. Onun əlini sıxıb, vətənpərvərliyi və nümunəvi xidməti  ilə komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazandığı üçün "halal olsun, əsgər" deyirəm. Əsgər qürurlanır, sevinir... "Nümunəvi xidmət etmək hər birimizin borcudur. Biz Vətən keçikçiləriyik, çətinlik bilmədən üzərimizə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetirmək üçün əlimizdən gələni etməliyik", - deyir Şamxal.
Əsgər Eyubovun  qürurdan üzündə işıqlanan sevinc hissi ilə yanaşı, gözlərində böyük bir qəzəb hissi də alovlanır. Bu qəzəb işğalçı düşmənə qarşıdır. Körpə uşağa belə mərmi atacaq qədər qəddarlığa, caniliyə, vəhşiliyə malik olan düşməni məhv etmək üçün məqam gözlədiyini vurğulayır.
- 13 aylıq hərbi xidmətim zamanı komandirlərim tərəfindən Vətəni qorumağa qadir olan bacarıqlı əsgər kimi yetişmişəm. Onların bizə olan diqqəti və qayğısı xidmətimi uğurla davam etdirməyə zəmin yaradır. Hər zaman döyüş postunda xidmət etməyi arzu etmişəm. Düşmənlə üz-üzə dayanıb, Vətəni qorumaq şərəfinə nail olmaq istəmişəm. Çünki mən əsgəri xidmətə gələrkən qəhrəmanların döyüş yolunu özümə örnək bilmişəm. Mübarizlərdən, Samidlərdən, Çingizlərdən olmaq arzusu ilə xidmət edirəm. Bir vaxtlar onların qoruduğu bu torpaqları göz bəbəyi kimi qorumağı özümə borc bilirəm. Torpaqlarımıza göz dikən düşməni məhv edib şəhidlərimizin, erməni vəhşiliyinin qurbanı olan Zəhraların qisasını almaq amalı ilə gəlmişəm xidmətə. Döyüş əmri alan kimi torpaqlarımızın hər qarışı üçün canım bahasına döyüşəcəm.
Şamxalın sözləri məni çox  qürurlandırır. Əsgərləri tanıdıqca əmin oluram ki, hər bir gəncimiz Şamxal kimi belə müqəddəs amalla xidmət edir və bacarıqlı, vətənpərvər əsgər kimi formalaşır. Bu gün ordu sıralarında vəzifələrinin öhdəsindən bacarıqla  gələn belə vətənpərvər oğullar Azərbaycan əsgəri adını daşımaqla qürur duyurlar. Buna görə də sonsuz Vətən sevgisi ilə xidmət edirlər. Hər bir əsgərin amalı torpaqlarımızı işğaldan azad etməkdir. Bunun üçün onlar xidmətə məsuliyyətlə yanaşır, komandirlərinin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirirlər. Xidmətləri ilə sübut edirlər ki, Azərbaycan əsgəri vətənpərvər, qorxmaz, cəsurdur. Vətən uğrunda hər an döyüşə atılmağa hazırdır.
Əsgərlərimiz Mübarizlərə, Samidlərə, Çingizlərə xitabən deyirlər ki, sizdən öyrənirik qəhrəmanlığı...

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR