Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2017 10:00

Biz əsgərik!

Mən də təhsil aldım. Hərbi xidmətə çağırıldım. İndi əsgərəm. İndi əsgər qüruru yaşayanların sırasındayam. Fəxr edirəm ki, Vətəni qoruyuram.
İnsanı həyatda ucaldan, onun qədir-qiymətini elə özü qədər qoruyan, lazım gələrsə, doğru yol, dürüst yol göstərən dostlarıdır. Uşaqlıq dostlarım da olub, yeniyetməlik dostlarım da. Dostlarım indi də var. Hamısı ilə səmimi münasibətlər mənə xoşdur. Hərbi xidmətdə qazanılan dostluq bunların hamısından fərqlidir. Xidmət edirik, döyüş növbətçiliyi aparırıq, asudə vaxtlarda bu və digər mövzuda söhbətləşirik. Hiss edirik ki, doğmalaşmışıq.
İnsanı hərtərəfli, yaxından tanımaq üçün bəzən illər lazım gəlir. Hərbi xidmətdə illər deyil, aylar deyil, günlər də kifayətdir ki, xidmət yoldaşının xarakterinə bələd olasan.
Hərbi xidmət digər əsgərlər kimi mənə də mətinlik, dözümlük, möhkəm intizam və s. öyrədib. Mən də bilirəm ki, yaxşı əsgər olmağın başlıca şərti intizamdır. Bilmirəm, bəlkə də məni özünə dostlaşdığım əsgər yoldaşlarımın bu xarakteri çəkib. Onların hər birinin timsalında özümü görürəm. Qoy digərləri məndən inciməsinlər. İqbal Rüstəmovu və Elnur Abdulrəhmanlını ürəyimə daha yaxın hesab edirəm. Mən də bilirəm ki, yaxşı dostu tapmaq, qazanmaq asandır, qorumaq çətindir. Özünə və dostuna, hörmətlə yanaşırsansa, dostluğu qorumağı bacarmalısan. Üçümüzün də xasiyyətində, xarakterində oxşar cəhətlər var. Mənə belə gəlir ki, bizi yaxınlaşdıran məhz bu oxşarlıqlardır. Digər əsgər yoldaşlarımız kimi, biz də Vətənimizi çox sevirik, biz də torpağımızın işğaldan azad olunması üçün Ali Baş Komandanın hər bir əmrinə hazırıq. Çox istərdik ki, hərbi xidməti qalib əsgər kimi başa vuraq!
Dostlarımla asudə vaxtlarda aprel döyüşlərindən danışırıq. Aprel döyüşünün qəhrəmanlarından, döyüşlərdə şəhid olanlardan danışdıqca qələbə gününün tezləşməsini arzulayırıq. Sülh danışıqları baş tutmasa, dostluğumuz döyüşlərdə də təsdiqlənəcəkdir.
Biz əsgərik. Biz Azərbaycan əsgəri olmağımızla qürurlanırıq!..
Əsgər Firdovsi HACIYEV