Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2017 09:58

“Daim ordumuzun yanındayıq”

90-cı illərin əvvəlləri idi... İmperiya əsarətindən qurtulan və müstəqilliyini yenicə bərpa edən ölkəmiz ağır günlərini yaşayırdı. Belə vəziyyətdən hiyləgərcəsinə yararlanmağı bacaran, havadarlarından böyük dəstək alan erməni  təcavüzkarları tarixi Qarabağ torpaqlarımıza savaş başlamışdı... Vətənin başı üzərinə qara buludlar çökmüşdü... Xalq hər gün sərhəd rayonlarından, Qarabağdan ağır və üzücü xəbərlər alırdı. Ermənilər kəndlərimizi, yaşayış məntəqələrimizi atəşə tutur, dinc əhalini öldürürdü. Vətənimizin qeyrətli oğul və qızları könüllü ərazi özünümüdafiə dəstələrində birləşərək Vətəni qoruyur, torpaq uğrunda canlarından da keçirdilər...
Ələkbər, Eldar, Əlasət, Faiq, Elmir, Səməddin, Yasəf, Məmməd Beyləqan rayon könüllülərdən ibarət özünü müdafiə taborunda, Əşrəf, qardaşı Kərəm, Oktay qardaşı Mətləb (baş leytenant), Sərvan, İslam, Əliyar Cəbrayıl rayon könüllü özünü müdafiə taborunda döyüşüblər. Onlar Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər. Şərəfli döyüş yolu keçən bu veteranların sırasında ordumuzun ilk əsgər şineli geyən oğulları da var. "Torpaqlarımız düşməndən geri alınmayanadək biz ordumuzun əsgərləriyik. Ürəyimiz orduyla döyünür, nəbzimiz orduyla vurur. Ali Baş Komandanımızın əmrini gözləyirik" deyən Qarabağ müharibəsi veteranları ön xətdə Vətənin keşiyində dayanan hərbçilərimizlə mütəmadi görüşlər keçirdiklərini və keçən ilin aprel döyüşlərində də onlarla sonadək bir yerdə olduqlarını bildirdilər.
...Yayın istilərinə baxmayaraq, yenə də Beyləqan, Cəbrayıl  rayonunun bir qrup keçmiş Qarabağ döyüşçüsü əsgər və zabitlərimizin yanına getmək üçün toplaşmışdılar. Ordumuzun şanlı tarixinə yeni səhifələr yazan aprel şəhidlərindən  Ruhin Qəhrəmanovun atası Əşrəf Qəhrəmanov, Ayaz Hüseynovun atası Ələkbər Hüseynov, Şahin Cavadzadənin atası Yaşar Cavadzadə, Məhəbbət Mirzəyevin atası Ədalət Mirzəyev, bu il fevralın 25-də erməni kəşfiyyat-diversiya qrupunun hücumunun qarşısını  mərdliklə alarkən şəhid olan Zülfi Qədimovun atası Rəhim Qədimov da onların sırasında idilər. Hərbi hissələrdə hərbçilərimizlə şəhid ailələrinin, keçmiş döyüşçülərin, Qarabağ veteranlarının görüşlərinin təşkil olunması dəyərli bir ənənəyə çevrilib. Hər dəfə orduda keçirilən "Açıq qapı" günündə, hərbi andiçmə mərasimlərində, bayram tədbirlərində onlar da böyük həvəslə iştirak edirlər.
...Hərbçilərimizi ziyarətə gələn qonaqları hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini zabit Seymur Həbibullahov qarşıladı. Bu zabit aprel döyüşlərindən sonra "İgidliyə görə" medalına layiq görülüb. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun günü-gündən artan qüdrətindən, hərbi hissələrimizin müasir, aprel döyüşlərində ordumuzun qələbəsindən, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksək olmasından danışan zabit qonaqları ön xətdə yerləşən bölüyə apardı.
Bölüyün divar mətbuatında təbliğat və təşviqat guşələrinin fəaliyyəti həqiqətən də  şəxsi heyətin ictimai-siyasi hazırlıq səviyyəsinin yüksək olduğunun göstəricisidir. Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi "Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır. Şuşada, Xankəndidə də dalğalanacaq", "Azərbaycanın qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olan çox güclü ordusu var", "Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən nəticə çıxarmasa, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq"  kimi fikirləri əsgər və zabitlərimizin Vətənə xidmətində əsas istiqamətverici təsir gücündədir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tam əminliklə söylədiyi "Ordumuz müqəddəs vəzifələri qısa bir müddətdə yerinə yetirəcək" kəlamı Silahlı Qüvvələrin şəxsi heyətində döyüş əzminin təzahürüdür.
Keçmiş döyüşçülər hərbçilərimizlə müharibə  xatirələrini bölüşərək ordumuzun yarandığı ilk vaxtlarda da döyüş ruhunun sarsılmaz olduğunu, Vətənə, Torpağa sevgi, düşmənə nifrət hissiylə yaşadıqları ağır müharibə illərini xatırladılar.
Şəhid ataları Əşrəf Qəhrəmanov, Ələkbər Hüseynov, Ədalət Mirzəyev və Rəhim Qədimov çıxış edərək bildirdilər ki, hər biriniz bizim övladımızsınız. Ruhinin, Ayazın, Məhəbbətin, Zülfinin yarımçıq qalmış ömürlərinin davamçıları sizsiniz. Arzularını siz həyata keçirin. Düşmənə qarşı amansız olun. Şəhidlərin ruhu o zaman rahat olar ki, erməni ayaqları torpaqlarımızdan birdəfəlik kəsilsin. Qaçqın və köçkünlərimiz ata-baba yurduna qayıtsın. Biz veteranlar hər zaman sizinləyik. Ali Baş Komandanın döyüş əmrinə biz də hər an hazırıq.
Keçmiş döyüşçülər və şəhid ataları hərbçilərimizlə birlikdə dövlət başçısının tarixi sərəncamından sonra yenidən bərpa olunan Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüşdülər. 2016-cı ilin aprel döyüşlərindən sonra strateji əhəmiyyətli yüksəkliyin - Lələtəpənin alınması ilə Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi tam təmin olunub. Bu gün ordumuzun qüdrəti sayəsində Cocuq Mərcanlıda həyat yenidən bərpa olunub. Erməni vandalları tərəfindən dağıdılan bu kənddə bu gün ən müasir infrastruktur qurulub, bərpa işləri aparılıb. Kənddə yenidənqurma işləri hələ də davam etdirilir. 20 ildən artıqdır ki, ölkə ərazisinə səpələnmiş cocuq mərcanlılar artıq öz elinə, obasına dönür. Cocuq Mərcanlı kəndini heç vaxt tərk etməyən, özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq burada yaşayan keçmiş könüllü döyüşçülərdən olan, bu gün isə kənd bələdiyyəsinin sədri, Birinci dərəcəli Əmək ordeninə layiq görülən Oktay Həziyev "Kəndimizin yenidən qurulması və sakinlərin ata-baba yurduna qayıdışı məhz Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin diqqət və qayğısı,  eləcə də ordumuzun gücü sayəsində həyata keçdi. O gün olsun ki, işğal altında olan bütün torpaqlarımız azad edilsin. Camaatımızın kəndə dönüşü qaçqın və köçkünlərimizdə ümid çırağını daha da alövlandırıb", - deyərək bəzi məlumatları diqqətimizə çatdırdı:
"Kənddə Prezidentin sərəncamı ilə məktəb və məscid inşa edillib. İnsanların yaşayış evləri ilə təmin olunması məqsədilə tikinti işləri hələ də davam etdirilir. İşğal altında olan digər kəndlərimizin sakinləri də gəlib Cocuq Mərcanlıda yaşamaq istəyir, bu barədə çoxlu sayda müraciətlər də var. Rayonumuzun Qarabağ veteranları, şəhid ailələri hər zaman ordunun yanındadır. Aprel döyüşlərində də biz keçmiş döyüşçülər səfərbər olunduq. 1992-1994-cü illərdə  gedən döyüşlərdə kəndimizdən yeddi nəfər şəhid olub, iki nəfər itkin düşüb".
...Uzaqdan Lələtəpə yüksəkliyi görünür. Orada Azərbaycanın qəhrəman övladları tarix yazdılar və tarixə yazıldılar... Orada  igid, qorxmaz, torpaqsevər oğullar gecə-gündüz  Vətəni qoruyur, düşmənə gözünü açmağa belə imkan vermirlər. Lələtəpədən torpaqlarımız müdafiə olunur. Düşmənin bir atəşi on atəşlə susdurulur. Lələtəpədən Şuşaya gedəcəkləri günün, şəhidlərimizin, Zəhraların, Aygünlərin, Farizlərin qisasını alacaqları günün, Cıdır düzündə Böyük Qələbənin sevincini yaşayacaqları günün həsrətindədir həmin oğullar...
Keçmiş döyüşçülər aprel şəhidlərinin xatirəsinə inşa edilmiş abidəni və iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni təxribatının qurbanı olan dinc sakinlər - Sahibə Allahverdiyevanın və onun iki yaşlı nəvəsi Zəhranın məzarını da ziyarət etdilər. 
İnsan övladı oyuncaqlarına qərq olmuş körpə Zəhranın kiçik məzarı başında həyəcansız dayana bilməz... Budur erməni vəhşiliyinin növbəti qurbanları. Yaxın və uzaq keçmişimizdən erməni vəhşiliyini sübuta yetirən çoxlu sayda belə faktlar göstərmək olar. Bu gün cəbhə xətti boyunca erməni silahlı qüvvələri tərəfindən aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdlər davam edir.
Veteranlar, şəhid ataları bölüyün şəxsi heyəti ilə də söhbətlər apardılar, Ali Baş Komandanın əmri ilə ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər başlayarsa, ordumuzun yanında olacaqlarını vurğuladılar.
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"