Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2017 09:53

Qalib divizion

Qəzetimizin ötən nömrələrində "Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu" adı uğrunda yarışların keçirilməsi barədə məlumat vermişdik. Azərbaycan Ordusunun bütün  hərbi birliklərində, Əlahiddə Ümumqoşun Ordusunda və digər artilleriya hərbi hissələrində yüksək döyüş hazırlığına malik divizionların müəyyən edilməsi üçün öncə yerlərdə təxminən bir həftə davam edən yarışlara  ən yaxşı artilleriya bölmələri cəlb edilmiş, ən yaxşılar Silahlı Qüvvələr üzrə birincilik uğrunda mübarizə aparmışdı. Onların yarışda göstərdiyi müxtəlif parametrlər üzrə nəticələri yuxarı komandanlığın nümayəndələri tərəfindən dəyərləndirilirdi.
Yarışlara bu günlərdə yekun vurulub və Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu adına "N" hərbi hissəsinin hərbi kollektivi layiq görülüb.
Qalib topçuların öz bacarığını nümayiş etdirdiyi yarışda biz də iştirak etdik və bu kollektivin nəyə qadir olduğunu təlim meydanında gördük.
- Bizim artilleriyaçılar birliyin ən yaxşı divizionu adına layıq görüldüyü üçün bu yarışlara qatılıb, - zabit Vəli Ələsgərov demişdi. - Bu kollektiv həmişə yüksək döyüş bacarığı ilə fərqlənib. Bölmə əvvəllər də "Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu" adı uğrunda keçirilən yarışda iştirak edib və yüksək yerlər tutub. İndi də şəxsi heyət döyüş hazırlığı dərsləri və praktik məşğələlərdə qazandıqları bilik və bacarıqlarını nümayiş etdirdi.
Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş döyüş hazırlığı planına uyğun il ərzində nəzərdə tutulan tədbirlər hərbi hissədə artilleriyaçılar tərəfindən qrafik üzrə həyata keçirilməkdədir. Gündəlik döyüş hazırlığı məşğələlərində topçular ixtisas, taktiki və atış bacarıqlarını artırır, silahların taktiki-texniki xüsusiyyətlərini öyrənir, doldurucudan tuşlayıcılara qədər, heyətdən diviziona qədər  vahid mexanizm kimi hərəkət etmə vərdişlərini mənimsəyirlər. Divizion istənilən zaman həyəcan siqnalı ilə istənilən cəmləşmə rayonuna çıxmağa, döyüş aparmağa hazır və qadirdir.
Kollektivin qazandığı uğurlarda, təbii ki, ilk növbədə zabitlərin zəhməti qeyd edilməlidir.  Ramil Qasımov, Rəşad Rəşidov, Mirqafar Ələkbərov, Əfqan İsmayılov və başqaları şəxsi heyətin döyüş ustalığının artırılması üçün əllərindən gələni əsirgəmirlər. Onların rəhbərliyilə topçular həvalə edilmiş qurğuların istismarını lazımınca mənimsəyiblər və praktik olaraq onlardan istifadə etməyi bacarırlar.
Yarış prosesində öncə bölmələrin fəaliyyətinin ayrılmaz hissəsi olan sıra baxışı keçirildi, topçuların  xarici görkəmi, silah və texnikaların vəziyyəti də diqqətlə yoxlanıldı.
Sıra baxışından sonra komanda ilə batareyalar döyüş mövqeyi tutmaq üçün hərəkətə gəldilər. Avtomobillər  müəyyən edilmiş məkanda  əsas atəş mövqeyində topları açdılar, tez bir zamanda sığınacaqlara çəkildilər.
Burada verilən komandalar əsasında heyət üzvləri topları döyüşə hazır vəziyyətə gətirdilər. Belə heyətlərdən birinin fəaliyyətini yaxından izləmək imkanımız oldu.
- Döyüşə! - komandası verilən kimi top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elşad Abdıyev heyət üzvlərinə əmri təkrar səsləndirdi.
Onlarla birlikdə çavuş qurğunu hazır vəziyyətə gətirməyə başladı. Heyət nəfərləri olan müddətli hərbi qulluqçuların  da vəzifə borclarını mükəmməl öyrəndikləri hiss edilirdi.
Hər bir heyət üzvü dərhal əmri yerinə yetirməyə başladı və topçular vəzifə bölgüsünə uyğun hərəkət edərək qurğunu döyüşə hazır vəziyyətə gətirməyə tələsdilər. Baş tuşlayıcı əsgər Xaliq Qəmbərov optik cihazı cəld qılafından çıxardı, nişangahın səbətciyinə bərkidib sıfır vəziyyətinə gətirdi.
Digər topçular çevik hərəkətlə  qundaq qolunu açdılar. Klini döyüş vəziyyətinə gətirdikdən sonra topun arxasında öz yerlərini tutdular. Top komandiri dərhal bayrağı qaldırıb heyətin döyüşə hazır olduğunu bildirdi.
Sonra batareyalar yarışın şərtlərinə uyğun olaraq atış hazırlıqlarını nümayiş etdirdilər.
Azərbaycan Ordusunun dünyanın ən müasir ordularından olması "Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu" adı uğrunda keçirilən yarışda bir daha təsdiqləndi.
Məlum aprel döyüşlərində pilotsuz uçuş aparatları havada düşmən ordusu üzərində ordumuzun üstünlüyünü təmin etmişdi. Bu gün PUA-lar dünyanın qabaqcıl ordularında geniş yayılıb və bu ənənə Silahlı Qüvvələrimizdə də öz yerini tutmaqdadır. Artıq bu uçuş aparatları Silahlı Qüvvələrimizdə döyüş hazırlığı prosesinin ayrılmaz tərkib hissəsidir. Yarış zamanı məhz PUA-ların köməyilə müvafiq imitasiyalardan sonra artilleriya atəşinə korrektə edilirdi. Bu da topların hədəfləri dəqiqliklə məhv etməsi üçün mühüm amil kimi dəyərləndirilir.
Yarışın şərtlərinə uyğun olaraq batareyalara növbəti tapşırıqlar verildi. Hər müdaxilə döyüş şəraitinə maksimum yaxın şəraitdə icra edilirdi.  Qəflətən ərazidə "mərmilərin" partlamasına görə divizion üçün həyəcan siqnalı verildi. Komanda ilə batareyalar çevik qaydada topları səfər vəziyyətinə gətirib atəş mövqeyini tərk etdi. Divizionun bütün şəxsi heyəti hazırlanmamış əraziyə çıxaraq yenidən atəş mövqeyi tutdu, verilən komandalara uyğun tapşırıqları yerinə yetirdi. Burada da batareyaların fəaliyyəti yuxarı komandanlığın nümayəndələri tərəfindən normativlərə uyğun yoxlanıldı və lazımi qeydlər  aparıldı.
Zabitlərin ovqatından və şəxsi heyətin davranışından hiss edilirdi ki, batareyalar yuxarı komandanlığın verdiyi tapşırıqları bacarıqla və qüsursuz yerinə yetirib.
- Bütün tapşırıqlar yarış zamanı normativlərə uyğun icra olundu, - yarış yekunlaşdıqdan sonra zabit Rəşad Rəşidov dedi. - Əvvəlcə əsas atəş mövqeyində, sonra ehtiyat atəş mövqeyinə çıxaraq topçular  meteo şərait nəzərə alınmaqla tapşırıqları yerinə yetirdilər. Hesab edirəm ki, batareyalar öz vəzifələrinin öhdəsindən bacarıqla gəlməyi bacardılar. Top komandirlərindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Vüqar Mahmudov, Müşfiq Məsiyev, Elşad Abdıyev və başqaları  heyətlərilə birlikdə yüksək hazırlıq nümayiş etdirdilər.
Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu adına layiq görülmüş  "N" hərbi hissəsinin hərbi kollektivi komandanlıq tərəfindən mükafatlara layiq görüldü.
Əbülfət MƏHƏRRƏMOĞLU