Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2017 09:30

“Biz düşməndən güclüyük”

Yol boyu ətrafa göz gəzdirirəm. Ətraf yam-yaşıldır. Dar və çətin keçilən yollar bizi bölmənin dayaq məntəqəsinə aparır.
Bu da bölmənin yerləşdiyi dayaq məntəqəsi. Ərazidəki səliqə-sahman, şəxsi heyətin nizam-intizamı xidmətin düzgün təşkilindən xəbər verir. Ərazidə "Qarabağı düşməndən azad edək", "Düşmən bizim torpağımızda ölümə məhkumdur", "Ya Qarabağ, ya ölüm" kimi plakatlar bölmədə mənəvi-psixoloji hazırlıq işinin düzgün aparıldığını və şəxsi heyətinin yüksək döyüş ruhunda xidmət etdiyini göstərir. Bölmə komandiri əvəzi kapitan Orxan Əlimərdanov düşmənin atəşkəsi vaxtaşırı pozduğunu bildirir. "Qarşı tərəf atəşkəsi tez-tez pozur. Postlarda ayıq-sayıq dayanan, qorxmaz, cəsur əsgərlərimiz onları cavab atəşi ilə susdurur. Onlardan qat-qat güclü olduğumuzu  yaxşı bilən hər bir əsgərimiz, düşməni məhv etməyə daim hazırdır.
Biz düşmənə gücümüzü aprel döyüşlərində göstərdik. Ali Baş Komandanın əmri ilə döyüşməyə tam hazırıq".
Bölmənin döyüş postlarından birindəyik. Baş leytenant Mehdi Əsgərov xidmətin uğurla davam etdiyini, qarşıdakı düşmənin daim nəzarətdə olduğunu deyir.
- Tabeliyimdəki əsgərlər nizam-intizamlı, vətənpərvər və bacarıqlı döyüşçülərdir. Döyüş növbəsində ayıq-sayıq xidmət apararaq, düşmən mövqelərini nəzarətdə saxlayırlar.  Belə vətənpərvər əsgərlərlə bir yerdə xidmət etməkdən qürur duyuram. Onlara hərbi biliklər öyrədir, hər birinin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşə atılmağa hazır olan döyüşçülər kimi formalaşması üçün əlimdən gələni edirəm.
Taqım komandirinin müavini gizir Ramin Rüstəmovla səngərə daxil oluruq.
Düşməni nəzarətdə saxlayan əsgərlərlə söhbətləşirəm. Əsgər Vüsal Zeynalov Ağdam rayonunda qaçqınlar şəhərciyində dünyaya göz açıb. Əslən Laçındandır. "Ata-baba torpağım olan Laçın mən hələ dünyaya gəlməmişdən öncə işğal olunub. Mən kəndimizi ancaq şəkillərdə görmüşəm. Valideynlərim mənə keçmiş xatirələrindən danışanda kövrəlirlər. Hətta bu yaxınlarda atamla danışanda hiss etdim ki, yenə kövrəlib. Nə olduğunu soruşanda mənə Cocuq-Mərcanlı kəndinə köçən ailələrdən danışdı".
...Aprel döyüşlərini xatırlayıram. Azərbaycan əsgəri düşməni məğlubiyyətə uğratdı. Torpaqlarımızın bir qismini işğaldan azad etdi. Vüsal kimi neçə gəncin doğma el-oba, torpaq həsrətinə son qoydu...
... Əsgər Dəyanət Yusubovun "Növbədə olduğum zaman heç bir hadisə baş verməyib" məruzəsi məni xəyaldan ayırır. 1 ildən artıq xidmət edən əsgər Elnur Ağayev xidmətə Bakı şəhərindən çağırılıb. Atıcı əsgər döyüş növbəsində ayıq-sayıq dayandığını deyir.
- Üzərimə düşən məsuliyyəti yaxşı dərk edərək, xidmətimə ciddi yanaşıram. Bu vəzifənin öhdəsindən bacarıqla gəlmək üçün əlimdən gələni edirəm. Xidmətə gəldiyim ilk gündən komandirlərimin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirməyə çalışıram. Torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə atılmağa hazıram.
Səngərdə irəlilədikcə bu yerlərdə xidmət edən əsgərlərlə həmsöhbət olmağın sevincini yaşayıram. Onları tanıdıqca vətənpərvərliklərini, Vətən sevgilərini, düşmənə nifrətini onların öz dilindən eşitdikcə qürurlanıram.
Röyal Əliyev hərbi xidmətə Ağcabədi rayonundan çağırılıb. 10 aydır xidmət edən əsgər  hərbi xidmətdə yadda qalan günlərindən, əsgər dostlarından söz açır:
- Bir gənc üçün əsgər olmaq ən böyük sevincdir. Əsgəri forma geyinirsən, torpaqlarımızın keşiyində dayanırsan. Hərbi andiçmə günü yadda qalan günlərdən biridir. Bir əlim silahda, bir əlim əsgər yoldaşımın çiynində Vətənə sədaqət andi içdiyim o gün yaddaşımdan silinməz. Təntənəli marşla keçiddən sonra, atam əlini çiynimə qoyub "Səninlə fəxr edirəm, oğul, unutma, bütün Azərbaycan xalqı siz əsgərlərlə fəxr edir!" dedi. Atamın sözlərini eşitdikdə, qürurlu baxışlarını gördükdə anladım ki, həyatda əsgər olmaq qədər qürurverici hiss yoxdur.
... "Gözlər qəlbin aynasıdır" deyirlər. Röyalın ürəyindəki Vətən sevgisi, vətənpərvərlik hissi gözlərindən oxunur.
İstirahət növbəsində olan əsgərlərlə - Dəyanət Yusubov və Çingiz Xəlilzadə ilə söhbətləşirəm. Onlar da “Əlimiz tətikdə, gözümüz nişangahda düşmən qarşısında ayıq-sayıq dayanmışıq” - deyirlər.
Bu səngərlərdən - Samidlərin, Fəridlərin, Mübarizlərin, Çingizlərin davamçıları olan əsgərlərimizdən Ali Baş Komandanımızın "Üçrəngli bayrağımız tezliklə Şuşada, Xankəndidə, işğal olunmuş digər torpaqlarda da dalğalanacaq" inamıyla ayrılırıq...
Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu", foto C.CƏFƏROVUNDUR