Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2017 10:02

“Gənc Heydərçilər”in yay düşərgəsi başa çatdı

Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi "Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi on gündən artıq davam etmişdir. Bu tədbirin başlıca qayəsi gənc nəslin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyə olunması idi.
Səbail rayonundan təhsildə və idmanda fərqlənən, eləcə də xüsusi istedada malik, həmçinin cəbhə bölgəsində xidmət edən hərbi qulluqçuların övladları daxil olmaqla 150 nəfər yeniyetmənin cəlb olunduğu yay istirahət düşərgəsi "N" hərbi hissəsində reallaşıb. Bu, şagirdlərə hərbi biliklər aşılanmasına zəmin yaradıb.
"Gənc Heydərçilər" əsgər kazarmalarından birində yerləşdirilmişdi. Burada onlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, ordu quruculuğuna, milli qəhrəmanlarımıza həsr olunmuş stendlərlə, hərbi təlimatlarla, şəxsi heyətin gündəlik həyat və fəaliyyəti ilə, hərbi hissədəki şəraitlə, döyüş texnikası və silahlarla tanış olublar. Yeniyetmələrin ordu haqqında təəssüratları xeyli zənginləşib.
Düşərgəyə yola düşməzdən əvvəl məktəblilərə xüsusi formalar paylanılıb. Yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, meyvə-tərəvəzlə, süd məhsulları ilə təmin olunub. Onların təlim-tərbiyəsi ilə rayon orta məktəblərində çalışan idman və çağırışaqədərki ibtidai hazırlıq müəllimləri, hərbi hissənin zabitlərindən, çavuş və əsgərlərdən ibarət qrup məşğul olub. "Gənc Heydərçilər" Quba, Qusar, Xaçmaz rayonlarına gəzinti zamanı Heydər Əliyev mərkəzlərində, Gənclər evində, Xalça və şəxsiyyətlər muzeylərində, Şahdağ qış-yay turizm kompleksində olublar. Yeniyetmələrin Quba Soyqırımı Memorial Kompleksinə gəzintisi də təşkil olunub. Məktəblilər Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olan Çingiz Qurbanovun məzarını da ziyarət ediblər.
Yeniyetmələrə sonuncu gün "Qayı bulaq" restoranında ziyafət təşkil olunub. Məktəblilər ənənəyə sadiq qalaraq tonqal qalayıblar.
On gündən artıq davam etmiş "Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi başa çatan gün təntənəli mərasim keçirilib. Mərasim başlamazdan əvvəl Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov, polkovnik Mehman Kərimov, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova, Qusar rayon İcra Hakimiyyəti Başçısının müavini Zoya Eldarova və başqa qonaqlar hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Qonaqlar sıra meydanında "Gənc Heydərçilər"in 4 illik fəaliyyətindən bəhs edən plakatlara baxıblar. Sonra "Gənc Heydərçilər" iştirakçılar qarşısında düşərgədə olduqları müddətdə öyrəndikləri bilik və vərdişləri nümayiş etdiriblər - əleyhqaz geyiniblər, atıcı silahları natamam söküb-yığıblar, döyüş meydanında qalmış "yaralıya" ilk tibbi yardım göstərildikdən sonra onu xərəkdə döyüş meydanından çıxarıblar.
"Gənc Heydərçilər"dən ibarət "xüsusi təyinatlılar" öz məharətlərini göstəriblər. Düşərgədə məktəblilər üçün bır sıra idman növü üzrə yarışlar təşkil olunub, qaliblər müəyyən edilib.
Bağlanış mərasimi də maraqlı keçdi. Müdafiə Narizliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik-leytenant Əfqan Əliyev mərasimi açıq elan etdi. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himnini oxudular. Sonra "Gənc Heydərçilər" təntənəli marşla qonaqların qarşısından keçdilər.
Tədbirdə çıxış edən polkovnik Mehman Kərimov "Gənc Heydərçilər"in təlim və tərbiyəsindən razı qaldığını, yeniyetmələrin hərbi xidmət haqqında müəyyən məlumatlar əldə etdiyini, bir çoxunun gələcəkdə bu peşənin davamçıları olacağına əminliyini bildirdi.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən söz açaraq, gələcək nəslin Vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu yüksək qiymətləndirdi.
İdman yarışlarında, nizam-intizamda fərqlənmiş məktəblilərə mükafat və hədiyyələr təqdim olundu. Həmçinin, "Gənc Heydərçilər"in mənalı istirahətini təşkil etmiş hərbçilər və mülki əməkdaşlar mükafatlandırıldılar.
Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR