Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2017 09:55

“Torpaqlarımız azad ediləcək”

Ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə Azərbaycan gənclərinin birinci forumunda çıxışında gənclərin qarşısında dayanan əsas vəzifələrini xatırladaraq Vətənə şərəflə xidmət etməyin və hərbi peşələri seçərək ordu quruculuğunda yaxından iştirak etməyin nə dərəcədə gərəkli olduğunu da demişdir.
Doğrudan da, müstəqillik əldə etdiyimiz ilk günlərdə, ordumuzun formalaşdığı illərdə ürəyində Vətən, millət, torpaq sevgisi olan gənclərimiz talelərini hərbi işə bağladılar. İllər bir-birini əvəzlədikcə bu hal daha da geniş vüsət aldı. Yeniyetmələr Vətənin sinəsinə çəkilən dağı anlayıb dərk etdilər. Çoxları böyüdükcə hərb sənətini tale yolu seçdilər. Onlardan biri də baş leytenant Elvin Kazımovdur.
Elvin hələ erkən yaşlarında zabit olmaq qərarına gəlir. 14 yaşlı yeniyetmə sənədlərini əsası Ulu Öndərimiz tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verir. İlk sıra addımlarını atdığı günlər həyat yolunun başlanğıcı, aldığı hərbi təhsil tutduğu yolun çırağı olur. 2006-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Mətkəbinə daxil olur.
Oxuduğu illərdə Elvini maraqlandıran, düşündürən əsas məqsəd Vətəni üçün gərəkli bir peşənin - zabit sənətinin bacarıqlı sahibi olmaq üçün hərbi biliklərə dərindən yiyələnmək idi. Bundan ötrü  ideal hesab etdiyi tarixi sərkərdələrimizin, ali rütbəli zabitlərimizin ömür yolunu özünə örnək bilirdi.
Beləliklə, gənc zabit Elvin Kazımov 2010-cu ildə ilk hərbi rütbə alaraq Vətən, torpaq, xalq, millət yolunda son damla qanına qədər döyüşəcəyinə and içir. Leytenant hərbi rütbəsini aldığı günü ömrünün ən əlamətdar günü hesab edir. Ona elə gəlir ki, həmin gün ömür kitabının ən təmiz səhifələrinə qızıl hərflərlə yazılıb.
İlk hərbi vəzifəsinə ön xətdə yerləşən hərbi hissələrdən birində başlaması onun ürəyindən xəbər verirdi. Yuxusuz gecələr, düşmənlə üzbəüz keçən günlər, cəbhə bölgəsinin özünəxas xüsusiyyətləri Elvinin qısa müddətdə bacarıqlı zabit kimi formalaşmasına zəmin yaradır. İllər bir-birini əvəz edir. İndi bir vəzifə irəli çəkilib və daha məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlir. "Torpaqlarımız azad olana, Qarabağ həsrəti bitənə qədər ön xətdə xidmət edəcəyəm. Qardaşım Elçin Kazımov da cəbhədəki hərbi hissələrdən birində zabitdir. Biz uşaq olanda atam deyirdi ki, sizlər mənim övladım, lakin bu torpağın oğlusunuz. Odur ki, hər ikimiz Vətən torpağı uğrunda döyüşməyə hazırıq", - gənc zabit deyir.
Elvini də daim Vətən təəssübü narahat edir. Cəbhə xəttində xidmətini bölük komandiri kimi davam etdirən vətənpərvər zabitin qarşısında mühüm bir tapşırıq dayanır: tabeliyində olan şəxsi heyəti daim döyüşə hazır vəziyyətdə saxlamaq, onların mənəvi-psixoloji ruhunu yüksək tutmaq.
Təhsil aldığı illərdə öyrəndiklərinə, oxuduğu yeniliklərə istinadən tabeliyində xidmət edən əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsini təmin edən gənc zabitimizə Vətənimizin qorunması uğrunda müqəddəs mübarizədə uğurlar arzulayırıq.
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR