Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2017 11:47

“Vətən torpağının keşiyindəyəm!”

"Azərbaycan Ordusu" qəzetində dərc olunan əsgər məktublarını oxumaq bütün əsgər yoldaşlarım kimi mənə də hər zaman xoş hisslər aşılayır. Mən də ailəmə yenə məktub yazmaq istədim. Əgər bu məktubu doğma qəzetimizdə dərc etsələr, onu bütün əsgər valideynləri oxuyacaq. Bu isə məni daha da həvəsə gətirər. Düşündüm ki, "Azərbaycan Ordusu"nun əməkdaşları bizimlə görüşə gəldikdə məktubu onlara verəcəm. Və bu gün onlar hərbi hissədədir. Məktub yazmaq istədiyimi bildirdim. İstəyimi xoş təəssüratla qarşılayan qəzetin əməkdaşı mənə qələm və dəftər verdi. Tənhalığa çəkilib düşüncələrimi qələmə aldım.
Salam, ana. Necəsən? Bilirəm, indi mənim otağımda əyləşibsən, Vətənə sədaqət andı içdiyim günü birlikdə çəkdirdiyimiz şəklimi qarşına qoyub məktubumu oxuyursan. Heç kəsə bildirməsən də, ürəyində ayrılıq həsrəti var. Narahat olma, mən uzaqda deyiləm. Əsgər formasında kimi görürsənsə, hamısı mənəm. Çünki o formanı daşıyanların hamısı bir məqsəd üçün yaşayır, nəfəs alır - Vətənin keşiyində dayanmaq, torpaqlarımızı müdafiə etmək...
Mən çox yaxşıyam. Xidmətə ilk gələn günlərdə bəzən çətinliklərim də olurdu. Amma indi çoxlu silahdaşım, dava dostlarım var. Dava dostu deyəndə ürəyinə başqa fikirlər gətirmə, əziz anam. Bizim bir davamız var - Qarabağı düşməndən azad etmək uğrunda döyüş. Dostlarımla birgə gündəlik məşğələyə gedirəm, növbətçi çıxıram, bir süfrədə nahar edirik, maraqlı günlərimizdən danışır, sirlərimizi bölüşürük. Hə, yemək demişkən, bilirəm, bütün əsgər anaları kimi sən də daim düşünürsən ki, görəsən, oğlum nə yeyir, nə içir. Narahat olma, ana, burada hər cür şərait yaradılıb. Biz burada da ana əllərindən qidalanırıq. Ağ xalatlı qadınlar eynilə evdə olduğu kimi dadlı yeməklər bişirir, milli mətbəximizin gözəl təamlarından hazırlayırlar.
Xidmətimi uğurla davam etdirirəm. Gənc əsgər hazırlığından sonra artilleriya bölməsinə təyin olundum. Burada həvəslə xidmət edir, öhdəmə düşən vəzifələri vaxtında və dəqiq yerinə yetirirəm. Vətənimizə layiqli əsgər olmaq üçün əlimdən gələni edirəm. Ən böyük arzum əsgəri xidmətimi layiqincə başa vurub sizlərin yanına başıuca qayıtmaqdır. Buna görə də əsgəri xidmətdə hərbi biliklərə dərindən yiyələnirəm. Savadlı komandirimiz bizə döyüş hazırlığından, taktiki hazırlıqdan dərslər keçir. Artilleriyanın sirlərinə yiyələnib, silahlardan istifadə etmək bacarığı qazanmışam. Ordumuza layiq əsgər olmaq istəyirəm.
Ana, atam necədir? Həmişə mənə və qardaşıma Kəlbəcərdən danışardı. Onun gözəl təbiətindən söz açanda, köhnə fotoşəkillərə baxanda gözləri dolardı. Ali Baş Komandanımız döyüş əmri versə, torpaqlarımızı işğalçılardan təmizləyəcəyik və Kəlbəcər də azad olunacaq. Həmin vaxt atamın gözündəki sonsuz sevinc hissini görmək, ata-baba torpağına birlikdə qədəm qoymaq mənim üçün ən ülvi hiss olacaq. Məni xidmətə yola salanda qulağıma dediyi sözü heç vaxt unutmaram. "Oğul, sən Azərbaycan Ordusunun əsgərisən. Başını dik tut. Nə düşməndən, nə də onun atacağı güllələrdən heç vaxt qorxma." Atamın bu sözləri təkcə xidmət müddətində yox, ömrümün axırınadək mənim şüarım olacaq. Atama de ki, hər yerdə qürurla deyə bilər ki, Azərbaycanın güclü ordusu və ordumuzun vətənpərvər döyüşçüləri var.
Bacılarım, qardaşım, qonşumuz - Süleyman, Nurəddin, Sahil necədirlər? Onlara da salam de. Məktubumu  bacımın oğlanlarına da oxuyarsan. Onlar da bir vaxt ordumuzun əsgərləri olacaqlar. Ana, nəvələrinə ordumuzun gücündən, Mübarizin, Fəridin, Çingizin və başqa şəhidlərimizin qəhrəmanlıq nümunələrindən danışın. Qoy bilsinlər ki, güclü, qüdrətli ordumuz var. Bu ordunun əsgəri olmaq isə ən böyük fəxrdir.
Ana, səndən bir də xahiş edirəm: məndən nigaran qalma. Mən müqəddəs Vətən torpağının keşiyindəyəm və çox bəxtəvərəm. Özündən muğayat ol. Hələlik...

Əsgər Elcan VƏLİZADƏ