Rəfael Səfərov 1983-cü ildə Mingəçevir şəhərində anadan olub. Ailənin tək oğludur. Erkən yaşlarından hərbə maraq göstərib. Atası Tapdıq Səfərov Vətənin ağır günlərində könüllü olaraq Ağdam döyüşlərində iştirak edib. Onda Rəfael orta məktəbin ibtidai sinfində təhsil alırdı. Atasının mülki həyatını səngər həyatı əvəz etmişdi. Hərdən evə gələndə Rəfaelin başına sığal çəkər, “Böyüyəndə sən də Vətən keşikçisi olacaqsan” deyərdi. Rəfael atasının hərbi formasına maraqla baxar, özünü onun yerində hiss edərdi.
Rəfaelin 11 yaşı olanda atası Ağdam rayonunun Güllücə kəndində gedən döyüşlərdə şəhid oldu. Həmin gündən atasının yolunu davam etdirmək qərarına gəlir.
Mingəçevir şəhərində görkəmli dövlət xadimi Nəriman Nərimanovun adını daşıyan 1 saylı orta məktəbdə keçirilən mədəni-kütləvi tədbirlərdə, hərbi idman oyunlarında fəal iştirak edirdi. Bir dəfə inşa yazanda gələcəkdə zabit peşəsinə yiyələnəcəyindən, atasının yolunu davam etdirəcəyindən bəhs edib. Məqsədinə nail olmaq üçün 2001-ci ildə orta təhsilini müvəffəqiyyətlə bitirən Rəfael ulu öndər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ali hərbi məktəb həyatı onu daha da mətinləşdirib, zabit peşəsinin sirlərinə dərindən yiyələnib. Ata nəsihəti, ata öyüdü həmişə həyat meyarına çevrilib.
2005-ci ildə hərbi təhsil ocağını müvəffəqiyyətlə bitirdi və ona leytenant rütbəsi verildi. O gün həyatının unudulmayan, tarixləşən günü oldu. Təlim kursunu da yüksək göstəricilərlə başa vurdu və "N" hərbi hissəsinə taqım komandiri təyin olundu. İlk günlərdən göstərilən etimadı doğrultmağa çalışan Rəfael vətənpərvər zabit kimi tanındı. Tabeliyindəki şəxsi heyət döyüş tapşırıqlarına müntəzəm əməl etdi. Həmişə öncüllər sırasında oldu. Komandanlıq tərəfindən bir neçə dəfə fəxri fərmana, qiymətli hədiyyələrə layiq görüldü.
Cəbhə bölgəsində xidmət edəndə də həmişə göstərilən etimadı doğrultdu. Təlimlər, məşğələlər zamanı yüksək döyüş hazırlığı nümayiş etdirdi. Xeyli vaxtdır ki, cəbhə bölgəsində xidmətini davam etdirir, ona məsuliyyətli vəzifə etibar olunub. Ordu həyatının əsası olan döyüş hazırlığının yüksəldilməsində xidmətləri həmişə yüksək qiymətləndirilir. Şərəfli zabit ömrü yaşayan Rəfael Səfərov deyir:
- Atam döyüşdə şəhid olub. Zabit olacağımı qarşıma məqsəd qoymuşdum. Zabit peşəsinə yiyələndim. Qürur hissi keçirirəm ki, Azərbaycan zabiti adını daşıyıram və atamın müqəddəs arzusunu gerçəkləşdirmişəm. Vətənimizin ərazi bütövlüyünü bərpa etmək bizim üzərimizə düşür. Bu vəzifəni yerinə yetirəcəyik. Qələbə günümüzdə atamın, şəhidlərin ruhları da şad olacaq. Bu böyük missiyanı respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında mütləq həyata keçirəcəyik.
Zabit qazanılan nailiyyətlərdə şəxsi heyətin hər bir üzvünün xidmətini xüsusi vurğulayır.
Birlik olmasa, yüksəlişə nail ola bilməzsən. Zabitlər Tural Bəşirov, Niyazi Rüstəmov, Tural İsayev və başqaları da vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər.
Silahlı Qüvvələrin yubiley, "Qüsursuz xidmətlərə görə" medalları ilə təltif olunub. O, ucalığa aparan yolda inamla addımlayır. Xoşbəxt ailə başçısıdır. Tapdığın 4 yaşı var, Davud hələ körpədir. Kim bilir, bəlkə Tapdıq da babasının, atasının davamçısı olacaq, ömrünü Vətənə həsr edəcək.
...Rəfael atasının yolunu davam etdirdiyinə görə taleyindən razıdır.
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"