Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2017 11:44

Mənəvi-psixoloji hazırlıq yüksək səviyyədə təşkil edilir

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən, əsgərin döyüş hazırlığı xüsusi əhəmiyyət kəsb edir. Döyüş hazırlığının yüksəldilməsinə önəm verən Müdafiə Nazirliyinin rəhbərliyi hər zaman şəxsi heyətlə keçirilən dərsləri  də diqqətdə saxlayır. Sıra hazırlığı, taktiki və atəş hazırlığı ilə yanaşı, ictimai-siyasi hazırlıq dərsləri də əsgərlərin döyüş ruhunu artırır.
Bu yaxınlarda Silahlı Qüvvələr üzrə keçirilən "Ən yaxşı ictimai-siyasi hazırlıq qrupu" yarışının təşkil edilməsində məqsəd, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qeyd etdiyi kimi, tutduğu vəzifəsindən asılı olmayaraq hər bir hərbi qulluqçunun tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadir olmasını və vəzifələrini döyüş şəraitinə uyğun bacarmasını təmin etməkdir. Silahlı Qüvvələrdə döyüş hazırlığını yüksək səviyyədə saxlamaq dövlətçiliyin tələbidir.
Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində ictimai-siyasi hazırlığın əhəmiyyəti danılmazdır. Məlum olduğu kimi, şəxsi heyətin mənəvi-psixoloji tərbiyəsi ictimai-siyasi hazırlıqdan keçir.
2017-ci ilin hazırlıq planına uyğun olaraq, mayda Silahlı Qüvvələr üzrə keçirilən "Ən yaxşı ictimai-siyasi hazırlıq qrupu"nun müəyyən edilməsi yarışında birinci yeri tutan bölüyün şəxsi heyəti ilə yaxından tanış olduq.
Divizion komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Elxan İmranov bildirdi ki, bir bölməmiz əsgər qrupu ilə keçirilən ictimai-siyasi hazırlıq dərsində daha çox fərqlənməyi bacardı: "Batareyamız həm birlik daxilində, həm də Silahlı Qüvvələrdə keçirilən yarışda birinci yerə çıxdı. Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin yüksək rütbəli zabitləri təşkil etdiyimiz açıq dərsdə iştirak etdi. Videogörüntülərlə və əlavə materiallarla təmin edilən həmin ictimai-siyasi hazırlıq dərsi rəhbərlik tərəfindən yüksək qiymətləndirildi. Odur ki, qrupumuz Silahlı Qüvvələrdə "Ən yaxşı ictimai-siyasi hazırlıq qrupu" elan edildi. Bu dərsdə fərqlənənlərdən qrup rəhbəri leytenant Elməddin Vəlicanov, əsgərlər Fuad Əbdürrəhimov, Mirağa Hüseynov, Qurban Musayev və mən hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunduq".
- İctimai-siyasi hazırlıq dərsləri şəxsi heyətin döyüş ruhunun artırılmasında mühüm əhəmiyyət kəsb edir, - deyə kapitan İmranov sözünə davam etdi. - Hər dəfə çalışırıq ki, keçirilən dərslərdə tarixi qəhrəmanlarımız, torpaqlarımızın müdafiəsi zamanı rəşadət göstərən hərbi qulluqçularımız, Milli Qəhrəmanlarımız, dövlət və dövlətçiliyimizin qorunması yolunda xidmət göstərmiş Ümummilli Liderimizdən misallar gətirək, onların şərəfli ömür yoluna işıq salaq. Aprel döyüşləri də sübut etdi ki, qəhrəmanlarımızın keçdiyi yolu şərəflə davam etdirən minlərlə hərbi qulluqçumuz var. Onların qarşısında bir məqsəd durur: torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş hərbi qulluqçularımızın yolunu inamla davam etdirmək və bununla da Ümummilli Liderimizin əsasını qoyduğu yolun yolçuları olmaq.
Bakı İqtisad Universitetinin məzunu olan əsgər Fuad Əbdürrəhimov bildirdi ki, ictimai-siyasi hazırlıq dərsləri həftədə iki dəfə keçirilir. "Bu dərslərin böyük əhəmiyyəti var. Orta və ali təhsil aldığım zaman tariximiz haqqında öyrəndiklərimə baxmayaraq, hər zaman yeni nəsə öyrənirəm.”
Əsgər Mirağa Hüseynov da ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyətini qeyd edərək dedi ki, Vətənə əsgər olmağına çox sevinir. Günlər keçdikcə ordu həyatına alışdığını bildirən həmsöhbətim zabitlərin, komandirlərin zəhməti hesabına hərbi bilikləri mənimsədiklərini dedi. Sözünün davamı olaraq qeyd etdi ki, Vətənə canla-başla xidmət etmək, torpaqlarımızın keşiyində durmaq onun müqəddəs borcudur: "Hər kəs Vətənini sevməlidir. Çünki Azərbaycan babalarımızın və atalarımızın da doğulduğu məkanın adıdır. Bir əsgər olaraq hər birimiz Vətənimizin tarixini bilməli, torpaq uğrunda canımızı fəda etməliyik".
Komandanlıq tərəfindən fəxri fərmanla təltif olunan əsgər Qurban Musayev Vətəni, doğma yurdu, torpaqlarımızı qoruduğundan şərəf duyduğunu bildirdi: "Hər bir vətəndaşın əsas borcu Vətənini sevməkdir.  Hər birimiz Vətənimiz Azərbaycanın fədakar övladı olmalıyıq. İctimai-siyasi hazırlıq dərslərinin hesabına ümummilli dəyərlərimizi daha dərindən öyrənirik. Sevindirici haldır ki, batareyamız ən yaxşı ictimai-siyasi qrup seçildi və dostlarım, komandirlərim fəxri fərmanla təltif edildilər. Bu qələbədə şəxsi heyətin hər bir üzvünün gərgin əməyi var. İnanıram ki, çəkilən bütün zəhmət bizi böyük Qələbəyə yaxınlaşdırır".
Əsgərlərlə söhbətdən sonra bir fikir düşüncələrimizə hakim olur: bu əsgərlər tezliklə Azərbaycan xalqına Böyük Qələbənin sevincini bəxş edəcəklər!..

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"