Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2017 11:43

“Vətənə xidmət ən şərəfli peşədir”

Rabitəçilər də günün nizam qaydalarına uyğun xidmət edir

- Hərbi hissənin rabitəçiləri ilk növbədə döyüş növbəsi aparır, bilavasitə bölmələr arasında rabitənin yaradılması ilə məşğuldurlar, - zabit Həsən Mahmudov dedi. - Yuxarı komandanlıqla tabelikdəki bölmələr arasında davamlı əlaqənin saxlanılması üçün növbəyə gedən mexanik-telefonçular, teleqrafçılar hər dəfə ciddi təlimatlandırılırlar.
İlin əvvəlindən, digər hərbi hissələrdə olduğu kimi, burada da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun  təsdiq etdiyi döyüş hazırlığı planına müvafiq olaraq rabitəçilər gündəlik tapşırıqları yerinə yetirirlər. Şəxsi heyət  həm döyüş növbəsi aparır, həm də təlim-tədris prosesində peşə vərdişlərinə yiyələnirlər.
Müasir ordularda rabitə yetərincə önəmli bir vasitədir və əslində, rabitəsiz ordunun, əməliyyatların idarə edilməsi mümkünsüzdür. Qoşunlar üçün müasir rabitə həddindən artıq vacib və zəruridir. Bölmələrlə davamlı əlaqə saxlayan mexanik-telefonçular döyüş növbəsində dayanır, rabitənin davamlığını təmin edirlər.
- Bizə həvalə edilmiş bütün texnika və vasitələr işlək və saz vəziyyətdədir, - zabit Mahmudov bildirir. - İstər radio, istərsə də kabel xətti vasitələrində çalışan şəxsi heyət gündəlik dərslərdə məşqlər edir, rabitə əlaqəsinin təmin edilməsində öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir.
Nümunəvi xidmətilə seçilən zabitlərdən bölük komandiri kapitan Emil Hüseynovun, baş leytenant Türkan Cəfərovun komandiri olduğu bölmələr intizamı, hazırlığı, çalışqanlığı ilə fərqlənir.
Azərbaycanın müxtəlif yerlərindən çağırılmış əsgərləri hərbi xidmət vahid ailənin övladlarına çevirib, dostlaşıb, doğmalaşıblar. Dostluq, mehribanlıq, intizam və məsuliyyət olan yerdə uğur da, qələbə də vardır.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Aydın Novruzovu da bölmənin ən hazırlıqlı rabitəçilərindən biri kimi təqdim etdilər.
Aydın əsgəri xidmətini başa vurduqdan bir müddət sonra yenidən ordu sıralarına  qayıdıb.
- Bu gün Vətənə xidmət ən şərəfli peşədir, - hərbi qulluqçu deyir. - Hər birimiz əlimizdən gələni etməliyik ki, Vətənimizin ərazi bütövlüyü təmin edilsin. 
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi o, istər çöl çıxışlarında, istərsə də təlimlərdə öz vəzifəsini yüksək bacarıqla həyata keçirir. Tabelikdəki rabitə vasitələrinin taktiki-texniki xüsusiyyətlərini mükəmməl bilir və onların üzərində işləməyi bacarır. Bir sözlə, hərbi hissənin ən hazırlıqlı və fəal rabitəçilərindəndir. Öz işinin peşəkarı kimi daim öz həmkarlarına kömək edir, onlara bilmədiklərini başa salır.
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Komandanlıq tərəfindən verilən bütün döyüş tapşırıqları uğurla yerinə yetirilir.
- Əsas odur ki, rabitəçilər öz üzərlərinə düşən vəzifələri yaxşı başa düşür, vəzifələrinə peşəkar münasibət göstərirlər, - zabit Anar Kazımov bildirdi. - Hərbi kollektivdə işgüzar ab-hava həm döyüş hazırlığı tədbirlərini həyata keçirəndə, həm də gündəlik xidmət prosesində özünü büruzə verir. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Komandanlıq tərəfindən verilən bütün döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdır.
Xaçmazlı əsgər Çingiz Paşayev çox intizamlı, çalışqan əsgərdir. Öz vəzifəsinə daim məsuliyyət hissilə yanaşır, onları bacarıqla yerinə yetirir. Texnikaya, rabitə qurğularına onda da böyük həvəs var.
"Açıq qapı" günlərində onun valideynləri də hərbi hissədə olublar. Hərbi hissə komandiri valideynlərə minnətdarlıq edib ki, belə vətənpərvər, intizamlı övlad böyüdüblər. Nümunəvi xidmətinə görə Çingiz Paşayev dəfələrlə mükafatlandırılıb. Onu da bildirdilər ki, əsgərin ailəsinə nümunəvi xidmətinə görə təşəkkür məktubu da göndərilib.
- Hər kəsin borcu Vətənin keşiyində dayanmaqdır, - əsgər Paşayev deyir. - Mən də xidmətimi şərəfli borc kimi başa düşürəm və verilən tapşırıqları həvəslə, məsuliyyətlə yerinə yetirirəm.
Bacarıqlı əsgər olduğuna görə komandiri təklif edib ki, hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarından ayrılmasın. 
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İlkin Soltanov Füzuli rayonundandır. Çox intizamlı, hazırlıqlı, verilən tapşırıqlara dəqiq və vaxtında əməl edən əsgərdir. Sürücü-elektrik kimi  həmişə öz vəzifəsinə məsuliyyətlə yanaşır və texnikanın daim saz vəziyyətdə olmasını təmin edir. Onun idarə etdiyi kompleks aparatxana maşını “səfər”ə çıxmağa və “marş” keçməyə daim hazırdır. Hərbi hissə çöl çıxışına gedən zaman bölmələrimiz üçün çox gərəkli olan kompleks aparatxananın fasiləsiz fəaliyyətinin təmin edilməsində onun rolu böyükdür. Bir sözlə, çox hazırlıqlı, bacarıqlı və vətənpərvər bir hərbi qulluqçudur.
Əsgər Qasım Teymurov da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Beyləqan rayonunda doğulub boya-başa çatıb. Nizam-intizamlı, verilən tapşırıq və göstərişləri vaxtında və dəqiq icra edən bir hərbi qulluqçudur. Bölmənin ən bacarıqlı sürücülərindəndir.
Qasımın idarə etdiyi avtomobil daim döyüş növbətçiliyində dayanır, ona görə saz, işlək vəziyyətdə olmalıdır. Əsgər Teymurov bu işin öhdəsindən həmişə məharətlə gəlir və heç vaxt ona irad tutulmur.
Bu bölmədə hər kəs döyüş tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsi üçün əlindən gələni əsirgəmir. Kollektiv xidmətinə işgüzar münasibət göstərəndə nəticələr də ürəkaçan olur...

Əbülfət QASIMOV, "Azərbaycan Ordusu"