Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2017 11:42

“Tapşırıqları yerinə yetirəcəyik”

Ölkəmizdə aparılan hərbi islahatlar nəticəsində hərbi təlim, döyüş hazırlığı özünün bütün parametrləri ilə daha çox əhəmiyyət daşımaqla xüsusi diqqət mərkəzindədir. Azərbaycan Oordusunu daha da güclənməsi əsgərin döyüş hazırlığının səviyyəsindən asılıdır. Bu vəzifənin yerinə yetirilməsində Silahlı Qüvvələrimizin hazırlıqlı kadr heyəti əsas vasitələrdən biridir.
Əsgərlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, hərbi qulluqçu kimi Vətənin müdafiəsinə hazırlanmasında təlimlər, məşqlər, döyüş hazırlığı dərsləri xüsusi rol oynayır.
Xüsusi hazırlıq vasitəsilə əsgərlər taktiki hazırlıq, atəş hazırlığı, topoqrafiya, kütləvi qırğın silahları və təbii fəlakətlərin dağıdıcı amillərinin fəsadlarından mühafizə və ilk tibbi yardım üzrə bilik, bacarıq və vərdişlərə də yiyələnirlər. Bu sahədə əldə edilmiş bacarıqlar əsgərlərə döyüş zamanı vəziyyətdən çıxış üçün düzgün qərar qəbul etmək imkanı yaradır.
Bu fikirləri "N" hərbi hissənin artilleriya divizion komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor Rauf İbrahimovla müzakirə edərək batareyanın döyüş hazırlığı məşğələsi ilə məşğul olan şəxsi heyətə yaxınlaşdıq. Artilleriyaçılar dərs cədvəlinə uyğun olaraq müxtəlif döyüş tapşırıqlarını məşq edirdilər.
- Dərs kiçik bir döyüş mühitidir, uzun olmayan təlim şəraitidir. Əsgərlər bu prosesdə öyrənməklə yanaşı, həm də müəyyən təcrübələrə yiyələnirlər. Təlimin, keçirilən döyüş hazırlığı dərslərinin əsgərlərin formalaşması baxımından əhəmiyyəti böyükdür. Onlar dəqiqlik, konkretlik, çeviklik, intizamlılıq, dözümlülük kimi yüksək dəyərləri daha çox məşq prosesində əldə edə bilirlər, - top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Natiq İsmayılov bildirdi.
Dərs prosesi ilə yaxından tanış olduğumuzu görən mayor Rauf İbrahimov şəxsi heyətin həyata keçirdiyi işlərin ardıcıllığını qeyd etdi: "İlkin olaraq batareyanın baş zabiti gələn məlumatların qeydiyyatını aparır və onu kağıza köçürür. Sonra zabit nişangah hədəflərin hansı tərəfdə olmasını bilmək üçün direksiya bucaqlarını hesablayır. Əldə olunan məlumatları top komandirinə ötürür. İnformasiya ilə təchiz olunan top komandiri həmin məlumatları tuşlayıcıya istiqamətləndirir. Alınan koordinatlar nişangaha qoyulduqdan sonra topun lüləsi nəzərdə tutulan tuşlama nöqtəsinə istiqamətləndirilir. Bundan sonra batareyanın baş zabitinə şəxsi heyətin tapşırığı yerinə yetirməyə hazır olması haqqında məlumat verilir. Tapşırığın sona çatdırılması üçün baş zabitin "Atəş" komandası gözlənilir. Atəşin həyata keçirilməsi ilə tapşırıq sona çatmış hesab olunur".
Əsgər Anar Bağırov 6 aydır ki, artilleriya bölməsində xidmət edir. Keçirilən dərslərin hesabına vacib artilleriya silahı olan topun taktiki-texniki xüsusiyyətlətini yüksək səviyyədə mənimsəyib: "Hücuma hazırlıq zamanı uzaqvuran toplardan açılan sərrast atəş döyüşün taleyini həll edir. Ona görə də bizlər bütün silahların, xüsusən də topun taktiki-texniki xüsusiyyətlərini dərindən öyrənməliyik. Bu işdə əsasən dəqiqlik xüsusi əhəmiyyət daşıyır. Silah dəqiqliyə əməl etməklə dərinlikdə yerləşən düşmənin artilleriyasını, canlı qüvvəsini, istehkam qurğularını məhv edə bilər. Bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı piyadaları atəş dəstəyi ilə təmin etməkdir. Piyadalara yardım etmək üçün onların bizə verdiyi hədəfləri sıradan çıxarmalıyıq. Bu hərbi texnika ilə necə davranmağın sirlərini yaxından öyrənir, özümüzü ən ağır artilleriya döyüşlərinə hazırlamağa çalışırıq. Komandirlər mütəmadi olaraq məşğələlər keçirir, dərslər bilavasitə atəş mövqeyində aparılır. Məlumdur ki, top genişmiqyaslı döyüş əməliyyatlarının taleyini müəyyən edən bir silahdır. Əsgərlərimiz dəqiq koordinatlar əsasında topla zərbə endirmək qabiliyyətinə malikdirlər".
Əsgər Nicat Tağıyev hesab edir ki, qısa müddətdə yetkin topçu kimi formalaşıb: "Topçu kimi mənim əsas vəzifəm batareyanın baş zabitindən aldığım tapşırıqları top heyətinə çatdırmaqdır. Eyni zamanda topu vaxtında döyüşə hazırlamaq, top heyətini döyüşə hazır vəziyyətə gətirmək, lazımi istiqamətlərə atəş açaraq verilmiş tapşırıqları yerinə yetirmək əzmindəyik".
Əsgər Osman Rəsulov və İlkin Abuzərov bildirdilər ki, topçu olmaq böyük məsuliyyət tələb edir: "Artilleriya döyüşün gedişinə əsas təsir göstərən hərbi vasitədir. Burada olduğum müddətdə müxtəlif artilleriya qurğularının taktiki-texniki xüsusiyyətlərinə yiyələnmişəm. Aprel döyüşlərinin davamı gələrsə, sözsüz ki, əsas yük bizim üzərimizə düşəcək. Sərrast atəşlərimizlə düşməni məhv edəcəyik".

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR