Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2017 12:01

Hərbi peşəyə maraq artır

“Gənc Heydərçilər” yay düşərgəsində
Bildiyimiz kimi, 2014-cü ildən etibarən hər il hərbi vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay düşərgəsi Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında təşkil edilir. Ənənəvi olaraq bu il də iyulun 17-də cəbhə xəttində xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin övladları, Səbail rayon məktəblərində təhsildə fərqlənən şagirdlərdən ibarət 150 nəfərlik qrup "N" hərbi hissəsində təşkil olunan yay düşərgəsinə yola salınıb.
Yay düşərgəsinin fəaliyyətini işıqlandırmaq məqsədilə redaksiyadan tapşırıq alıb respublikamızın Şimalında yerləşən, zəngin təbiətilə seçilən rayona yola düşürəm.
"N" hərbi hissəsinin nəzarət-buraxılış məntəqəsində bir neçə valideynin hərbçilərlə söhbət apardığını görüb onlara yaxınlaşıram. Öyrənirəm ki, onlar yay düşərgəsində dincəlməyə gələn nisbətən kiçik yaşlı uşaqların valideynləridir. Övladlarını görməyə gəliblər. Elə ilk söhbətimizdən də yay düşərgəsində yaradılan hərtərəfli şəraitdən razı qaldıqlarını və gələcəkdə sağlam, vətənpərvər ruhlu gəncliyin yetişməsində belə layihələrin keçirilməsinin, yay düşərgələrinin təşkilinin əhəmiyyətini vurğuladılar.
"Gənc Heydərçilər"in yerləşdiyi otaqları bir-bir gəzirik. Müxtəlif yaş qrupları üzrə bölünmüş uşaqların dincəlmə vaxtı idi. Günün nizam qaydalarına uyğun olaraq səhər tapşırıqlarını yerinə yetirən hərbi geyimli bu uşaqlar, deyəsən, yamanca yorulmuşdular. Onlar hərbi "vərdiş"lərə yeni-yeni yiyələnirlər. Hər bir qrupa xüsusi təlim görmüş müəllimlər nəzarət edir.
Hərbi vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" adlı yay düşərgəsinə təhkim olunmuş Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Əfqan Əliyev uşaqlarda hərbi vətənpərvərlik hisslərinin tərbiyə olunması kiçik yaşlarından başlanmasının vacibliyini bildirdi. "Çünki Vətənə, torpağa, elə-obaya sevgi elə kiçik yaşlardan başlanır. Bu gün burada dincələn və yay tətilini səmərəli keçirən gələcəyin Vətən müdafiəçiləri olan bu uşaqlarda hərb barədə ilkin fikir formalaşır. Kollektivin nə demək olduğunu uşaq dünyagörüşü ilə anlayır. Onlarda yoldaşlıq, dostluq kimi müqəddəs hisslər yaranır. Bunlar çox vacib məsələlərdir. Hərbə, orduya sevgi, gələcəkdə hərbçi olmaq, hərbi forma geyinmək kimi arzular da kiçik yaşlardan qəlbdə baş qaldırır".
Ə.Əliyev düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə Səbail rayonunun orta məktəblərində dərs deyən idman və hərbi hazırlıq müəllimləri, eyni zamanda hərbi hissənin zabitləri, çavuş və əsgərlərdən ibarət qrupun məşğul olduğunu deyir. "Düşərgədə iki istiqamətdə fəaliyyət göstəririk - hərbi və mülki istiqamətdə. Burada kollektiv intizam formalaşır. Onların əynindəki hərbi forma məsuliyyət hissini tərbiyə edir. Bunlar ən vacib şərtdir. Hər gün "Qalx!" komandasından sonra sıra və idman hazırlığı keçirilir. 9-da səhər yeməyi olur. Onu da deyim ki, düşərgədə uşaqlar gündə dörd dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəzlə, süd məhsulları ilə təmin edilirlər. Hər gün saat 9:30-dan 13-ə qədər yeniyetmələrə mənəvi-psixoloji, atəş, rabitə, kəşfiyyat, tibbi və taktiki hazırlıqlardan dərslər keçirilir. Onlar silahın açılıb yığılma qaydalarını öyrənirlər. Uşaqlar bütün bunları böyük həvəslə yerinə yetirirlər. Günorta saat 13-dən 14-dək nahar vaxtıdır. Sonra "Gənc Heydərçilər"ə asudə vaxt təşkil olunur. Onlar hava şəraitinə uyğun olaraq, iqlimə görə turnikdə dartınma, paralel qollarda hərəkətlərlə, şahmat, dama oyunları ilə məşğul olurlar. Burada yarışlar təşkil edirik. Yarışları da yaş qruplarına uyğun müəyyənləşdiririk. Qusar olimpiya kompleksində mini futbol yarışı keçirtdik. "Gənc Heydərçilər"in Şahdağ İstirahət Mərkəzinə ekskursiyasını təşkil etdik".
 Müdafiə Nazirliyinin nümayəndəsi hərbi hissədə yay düşərgəsinin təşkilinin əhəmiyyətinin hüdudsuz olduğunu söyləyir: "Düşərgədə 150-yə yaxın "Gənc Heydərçilər" var. Onların əksəriyyəti 10-15 yaşlı 4-cü və 8-ci sinif şagirdləridir. İçərilərində 8-9 yaşlarında olan da var. Əsas məqsədimiz yetişən nəsildə vətənpərvərlik, Vətənə, dövlətə, xalqa sadiq olmaq duyğularını tərbiyə etməkdir".
"Gənc Heydərçilər"in yay düşərgəsi çox maraqlı və rəngarəng keçir. Hərbi hissənin ərazisi ilə yaxından tanış olur, maddi tədris bazaları ilə maraqlanırlar. Hərbi hazırlığa dair ilkin və zəruri vərdişləri öyrənməyə çalışırlar. Düşərgədə ədəbi-bədii təqdimatlar, bilik yarışmaları, viktorinalar, dəyirmi masalar təşkil edilir. Öyrənirəm ki, düşərgədə yaş qrupuna uyğun olaraq 5 taqım var. Uşaqların hərbə marağı çoxdur. Əşrəf Mehrəlizadə, Teymur Qarayev, Xanhüseyn Kazımlı, Ramazan Bağırov, Nihad və Murad Tağızadə qardaşları, İlkin İsmixanov, İbrahim Sadıqlı, Ayxan Əliyev və Tural Əliyev gələcəkdə hərbçi olmağı arzulayırlar. Ümid Sadıqov taqım komandiridir. Ali hərbi təhsil alır. Yay tətilini "Gənc Heydərçilər"lə birlikdə keçirməyi məqsədəuyğun bilib. Ümid də yay düşərgəsinin yetirməsidir. Qürürverici haldır.
Düşərgədə ilk günlər darıxan uşaqlar sonrakı günlərdə hərbi hissədən getmək istəmədiklərini deyirlər. Sanki onlar vahid bir ailədə birləşərək kollektivə tam uyğunlaşırlar. Onlarda birlik, həmrəylik hissi formalaşır. Bu da hər bir yeniyetmənin gələcəkdə hərbi xidmətə hazırlığında əsas şərtlərdəndir. Ənənəvi keçirilən yay düşərgəsinin (2014-cü ildən) nəticəsi olaraq bir neçə "Gənc Heydərçilər" C.Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alırlar.
Yay düşərgəsində "Gənc Heydərçilər"i rayonun tarixi yerlərinə, mədəniyyət abidələrinə, Quba rayon tarix-diyarşünaslıq muzeyinə ekskursiya və Quba Soyqırımı Memorial Kompleksinin ziyarəti gözləyir.
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"