Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2017 12:00

“Komandir, Qarabağ yaxındadır”

Ümummilli lider Heydər Əliyev: "Hər bir gənc, hər bir ata-ana, hər bir valideyn öz oğlunu böyüdərkən ona əvvəl nəsihət verməlidir ki, sənin birinci borcun orduda xidmət etməkdir, Vətəni müdafiə etməyə hazır olmaqdır, döyüş qabiliyyəti əldə etməkdir və döyüşə hazır olmaqdır”. Ulu Öndərin ideyalarını əldə rəhbər tutan gənclərimiz son illər hərbi peşələrə böyük maraq göstərir, Vətən adlı bir ömür sahibi olmaq istəyirlər.
"Gənc zabitlərimiz" rubrikasının budəfəki qəhrəmanı  baş leytenant Adil Bəşirovdur. O, Siyəzən rayonunda dünyaya göz açıb. Evdə valideynlərindən, məktəbdə müəllimlərindən ermənilərin vəhşilikləri haqqında çox eşidib. Vətənə sevgisi, düşmənə nifrəti artıb.  Bu yolda canından, qanından keçməyi özünə borc bildi.  Siyəzən rayonu Mikayıl Müşfiq adına tam orta məktəbi bitirən yeniyetmə vaxt itirmədən sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdi. İmtahanları uğurla başa vuran gənc 2009-cu ildə ilk dəfə hərbi mundiri əyninə geyindi. Tək arzusu Qarabağ torpaqlarını azad etmək, şəhidlərimizin qisasını almaq olan gənc, dərslərinə diqqətlə yanaşdı, verilən tapşırıqların öhdəsindən məsuliyyətlə gəldi, silah və texnikaların sirlərinə yiyələndi. 2013-cü ildə təhsilini başa vurdu və "leytenant" hərbi rütbəsi ilə "N" hərbi hissəsinə göndərildi.
- Səni hərbçi olmağa ruhlandıran hansı səbəblər olub?
- Xocalı soyqırımından 1 il tam keçməmiş dünyaya göz açmışam. Böyüdükcə ailəmdən, sonra müəllimlərimdən öyrənmişəm hər şeyi. Qadın, uşaq, yaşlı-cavan bilmədən əzab verərək öldürülən insanlarımızı, Azərbaycanın gözəl guşələrindən olan Qarabağımızın düşmən tapdağında olmasını düşünəndə ürəyim sızlayır, düşmənə nifrətim artırdı. Gizir kimi orduda xidmət edən Ceyhun əmim həmişə söhbətlərində hərbi xidmətin nə qədər mühüm və vacib olduğunu, cəmiyyətdə ən hörmətli peşələr sırasında dayandığını danışırdı. Bu söhbətlər qərarımı qətiləşdirdi. Heç vaxt unutmaram, atamın verdiyim qərardan qürurlanması məni çox sevindirmişdi. Gördüyünüz kimi, əynimdə forma Vətənim Azərbaycana xidmət edirəm. Mən də Ali Baş Komandanın əmrini intizarda gözləyirəm. Şuşada, Kəlbəcərdə, Laçında üçrəngli bayrağımızı dalğalandıran hərbçilərdən biri də mən olacam.
- Vətən sevgisini ilk dəfə nə vaxt dərindən hiss etmisən?
- Hələ uşaq yaşlarımdan ailəmdən, məktəbdə müəllimlərimdən öyrənmişəm Vətən sevgisini. Heç vaxt unutmaram, orta məktəbdə riyaziyyat müəlliməm Mərziyyə Quliyeva günlərin birində dərsə başlamazdan öncə işğalda olan torpaqlarımızdan danışırdı. Bildirdi ki, sizlər parta arxasından qalxıb səngərə, Vətənin keşiyinə yollanacaqsınız. O zaman unutmayın ki,  siz ananızdan, doğmalarınızdan öncə Vətəni düşünməlisiniz. Müəllimə bir xeyli danışdıqdan sonra “böyüyəndə kim olacaqsınız” sualını verdi. Mən də daxil olmaqla sinfin böyük əksəriyyəti “hərbçi olacam” demişdi. Mənə elə gəlir ki, o gün hər birimiz Vətən sevgisinin nə olduğunu dərk etmişdik.
- Mikayıl Müşfiq adına tam orta məktəbdə təhsil almısan. Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış bir vətənpərvər şairin ömrü və yaradıcılığı həyat yolunu seçməyində yardımçı olubmu?
- Mikayıl Müşfiq Azərbaycan gəncliyinə bütün zamanlarda örnəkdir. Onun şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə böyük bir nəslin milli mənlik şüurunun təsdiqi olan əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda Müşfiqin şeirlərindən istifadə edə bilər. Xüsusən də milli mənlik şüuru, azərbaycançılıq, Vətənə sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir. Repressiya qurbanı olan şairimizin mənalı ömrünü dərindən öyrənərək hər misrasında Vətən sevgisini hiss etmişəm.
- Bizdə olan məlumata görə aprel döyüşlərində iştirak etmisən və medalla təltif olunmusan...
- Aprel döyüşləri ordumuzun güc göstəricisi, düşməndən qat-qat üstün olduğumuzun bariz nümunəsi idi. Bu döyüşlərdə əsgərlərimizin necə həvəslə, qorxmadan irəli atıldığını müşahidə etdim. Bu məni olduqca sevindirdi. Əsgərlərimdən birinin "komandir,  Qarabağ yaxındadır" deməsi isə məni o qədər qürurlandırdı ki, bu hissi sözlərlə ifadə etmək olmaz.
- Hərbi xidmətdə yaranan dostluq əbədi olur. Döyüşçü dostunun və heç vaxt unutmayacağın əsgərlərdən birinin adını çəkməyini istərdim.
- Hərbi təhsil illərindən tanıdığım, şəxsiyyətinə hörmət etdiyim, hazırda çiyin-çiyinə birlikdə xidmət etdiyim savadlı və bacarıqlı zabit Ceyhun Əliyevin adını çəkməyi özümə borc bilirəm. Onunla aprel döyüşlərində də birlikdə olmuşuq. Canımızı bir-birimizə etibar etmişik. Əsgərlərimdən isə birinin yox, bir neçəsinin adını qeyd etmək istəyirəm: Əlikram Əkbərov, Nursultan Zutov, Fərid Rüstəmov kimi vətənpərvər əsgərlərimi unudan deyiləm.
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR