Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2017 11:56

Artilleriya təyinatlı hərbi hissənin ildönümü keçirilib

1980-ci illərin axırlarından Ermənistan torpaqlarımızı işğal edir, dinc əhali yurd-yuvalarından didərgin salınır. Belə bir vaxtda yaradılan və formalaşan "N" hərbi hissəsi atəşkəs əldə olunana qədər Qazax, Tovuz, Goranboy, Tərtər, Ağdam, Qubadlı, Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Şəxsi heyətin böyük əksəriyyəti könüllülərdən ibarət olan yerli müdafiə batalyonları ümummili lider Heydər Əliyevin fərmanı ilə buraxıldı. Səriştəli, bacarıqlı və təcrübəli zabitlər müvafiq əmrlə yenidən nizami ordu sıralarına çağırıldı.
Müharibənin ilk dövründə, gərgin vaxtlarda yaradılan hərbi hissələr müharibə tariximizdir. Elə bir dövrdə çətinliklə də olsa yaradılan artilleriya təyinatlı "N" hərbi hissəsi bu gün qarşısına qoyulan bütün tapşırıqları həll etməyə qadirdir.
1992-ci ilin 23 iyulunda yaradılan hərbi hissənin 25-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa edilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və artilleriya komandanının təbrik məktubu şəxsi heyətə çatdırılıb.
Çıxış edən polkovnik Əbil Əmirov əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edib, güclü orduda xidmət etdiklərindən qürur duyduğunu bildirib.
- Bu gün hərbi hissəmizin həyatında ən əlamətdar günlərdən biridir. Çünki bu gün xidmət etdiyimiz hərbi hissənin yaranmasının 25-ci ildönümüdür. Yarandığı gündən böyük döyüş yolu keçib. Qeyd edim ki, 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan öz nizami ordusunu yaratmağa başladı. Bu işdə xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidməti olub. Məhz onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra peşəkar, intizamlı, güclü ordu formalaşmağa başladı və Vətənimizin müdafiəsində öz sözünü dedi.
Bu gün Azərbaycan Ordusu gündən-günə güclənir, qüdrətini və döyüş qabiliyyətini artırır. Biz hərbçilər qəlbimizdə qələbəyə daxili inam hissi ilə yaşayırıq və Ali Baş Komandanımız İlham Əliyevin müvafiq əmrini gözləyirik. Qətiyyətlə deyə bilərik ki, ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazırdır. Biz buna görə ulu öndər Heydər Əliyevin siyasi xəttinə borcluyuq.
Döyüş yolu keçən hərbi hissə  2016-cı ilin aprel döyüşlərində Ağcabədi, Ağdam, Tər-tər, Goranboy bölgələrində  fədakarlıq və rəşadət göstərib. Hərbi hissənin 1 nəfər hərbi qulluqçusu "Vətən uğrunda", 5 nəfəri "Hərbi xidmətlərə görə", 25 nəfəri "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.
Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev də çıxış edib:
- Sizi bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, hərb sənətinin öyrənilməsində müvəffəqiyyətlər arzulayıram. Xalq və ordu daim əl-ələ bir amal üçün yaşayır. Torpaqlarımızın azad olunması arzusu ömrümüzün mənası, yaşama səbəbidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Ali Baş Komandanın diqqət və qayğısı ilə inkişaf edən ordumuz regionda ən güclü ordudur. Sonda onu da qeyd edim ki, xalq orduya güvənir və daim ordunun yanında yer almağa hazırdır.
Tədbirin sonunda xidmətdə müvəffəqiyyət qazanan hərbi qulluqçular mükafatlandırılıb, mərasim təntənəli keçidlə başa çatıb.
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"