Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2017 11:53

“Qoy, gəmilərimiz Xəzərin sahillərini xoş müjdələrlə sevindirsin”

III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku-2017" beynəlxalq yarışlarının başlanmasına bir neçə gün qalır. Artıq Rusiya Hərbi Donanmasının, İranın və Qazaxıstanın gəmiləri yarışlarda iştirak etmək üçün Vətənimizə gəlib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yarışlara qatılacaq gəmiləri və şəxsi heyəti də tam hazırlıq vəziyyətindədir.
Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə təşkili üçün Müdafiə Nazirliyinin rəhbərliyi hər cür şərait yaradıb. İştirakçılar üç mərhələdə altı epizoddan ibarət yarışlarda güclərini sınayacaqlar.
"Dəniz Kuboku-2017" beynəlxalq yarışlarının açılışına həsr olunmuş təntənəli mərasimin ssenari müəllifi və quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bu mühüm yarışla bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Öncə Beynəlxalq Ordu Oyunlarının tarixi, məqsədi və Azərbaycanın bu yarışlarda iştirakı barədə məlumat verməyinizi xahiş edirik.
- Beynəlxalq Ordu Oyunları dünyanın möhtəşəm idman birinciliklərindən heç də fərqlənmir. Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə reallaşan bu oyunlar 2015-ci ildən keçirilir.
Beynəlxalq Ordu Oyunları ölkələrarası hərbi əməkdaşlığın daha da möhkəmlənməsi, hərbi xidmətin nüfuzunun artırılması, döyüş imkanlarının nümayişi, şəxsi heyətin peşəkarlığının və döyüş qabiliyyətinin daha da yüksəldilməsi, eləcə də iştirakçı dövlətlərin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin bərqərar olması, dostluq və rəqabət gücünün daha da artırılması məqsədinə xidmət edir. Azərbaycan ilk oyunlardan bu yarışların iştirakçısıdır. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası "Xəzər-2015" müsabiqəsində üçüncü, "Xəzər-2016"-da isə ikinci yerə layiq görülərək "Admiral-480" motorlu qayığı ilə mükafatlandırılıb. Bu il də hərbi dənizçilərimizin yüksək qələbələr qazanacağına inanırıq.
- "Dəniz Kuboku-2017"-nin açılış mərasimi barədə nə deyə bilərsiniz?
- Təntənəli açılış mərasimi avqustun 1-də saat 19-da Dənizkənarı Milli Parkda - Saat qülləsinin ətrafındakı meydanda başlayacaq. Hazırlıq işləri Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə aparılır. Hər gün görülən işlər barədə nazirə məruzə edilir. Nazirliyin tədbirin böyük siyasi və mənəvi əhəmiyyətini nəzərə alan əməkdaşları yarışların yüksək səviyyədə təşkili üçün səylərini əsirgəmirlər. Təşkilat komitəsinin sədri general-leytenant Nizam Osmanov hazırlıq planına uyğun olaraq, bütün tədbirlərin vaxtında icra olunmasına xüsusi diqqət yetirir.
Tamaşaçılar üçün rahat oturacaqlar, ifaçılar üçün isə xüsusi səhnələr quraşdırılır, tərtibat işləri tamamlanmaqdadır. İncəsənət ustalarının, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının və digər kollektivlərin son məşqləri aparılır. Konsert proqramı rəngarəng və maraqlıdır. Azərbaycan, rus, qazax, İran musiqisinə, mahnı və rəqslərinə geniş yer ayırmışıq. "Dəniz Kuboku-2017" üçün xüsusi mahnılar sifariş verilib və təqdimata hazırdır.
- Yəqin, bu dəfə də mahnıların sözləri sizə məxsusdur.
- Bəli, həm Azərbaycan, həm də rus dillərində ifa ediləcək mahnıların sözlərini mən yazmışam. Mətni rus dilinə şair-tərcüməçi Səyavuş Məmmədzadə tərcümə edib. Birinci mahnının bəstəsi dünya şöhrətli bəstəkarımız Qara Qarayevin tələbəsi olmuş bəstəkar Azad Zahidə, ikinci mahnının bəstəsi isə istedadlı bəstəkar, aranjimançı Fərahim Qulubəyliyə aiddir. Mahnıları Əməkdar artist Cahangir Qurbanov, Nurşən Məmmədov və əsgər xoru ifa edəcək.
- Digər ölkələrdən necə, bədii kollektivlərin iştirakı gözlənilirmi?
- Əlbəttə, iyulun 30-da Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mahnı və rəqs ansamblı geniş repertuarla Bakıya gələcək. Onlar həm açılış mərasimində, həm də hərbi hissələrimizin şəxsi heyəti qarşısında rəngarəng konsert proqramı ilə çıxış edəcək.
- Sizin layihənizlə keçirilən hər bir kütləvi vətənpərvərlik tədbiri böyük marağa səbəb olub. Daha doğrusu, rejissor tapıntıları tamaşaçıları həmişə təəccübləndirir. Bu dəfə necə, açılış mərasiminin iştirakçılarını təəccübləndirə biləcəksinizmi?
- Çalışırıq. Hər halda, bir çox yeniliklərimiz var.
- Deyirlər, Qobustan qayalarında təsvir olunan qamış qayığı meydana gətirmək istəyirsiniz. Sizcə, bu, lazımdırmı?
- Əlbəttə, lazımdır. Axı, Xəzər dənizinin sahilindəki Qobustan qayaları ulu əcdadlarımızın tarixindən, məişətindən, məşğuliyyətindən, mədəniyyət və incəsənətindən, döyüş ruhundan xəbər verən daş salnaməmizdir.
Bir zamanlar Xəzərin ləpələri Qobustana kimi uzanardı. Qobustan qayalarında yüzdən çox qayıq təsviri var. Bu qayıq təsvirləri təkcə balıq ovçuluğu ilə deyil, həm də dənizçiliyin, su-nəqliyyat vasitələrinin öyrənilməsi üçün çox əhəmiyyətlidir. Qobustan qayıqları dünyanın digər ölkələrindəki qayıqlardan daha qədim, daha maraqlıdır. Üzərində günəş təsvirləri olan Qobustan qayığını biz açılış mərasiminə gətirəcək, bütün iştirakçıları xəyalən on beş min il əvvələ - paleolit dövrünə aparacağıq.
- Çox gözəl, "Dəniz Kuboku-2017" yarışlarına gələn qonaqlarımız da görəcəklər ki, Azərbaycan bəşər sivilizasiyasının ilkin məskənlərindəndir. Tariximizi, mədəniyyətimizi bu cür tədbirlərdə geniş təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula-1 yarışlarının və digər mötəbər tədbirlərin ölkəmizin dünyaya tanıdılmasında, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rolu hamıya bəllidir. Biz də bu mötəbər tədbirin başlanğıcında tarixi keçmişə qısa ekskurs edəcək və dünya şöhrətli səyyah, arxeoloq-etnoqraf, antropoloq Tur Heyerdalın Qobustan qayaları haqqında dediklərini bir daha tədbir iştirakçılarının nəzərinə çatdıracağıq.
Tur Heyerdal Qobustanın qamış qayıqlarını dünyanın ən qədim qayıqları kimi dəyərləndirib, Xəzər sahilindəki Qobustan abidələrini böyük bir sivilizasiyanın beşiyi adlandırıb. Qobustan qayıqlarının burun hissəsindəki Günəş təsvirləri fəza cisimlərinə inamı, işıqlı həyatı əks etdirir. Xəzər qədim Qobustan insanları üçün ümmansız, sonu görünməyən bərəkətli bir dənizdir. Günəş isə hər gün onun mavi suları üzərində bərq vuraraq insanlara bol-bol sevinc, xoşbəxtlik, şadlıq, həyat bəxş edir.
- Bir türkmən şairi çox gözəl deyib: bu dəniz Xəzər sahillərində yaşayan bütün xalqlar üçün ümumi dəstərxandır. Dostluq, səmimiyyət, qarşılıqlı anlaşma, etimad və əməkdaşlıq dəstərxanı.
- Biz "Dəniz Kuboku-2017" beynəlxalq yarışlarının açılış mərasimini bu arzularla, alqışlarla bitirəcəyik. Qoy, Xəzərimiz həmişə sülh, əmin-amanlıq içində sakit, rahat nəfəs alsın! Gəmilərimiz sahilləri xoş müjdələrlə sevindirsin! Qobustan qayıqlarındakı Günəş Xəzərin sahillərindəki ölkələrdən, xalqlardan xoşbəxtlik nurunu, al şəfəqlərini heç zaman əsirgəməsin!
Bir sözlə, "Dəniz Kuboku-2017" beynəlxalq yarışları Xəzərsahili ölkələr arasında qarşılıqlı əlaqələrin, dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da güclənməsinə, Xəzər dənizinin sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmasına öz töhfəsini verəcək. Gündən-günə gözəlləşdikcə dünyanı heyrətləndirən doğma Bakımızın sakinlərini və şəhərimizin qonaqlarını bu tədbirə dəvət edirik.
- Müsahibəyə görə çox sağ olun. "Dəniz Kuboku-2017" yarışının açılış mərasimində görüşənədək.