Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2017 11:51

“Vətənlə döyünür ürəklərimiz”

"N" hərbi hissəsinin düşmənlə bilavasitə təmas xəttində yerləşən bölməsindəyik. Döyüş postu düşmən qarşısında qala kimi dayanıb. Bu qalanı qorxmaz, mərd Azərbaycan əsgərləri qoruyur.
Şəxsi heyət gündəlik fəaliyyətlə məşğul olur. Manqa komandiri kiçik çavuş Adil Vəliyevlə salamlaşıram. Qəzetimizin "Nümunəvi xidmət" rubrikasına yazı hazırlamaq istəyimi bildirirəm.
Kiçik çavuş əsgərləri barədə söhbət açır, ən nümunəvi xidmət edəni seçməkdə çətinlik çəkir. "Əsgərlərimizin hamısı nizam-intizamlıdır, vətənpərvərdir, ordumuzun adına layiq xidmət edir, - deyə manqa komandiri bildirir. Qumbaraatan əsgər Azər Ələkbərovun 1-2 aya xidmətini başa vuracağını, döyüş növbələrində daim vətənpərvərliyi, qorxmazlığı ilə hamının rəğbətini qazandığını vurğulayır. Nümunəvi xidməti ilə seçilən Azərin həm də bölmədəki əsgərlərə yaxşı yoldaş, dost olduğunu deyir. Döyüş növbəsində olduğu üçün əvvəlcə onun haqqında silahdaşlarının dediyi fikirləri  dinləyirəm.
"Azər döyüş postuna gəldiyim ilk gündən mənə əsl qardaş münasibəti göstərib, öz təcrübəsini bizimlə bölüşüb. Xidmətdə nizam-intizamlı olmağı, komandirlərimizin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirməyi tövsiyə edib. Heç yadımdan çıxmaz. İlk dəfə döyüş növbətçiliyinə onunla çıxmışdım. Mənə deyirdi ki, qarşımızda düşmən dayanır, ayıq-sayıq olmaq lazımdır. Biz onlardan qat-qat güclüyük - Azərbaycan əsgəriyik. O, həm vətənpərvər əsgər, həm də yaxşı dostdur. Azər xidmətini başa vurub ailəsinin yanına qayıdacaq. Ona uğurlar arzulayıram", - hərbi xidmətə Ağsu rayonundan çağırılmış əsgər Ceyhun Məmmədov belə deyir.
Əsgər Rahib Bayramov təcrübəli silahdaşı haqqında fikirlərini bildirir:
- Döyüş postuna gəldiyim ilk gündən Azərin nümunəvi xidməti, Vətən sevgisi, döyüş ruhu mənə müsbət təsir edib. Onun kimi nümunəvi xidmət etmək, layiqli əsgər olmaq üçün əlimdən gələni edirəm.   Azər təcrübəli əsgər kimi həm mənə, həm də bütün gənc əsgərlərə daim kömək edir, təcrübəsini bölüşür. İnanıram ki, xidmətini başa vurduqdan sonra da bizləri unutmayacaq. 
Şəki rayonundan olan əsgər Kamran Kərimli də əsgər yoldaşı haqqında xoş sözlər deyir:
- Azər ordumuzda nümunəvi əsgər olduğu kimi, bizlərə də yaxşı dost olub. Bir dost kimi sevinirəm ki, əsgəri borcunu şərəflə yerinə yetirib. Bütün əsgər yoldaşlarıma da bu məqamı arzu edirəm.  İnanıram ki, Azər cəmiyyətimizə yararlı vətəndaş olacaq.
Manqa komandiri söhbətə qoşularaq döyüş növbətçiliyini dəyişməyin vaxtı çatdığını bildirir. Azərin özü ilə görüşmək üçün manqa komandiri ilə səngərə üz tuturam...
Azərin əlini sıxıram. Həm komandirinin, həm də əsgər yoldaşlarının onun haqqında dediyi xoş sözləri diqqətinə çatdırıram. Çöhrəsində xoş təbəssüm canlanır. "Bundan böyük sevinc ola bilməz. Əsgər yoldaşların və komandirlərin səndən razılığını bildirir, layiqli xidmət etdiyini deyirlər. Bu mənim üçün böyük qürurdu", - əsgər Ələkbərov deyir.
Onu yaxından tanıyıram. Hərbi xidmətə Tovuz rayonundan çağırılıb. Artıq xidmətinin başa çatmasına az qalır. Ordu sıralarından hansı təəssüratlarla ayrılacağını soruşduqda  belə cavab verir:
- Mən ordu sıralarından ayrılmıram. Düzdür, əsgəri xidmətim başa çatır. Lakin  ömrümü hərbi xidmətə bağlamaq qərarına gəlmişəm. Əsgərliyimi başa vuran kimi xidmətimi davam etdirmək istəyimi yuxarı komandanlığa bildirəcəm. Bütün peşələrdən şərəfli olan hərbçi peşəsinin sahiblərindən olacam. Şanlı ordumuzda layiqli xidmət edəcəm. Şuşaya Azərbaycan bayrağını sancanlardan biri olmaq da ən böyük arzumdur.
Azər vurğulayır ki, biz Vətənin keşikçiləriyik, üzərimizə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetirmək üçün çalışırıq. Bu yolda komandirlərinin zəhmətini xüsusu qeyd edir.
- Peşəkar komandirlərimin köməyi ilə bacarıqlı əsgər kimi yetişmişəm. Onların bizə olan diqqəti və qayğısı xidmətimi uğurla davam etdirməyə zəmin yaradır. Əsgər kimi üzərimə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıram. Hərbi xidmətə çağırılanda atama dedim ki, inşallah təyinatım döyüş postuna olar. Hər zaman səngərdə xidmət etmək arzusunda olmuşam. Gənc əsgər hazırlığı dövrü bitdikdən sonra ön xətdəki bölməyə təyin olunduğumu eşitdikdə çox sevindim. Döyüş növbəsində düşmən qarşısında dayandım. Növbəni uğurla başa vurdum. Özümə söz verdim ki, bütün xidmətim dövründə Azərbaycan Ordusuna layiqli əsgər olacam.
Hər ezamiyyətim zamanı Azər kimi sonsuz Vətən sevgisi ilə xidmət edən, Azərbaycan əsgəri adını daşımaqdan qürur duyan əsgərləri tanıdıqca, bir daha əmin oluram ki, Azərbaycan Ordusunda vətənpərvərlər, qorxmazlar, cəsurlar xidmət edirlər.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR