Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2017 11:10

Silahlı Qüvvələrin rabitə sistemi gündən-günə təkmilləşir

Bu dəfə yolumuz 25 il ərzində rabitə vasitələrinin yeniləşməsi və təkmilləşməsi sahəsində böyük uğurlar əldə etmiş Silahlı Qüvvələrin Rabitə vasitələrinin təmiri və saxlama bazasınadır. Nəzarət buraxılış məntəqəsindən başlanan nizam-intizamı bazanın daxilində də müşahidə edirik. Havanın isti, yorucu olmasına baxmayaraq hər kəs öz işi ilə məşğuldur. İlk olaraq polkovnik-leytenant Abdulla Əliyevlə həmsöhbət olmaq imkanı qazanırıq.
Bazaya bütün hərbi hissələrdən müraciətlər olur. İşin mahiyyətinə, gərəklik səviyyəsinə görə müəyyən təsnifatlar da aparılır ki, bu da özlüyündə operativliyin təmin olunmasına xidmət edir. Komandirin bu baxımdan dedikləri də bazada işin təşkilinin metodologiyasının anlaşılmasında vasitə olur; iş təlimatlara müvafiq təşkil edilib...
Söhbətimiz zamanı o, sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğunun müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən olduğunu qeyd edir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması ordumuzun da möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də davamlı şəkildə inkişaf etməkdədir , - deyə polkovnik-leytenant bildirir.
Təcrübəli zabit söhbətinə davam edərək hərbi hissədə aparılan yenidənqurma işlərinin orduya göstərilən diqqətin təzahürü kimi qiymətləndirir. "Bildiyiniz kimi, iyulun 13-də Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri mərkəzinin açılışında iştirak edib. Mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.
Müdafiə naziri mərkəzin fəaliyyətinin və imkanlarının genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib."
Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri mərkəzinin baş mühəndisi mayor Ruslan Şıxəliyev söhbətimiz zamanı yaradılan şəraitdən bütün şəxsi heyətin razı qaldığını, ən müasir avadanlıqlarla təmin olunan bazada işləməyin həm rahatlıq, həm də operativlik qazandırdığını bildirdi.
- Müasir səviyyədə qurulan ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilməsində önəmli rol oynayır, - deyir zabit. - Ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: "... Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq... Son illər ərzində maddi-texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir".
Rabitə vasitələrinin saxlanılması və təmiri bazasının əməkdaşları Silahlı Qüvvələrimizin döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində üzərlərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirirlər. İşlək olmayan bu və ya digər aparat hansısa tapşırığın yerinə yetirilməsində lənglik yaradır. Bu ləngliyi aradan qaldırmaq, müəyyən mənada, döyüş tapşıırığını yerinə yetirmək deməkdir.
Əsaslı dəyişikliklər aparılan, ən müasir standartlara cavab verən hərbi hissədə qabaqcıl texnologiyanın nəticəsi olan rabitə vasitələrinin təmiri üzrə ixtisaslaşmış mütəxəssis ordusu məşğuldur. Bu mütəxəssislər lazım gəldikdə həm təlimlər qabağı tədbirlərdə iştirak edir, həm də bu rabitə vasitələrinin müəssisədə təmiri ilə məşğul olurlar. Bu mənada hərbi hissənin bazasında kurslar təşkil olunur ki, bu da günü-gündən yeniləşən hərbi rabitə vasitələrinin mənimsənilməsində mühüm əhəmiyyət kəsb edir. Rabitə vasitələri yeniləşdikcə mütəxəssislər də cavanlaşır, yəni gənc nəsil bu yeniləşən hərbi rabitə vasitələrini mənimsəyirlər. Yarandığı gündən bu günə kimi hərbi hissə əldə etdiyi uğurlara görə komandanlıq tərəfindən həmişə dəyərləndirilib. Bu da hər dəfəsində hərbi hissənin çiyninə böyük məsuliyyət qoymuş və gələcəkdə öz işlərinin öhdəsindən peşəkarlıqla gəlməyə sövq etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycanın Ordusunda istifadə olunan rabitə vasitələri nəinki düşmənlə müqayisədə, hətta bütün MDB məkanında müasirliyi ilə seçilir. Buna misal olaraq hərbi hissənin bazasında quraşdırılmış ən müasir standartlara cavab verə bilən rabitə vasitələrini göstərmək olar. Bu laboratoriyalarda müasir rabitə vasitələrinin cari və orta təmiri nəzərdə tutulmuşdur. Bundan əlavə hərbi hissədə bu rabitə vasitələrinin avtomobil bazalarında quraşdırılması da həyata keçirilmişdir. Bunlara əyani misal olaraq 4 növdə komanda qərargah maşınları, mobil retranslyasiya məntəqələri və kompleks radiorele aparatxanalarının avtomobil variantları yaradılmışdır. Yeni tipli rabitə vasitələrinin təmirini hərbi hissənin bazasında təşkil etmək üçün  ərazidə və istehsalat binalarında böyük quruculuq işləri aparılıb. Ordu quruculuğuna göstərilən diqqət çox əhatəlidir. Bura hərbi hissələrin lazımi avadanlıqlarla təmin edilməsi də daxildir. Bazanın kifayət qədər geniş biliyə və təcrübəyə malik olan əməkdaşları hərbi hissələrdə döyüş hazırlığının həmişə yüksək səviyyədə saxlanılmasında, müəyyən mənada, yardımçıdır...
Texniki nəzarət bölməsinin rəisi kapitan Bəhruz Qarayevlə söhbətimizdə isə bazanın iş prinsipi haqqında bir qədər məlumat alırıq. Öyrənirik ki, hərbi hissələrdən gələn nasaz radiorabitə vasitələri uçot əməliyyat bölməsində qeydiyyata alındıqdan sonra, texniki nəzarət bölməsinin radiomexanikləri tərəfindən problem müəyyən olunur təmirə və təmirdən sonra vasitələrin saxlancına təhvil verilir. Növbəti mərhələdə nasaz texniki avadanlıq tam təmir olunur və istismara buraxılır.
Nasazlığın müəyyən edilməsi işin başlanğıcıdır, yəni, klassik formada desək, həkim xəstəliyi yaradan səbəbləri necə aradan qaldırırsa, xəstəni necə müalicə edirsə, Silahlı Qüvvələrin Rabitə vasitələrinin saxlanılması və təmiri bazasının əməkdaşları da gətirilən avadanlığa elə yanaşır. Nəticə etibarilə hərbi hissədə "artıq yük"ə çevrilmiş avadanlıq qısa müddətdə istismara yararlı vəziyyətə gətirilir.
Təmirə və təmirdən sonra vasitələrin saxlanc rəisi gizir Elvin Əliyev bildirdi ki, bütün texniki avadanlıqlar təhvil alındıqdan sonra nəzərdə tutulmuş qaydada saxlanılır və təmir üçün radiomexaniklərə təhvil verilir:
- Biz hər birimiz radiorabitə vasitələrinin keyfiyyətli şəkildə təmir olunması üçün səy göstəririk. Çünki döyüş zamanı bizim ən böyük dəstəkçimiz gördüyünüz rabitə vasitələridir.
Rabitə vasitələrinin təmiri sexlərində olarkən radiomexaniklərlə söhbət edib iş prinsipini öyrənməyə çalışdıq.
Radiorabitə vasitələrini təmir edən radiomexanik Fariz Muradxanlı bildirdi ki,  rabitə vasitələri müxtəlif dövrlərdə Silahlı Qüvvələrin xəbərləşmə ehtiyaclarını təmin etmək üçün yaradılmışdır.
Təmir avadanlığa ikinci ömür verməkdir. Biz çalışırıq ki, sonrakı istifadəçilər bu avadanlığı elə yeni kimi istifadə etsinlər. Biz hərbçiyik. Bu tapşırıqları hərbi dəqiqliyi və hərbi məsuliyyəti ilə yerinə yetiririk. 
Digər təmir sexində isə radiomexaniklər Ramin Agamirov, Nazim Ağahüseynov, Məhəmməd Abdurrahmanovla həmsöhbət olmaq imkanı qazanırıq. Radiomexaniklər tutduqları vəzifənin öhdəsindən gəlmək üçün bütün bacarıqlarını ortaya qoyduqlarını, düşmən qarşısında müasir radiorabitələrin daim üstün olduğunu qeyd etdilər.
Sonda polkovnik-leytenant Abdulla Əliyev bildirdi ki, müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunmasını təmin etmək məqsədilə komanda idarəetmə məntəqələrinin rabitə vasitələri əsas rol oynayır. Onun sözlərinə görə, yaradılan mərkəzdə Müdafiə Nazirliyinin rəhbərliyinin xüsusi tapşırığına əsasən qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına texniki xidmət göstəriləcək və onların qısa müddətdə tam təmir ediləcək.
Ceyhun CƏFƏRLI, Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"