Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2017 11:05

Azərbaycan əsgəri yeni qələbələr qazanacaq

Ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Sevindirici hal odur ki, üzləşdiyimiz Qarabağ probleminin həllində yaxından iştirak edə biləcək milli-mənəvi dəyərlərimizə bağlı olan gənc nəsil formalaşır. Leytenant Bağırlı İsmixan Famil oğlu belələrindəndir. Goranboy rayonunun Qaramusalı kəndində anadan olan zabit 2 ildən artıqdır ki, Heydər Əliyev adına Ali Hərbi Məktəbini bitirib və "N" hərbi hissəsində xidmət edir.
Həmsöhbətim hesab edir ki, hər bir insanın qəlbində ana kimi müqəddəs, ülvi və şirin bir hiss var: "Bu, Vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Vətən eşqi, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan ümmandır. Vətəni sevmək və bu sevgi uğrunda canından belə keçməyə hazır olmaq isə ilk növbədə hər bir əsgərin, hərbi qulluqçunun borcudur. Hərbi qullquçularımız ötən ilin aprel döyüşləri zamanı torpaqlarımızı öz qanlarıyla qorumağa hazır olduqlarını sübut etdilər. Gənclərimizə örnək olan qəhrəmanlıqlar nümayiş etdirdilər.
Aprel döyüşlərinin iştirakçısı olan leytenant İsmixan Bağırlı şəxsi heyətin döyüşlər zamanı bu dövlət, bu millət üçün necə fədakarlıqlara imza atmağını qürurla bildirdi: "Mən də aprel döyüşlərinin iştirakçısı olmuşam. Həmin döyüşlərdən bir çox acı və şirin xatirələr yaddaşıma həkk olunub. Acı xatirələr odur ki, çiyin-çiyinə vuruşduğum dostlarımı, silahdaşlarımı itirdim. Şərəfli olanı isə odur ki, o torpaqlarda Azərbaycan bayrağı dalğalanır. 25 illik həsrətlə gözlədiyimiz torpaqlarımıza qovuşduq."
Taqım komandiri İsmixan Bağırlı ixtisasca artilleriyaçı olduğuna görə döyüşdə artilleriyanın əhəmiyyətini vurğulamağı da yaddan çıxartmadı və qeyd ki, artilleriyasız qələbə qazanmağı təsəvvür etmək mümkün deyil: "Bu gün döyüşlərdə artilleriyadan da çox istifadə olunur. Motoatıcı bölmələrimiz həmişə artilleriyanın gücünə arxalanır. Artilleriya hücum əməliyyatlarından öncə düşmənin dərinlikdə və ön mövqedə olan strateji əhəmiyyətli hədəflərini məhv edir və piyada qoşunlarına hücum etmək üçün əlverişli şərait yaradır. Məhz buna görə də artilleriyaçılardan daha ağıllı, daha savadlı, daha çevik olmaq tələb olunur".
Silahlı Qüvvələrimizin zabiti olaraq, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə iştirak etdiyinə görə şərəf duyan və məsuliyyət hiss edən leytenant İsmixan Bağırlı hesab edir ki, hər bir zabit mənəvi keyfiyyətləri ilə seçilməli, şəxsi heyətə nümunə olmağı bacarmalıdır. "Hər bir komandir milli dəyərlərimizi, tariximizi, mədəniyyətimizi, qəhrəmanlıq ənənələrimizi yaxşı bilməlidir ki, əsgərlərimizə də o hissləri aşılaya bilsin. Sevinirəm ki, hazırlıqlı, vətənpərvər Azərbaycan əsgərini formalaşdıra bilirik. İnanıram ki, bugünkü əsgərlərimiz Azərbaycanın hərb tarixinə parlaq səhifələr yazmaq iqtidarındadır. Ona görə də əminliklə deyə bilərəm ki, aprel zəfəri sonuncu deyil! Azərbaycan əsgəri bizləri yeni qələbələrə qovuşduracaq!”
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"