Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2017 11:00

Naxçıvan etibarlı müdafiə olunur

Hər keçən gün daha da güclənən Azərbaycan Silahlı Qüvvələrinin həm silah arsenalı, həm də maddi-texniki təminat bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir. Hətta ölkəmizin müdafiə sənayesi o dərəcədə inkişaf edib ki,  bu da  Silahlı Qüvvələrimizi silah və texnikalarla təmin etməyə imkan verir. Şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin bu gücə qovuşmasında xalq-ordu birliyi də mühüm rol oynayır.
Bu gün xalqla ordu arasında möhkəm əlaqə, sarsılmaz birlik mövcuddur. Təbii ki, bütün bunlar da Azərbaycan Silahlı Qüvvələrinin məğlubedilməzliyini və qələbə əzmini daha da artırır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir.
Azərbaycanımızın ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Əlahiddə Ümumqoşun Orduda əsgərlərin rahat şəkildə, heç bir çətinliklə üzləşmədən xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb. Bütün bunların nəticəsində əsgərlərimiz özlərini evlərindəki kimi hiss edirlər. Abadlıq-quruculuq işləri onu deməyə əsas verir ki, ölkəmizdə əsgər adına verilən yüksək qiymət əsgərlərimizin daha yaxşı xidmət aparmaları üçün yaradılan hərtərəfli şəraitdən bəllidir.
Hansı hərbi hissə və bölməyə getsək, orada ilk diqqəti cəlb edən müasir dizaynlı binalar olur. İstifadəyə verilən yaraşıqlı binalar şəxsi heyətin rahatlığını tam təmin edir. Belə ki, müasir standartlar səviyyəsində tikilən əsgər yataqxanalarında istirahət və yataq yerləri, zabitlər üçün iş otaqları, əsgərlər üçün məişət, silah, ideoloji və digər otaqlar mövcuddur. Hərbi hissələrdə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksləri, Təlim-Tədris Mərkəzləri, Qərargah binaları, tibb məntəqələri inşa olunub, sıra meydanı, idman sahəsi yaradılıb. Əsgəri-Məişət Komplekslərində ərzaq və əşya anbarları, hamam, camaşırxana, dərzi otağı və qazanxana, poçt xidmətləri üçün otaq, mağaza və çay evi, yeməkxanalar mövcuddur.
Müasir Təlim-Tədris Mərkəzləri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində mühüm rol oynayır. Burada yaradılan hərtərəfli şərait hərbi tədris proqramlarının keyfiyyətlə işlənib mənimsənilməsinə, şəxsi heyətin peşəkarlığının, praktik vərdişlərinin möhkəmləndirilməsinə imkan verir. Burada tank və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə müxtəlif trenajorlar quraşdırılıb. Bu qurğularda şəxsi heyətin sürücülük və atəş qabiliyyətləri praktik olaraq daha da artırılır ki, təlim və döyüş meydanında hədəflər ilk atəşlə məhv edilsin.
Həyata keçirilən tədbirlər ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir. Yaradılan şərait düşmənlərimizə göz dağıdır. Çünki, aclıq və səfalət məngənəsində sıxılan düşmən əsgərləri uçuq-sökük, soyuq kazarmalarda yerləşdikləri halda Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılış mərasimində çıxışı zamanı qeyd edib: "Bu gün, eyni zamanda, hərbi hissədə olarkən bir daha gördüm ki, Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb".
Göründüyü kimi Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər şəxsi heyətin öz xidmətini daha məsuliyyətlə yerinə yetirməsinə möhkəm zəmin yaradır. Məhz buna görə də Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində xidmət edən əsgərlərimiz yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər.
Nəriman NƏCƏFOV, foto Aydın ORUCOVUNDUR