Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2017 11:50

“Hərbi hissədə hər cür şərait yaradılıb”

Ordumuzda "Açıq qapı" günlərinin keçirilməsi xoş bir ənənəyə çevrilib. Əlamətdar günlərdə hərbi hissələrimizdə qapılar qonaqların üzünə taybatay açılır, övladları ilə görüşə gələn valideynlərlə yanaşı, şəhid ailələrinin, dövlət təşkilatlarının, ictimai birliklərin nümayəndələri, məktəblilər əsgərlərimizin görüşünə gəlirlər.
İyunun 26-da da bütün hərbi hissələrimizdə bayram ovqatı vardı. Hərbi hissənin ərazisi bayramsayağı bəzədilmişdi, hər yanda hamımızın qürur mənbəyi olan üçrəngli bayrağımız səhərin sərin mehində əzəmətlə dalğalanırdı.
Övladları ilə görüşə gələn ata-anaların, doğmaların sevinci baxışlarından oxunurdu. Belə ailələrdən biri də Xızı rayonunun Şurabad kəndindən gəlmişdi.
Elşən Cəfərov apreldə oğlunu xeyir-dua ilə hərbi xidmətə yola salaraq, kişi kimi xidmət etməyi tövsiyə etmişdi. Onlar övladları Fəridin andiçmə mərasiminə də ailəliklə gəlmişdilər. Artıq xızılı əsgər xidmətinin üç ayını arxada qoyub. Bəs əsgər valideyninin hərbi hissədə aldığı təəssüratlar necədir?
- Bu gün həm bayramdı, həm də eşitdik ki, Silahlı Qüvvələrimizdə "Açıq qapı" günü keçirilir, - Elşən Cəfərov bizimlə söhbətində dedi. - Ona görə ailəliklə gəldik ki, oğlumuzun bayramını təbrik edək.
Əsgər atası onu da dedi ki, hərbi hissə haqqında, əsgərlər üçün burada yaradılmış şərait barəsində hərbi andiçmə mərasiminə gələndə xoş təəssürat alıblar. Burada həm xidmət etmək, həm də yaşamaq üçün yüksək şərait yaradılıb. Əsgərlərin geyimi, yataq yeri,  məişət şəraiti, qidalanması onu bir valideyn kimi valeh edib.
- İndi övladlarımızın şəraiti ilə bir daha tanış olduq,  - Elşən Cəfərov bildirdi. - Yataq yerlərinə, yeməkxanaya baş çəkdik, gördüklərimiz bizi bir daha sevindirdi.  Bu o deməkdir ki, dövlətimiz Vətənin  müdafiəçiləri üçün hər cür şərait yaradıb. Təlim-tərbiyə də arzuolunan səviyədədədir. Bir sözlə, hər şey burada ürəyimdəndir. Belə şərait yaratdıqlarına görə dövlətimizin başçısı     İlham Əliyevə, Müdafiə naziri general-polkovnik Zakir Həsənova öz dərin minnətdarlığımı bildirirəm.
"Açıq qapı" günündə bayram münasibətilə konsert proqramı təşkil edilmişdi. Əsgərlər, qonaqlar ürəyəyatımlı musiqi nömrələrinə qulaq asdılar, doyunca rəqs etdilər. Valideynlərinin bayram günündə yanına gəlməsi əsgər Fərid Cəfərovu da sevindirdi.
- Vətənə xidmət hər bir Azərbaycan gəncinin  borcudur, - əsgər deyir. - Vaxtı çatanda hər kəs Vətənə əsgəri borcunu verməlidir. Burada hər cür şərait yaradılıb, həm də zabitlər bizə hərbi xidmət qaydalarını öyrədirlər. Artıq ixtisas seçimi olub, mən atıcıyam. Avtomat silahın xüsusiyyətlərini bizə öyrədiblər. Atışlarda da iştirak etmişik. Praktik şəkildə bu silahdan atmağı artıq yaxşı bacarıram. Əsgərlər hamısı mehribandır, hamı bir-biri ilə qardaş kimi davranır.
Deyirlər, əsgərlik kişilik məktəbidir. Atasının sözlərinə görə Fərid  də hərbi xidmətə gedəndən sonra xeyli dəyişib, ciddiləşib, kişiləşib. Əsl Azərbaycan əsgərinə çevrilib!
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"