Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2017 11:49

Şərəfli hərbi mühəndis ömrü

Azərbaycan Silahlı Qüvvələri müstəqillik illərində böyük inkişaf yolu keçib və bu gün haqlı olaraq Cənubi Qafqazın ən güclü ordusu hesab edilir. Təbii ki, ordumuzun tərəqqisində ilk növbədə zabit heyətinin danılmaz xidmətləri var.
Müstəqillik əldə etdiyi ilk illərdə Vətənimiz, təəssüf ki, Ermənistanın ərazi iddiaları ilə üz-üzə qaldı. Bədnam qonşularımız elan edilməmiş müharibəyə başladı. Azərbaycan Ordusu belə bir şəraitdə formalaşmağa, düşmənə qarşı müharibə aparmağa başladı. O zaman doğma Azərbaycanımıza qəlbən bağlı olan insanlar Vətənin müdafiəsinə qalxdı. Keçmiş Sovet ordusunda xidmət edən vətənpərvər zabitlərimiz xalqın çətin günlərində Azərbaycan Ordusunun sıralarına qayıdır, sinələrini Vətənə sipər edirdilər. Belə zabitlərdən biri də polkovnik Cəmşid Qasımov idi. Bu günlərdə 80 yaşı tamam olan cəsur zabit bütün hərbi fəaliyyətini mühəndis-istehkam işinə həsr edərək, şərəfli zabit həyatı yaşayıb. Belə peşəkar hərbçilər haqqında iftixar hissilə deyirlər ki, Vətən qarşısında öz borcunu şərəf və ləyaqətlə yerinə yetirib.
Cəmşid Qasımov 22 iyul 1937-ci ildə Bərdə rayonunun Ərəblər kəndində dünyaya gəlib. Atası Qurban II Dünya müharibəsində döyüşlərdə həlak olanda Cəmşidin 5 yaşı vardı. Çətinliklər içində atasız böyümüş Cəmşid orta məktəbi doğulduğu Bərdə rayonunda bitirib. Ömrünü hərbi xidmətə bağlayan azərbaycanlı gənc mühəndis-istehkamçı peşəsini seçib. 1959-cu ildə Kalininqrad Hərbi Mühəndis Komandanlıq Məktəbinə qəbul olunan Cəmşid təhsilini sonradan Tümen Hərbi Mühəndis Komandanlıq Məktəbində davam etdirib və 1962-ci ildə müvəffəqiyyətlə bitirərək leytenant rütbəsinə layiq görülüb.  O, taqım komandiri kimi Sovet Silahlı Qüvvələrinin Bakıdakı 4-cü Ordusunun Ağdam şəhərində yerləşən mühəndis taborunda xidmətə başlayıb və bölük komandiri vəzifəsinədək yüksəlib. Xankəndidə yerləşən, sonradan Naxçıvana köçürülən motoatıcı alayda mühəndis xidməti rəisi, mühəndis istehkam taborunun komandiri vəzifələrində  xidmət edib və özünü bacarıqlı mühəndis kimi göstərib. Nümunəvi xidmətilə seçilən azərbaycanlı zabit Moskva şəhərində Kuybışev adına Hərbi Mühəndis Akademiyasına qəbul edilib və 1975-ci ildə hərbi təhsilini başa vurub. Peşəkar kadr zabiti kimi burada hərbi mühəndis işləri üzrə bilik və bacarığını daha da təkmilləşdirib. 
Naxçıvan və Xankəndi qarnizonlarında hərbi hissə komandiri olduğu vaxtlarda  həmyerlimiz öz vəzifəsinə həmişə yetərincə ciddi yanaşıb, peşəkar hərbçi kimi verilən tapşırıqları məsuliyyətlə yerinə yetirib,  komandanlığın hörmət və rəğbətini qazanıb.
Daha sonra hərbi xidmətini hərbi komissarlıq sistemində davam etdirən zabit burada da işinə həmişə peşəkar münasibət göstərib.
Müstəqil Azərbaycanın Silahlı Qüvvələri yaradılarkən  polkovnik Cəmşid Qasımov da ordu sıralarına çağırılıb. Müdafiə Nazirliyində həvəslə xidmətə başlayan zabit mühəndis xidmətinin rəisi kimi bilik və bacarığını əsirgəməyib, mühəndis hərbi hissə və bölmələrinin yaradılmasına töhfələr verib.
Təcrübəli zabit Qarabağ müharibəsində hərbi mühəndis kimi döyüşlərdə fəal iştirak edib, bir sıra hərbi əməliyyatlar zamanı mühüm tapşırıqların yerinə yetirilməsinə rəhbərlik edib, həmin döyüşlərdə ağır yaralanıb.
Polkovnik Qasımovun hərbçi kadrların hazırlanmasında da əməyi az olmayıb. Onun rəhbərliyilə atəşkəsdən sonrakı illərdə  neçə-neçə istehkamçı hazırlanaraq xidmətini davam etdirmək üçün hərbi hissələrə göndərilib.
Hərbi xidmətinin müxtəlif pillələrində qazandığı bilik və çoxillik təcrübəni Azərbaycan Silahlı Qüvvələrində bacarıqla tətbiq edib, gənc mühəndis kadrlarının yetişdirilməsi üçün səylərini əsirgəməyən polkovnik Qasımovun həyatı və fəaliyyəti davamçıları üçün, sözün həqiqi mənasında, örnək, nümunədir. 80 yaşlı veterana hörmət və ehtiramımızı bildirir, ona uzun ömür, can sağlığı arzu edirik.
"Azərbaycan Ordusu"