Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2017 11:48

“Psixi problemli” təxribatçılar

2013-cü ilin noyabr ayında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu cəbhəboyu zonada təxribat törətməyə cəhd göstərmişdi. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində qrup vaxtında aşkar edilmiş, qabaqlayıcı tədbirlər nəticəsində itkilərə məruz qalan düşmən geri çəkilmişdi. Ermənistan tez-tez belə təxribatlar törətməyə cəhd edir və hər dəfə də igid əsgərlərimizin adekvat cavab tədbirləri nəticəsində itki verərərək geri çəkilirlər. Heç nə əldə etmədən.
Təxribat qrupuna bələdçilik edən Ermənistan vətəndaşı döyüşdə yaralanmışdı, onu atıb qaçmışdılar. O, Azərbaycan ordusunun bölmələri tərəfindən ələ keçirilmişdi.  Ermənistan təxribat qrupunun həmin üzvü barədə rəsmi İrəvanın yaydığı açıqlamalarda o şəxs psixi problemləri olan xəstə elan edilirdi. Ermənistan Müdafiə Nazirliyindən tutmuş, kənd bələdiyyəsinə qədər çıxış edənlər həmin adamın psixi xəstə olduğunu "faktlar və sənədlərlə təsdiq edirdilər".
Sonradan buna bənzər hadisələr tez-tez təkrar olunurdu. Hər dəfə də Ermənistan buna bənzər açıqlamalar səsləndirirdi. Ermənistan hərbçiləri biz tərəfə keçdikdə və yaxud təxribat qrupunun bir üzvü hərbçilərimiz tərəfindən ələ keçirildikdən sonra Ermənistan rəsmi, ya da qeyri-rəsmi şəkildə dərhal mütləq mənada həmin şəxsi psixi xəstə, dəli, ağlı özünü idarə etməyən, bədbəxt elan edir.
Bu hadisələrlə maraqlanıb, qısa analiz edərkən düşünürdüm ki, əgər hərbçilərimiz tərəfindən ələ keçirilənlər, quldur rejimdən bezərək canını, ailəsini götürüb Ermənistandan qaçanlar hamısı anormal, ağlı özünü idarə edə bilməyəndirsə, onda belə çıxır ki, Ermənistan əhalisinin 30-40 faizi psixi xəstədir. Ermənistanda psixi problemləri ilə bağlı xəstəxanalarda müalicədə olan, qaçmağa imkan tapa bilməyən dəlilərin də olduğunu nəzərə alsaq, orada olan pisixi problemli adamların sayı barədə statistik rəqəm daha böyük olacaqdır.
Bu ilin iyun ayının 21-də Azərbaycan Müdafiə Nazirliyi daha bir düşmən təxribat-diversiya qrupunun qarşısının alınması barədə məlumat yaydı. Həmin diversiyanın qarşısı yenə də bölmələrimiz tərəfindən qətiyyətlə alındı, düşmən itkilərə məruz qaldı. Geri çəkilərkən təxribat qrupu öz bələdçisini atıb qaçdı. Ələ keçirilən 1974-cü il təvəllüdlü  Zaver Hovanis Karapetyan kamera qarşısında özü haqqında "Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbəçiliyinə cəlb olunuram. Əlverişsiz hava şəraitindən istifadə edərək, yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik. Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orda olan əsgərləri öldürmək olub. Qrupumuzun tərkibində iki nəfər yaralı oldu. Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistanın mövqeleri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər" deyə danışdı.
Bu dəfə də Ermənistan eyni ssenari ilə, amma daha "təkmilləşdirilmiş plan" əsasında hərəkət etdi. Nədənsə, bu dəfə tələm-tələsik yox, çox götür-qoydan sonra gec açıqlama verdi. Bəlli oldu ki, niyə yubandılar. Səbəb əsaslı şəkildə hazırlaşmaq və daha "dəqiq" faktları ortaya çıxarmaq üçün vaxt qazanmaq idi. Vanadzor meri Mamikonun gözünə "birtəhər" dəyən, lakin duruşundan, danışığından peşəkar terrorçu, təsiri bağışlayan, cüssəli Zaver Karapetyan "zibilyığan, "detdom uşağı", dəlixanada yaşayan ruhi xəstə, heç kimi olmayan", heç yerdə yaşamayan, “zavallı" adlandırıldı və "müvafiq sənədlər” də təqdim edildi.
Dovex kəndinin "starostasından" tutmuş, şəhər meri, polis rəisi, ermənilərin baş psixiatrı, dəlilərinin baş həkimi, qocalar evinin rəhbərliyinədək, hamı məsələyə münasibət bildirdi. Hətta 90-cı illərdə Ermənistanda olan Şarl Aznavur da bu zavallının qocalar evində qeydiyyata düşməsinə kömək edibmiş, deyə məlumat yaydılar.
Bu arada Ermənistan mətbuatı psixi xəstələr barədə açıqlamalarla daha bir ermənini "şizofrenik" elan etdi. Parisien və Europe.fr-də çıxan xəbəri şərh edən Ermənistan elektron informasiya portalları yazır ki, "Paris yaxınlığında məscidin qabağında olan müsəlmanları avtomobili ilə əzib keçmək istəyən erməni sürücü "şizofreniyadan" əziyyət çəkirmiş". 
Fikrimcə, düşmən təbliğat maşınının yaydığı məlumatlarda ən maraqlı fakt odur ki, nədənsə, onların xaricdə yaşayan bütün "ruhi xəstələri" ancaq müsəlmanları, türkləri qətlə yetirəndə "dəli olurlar". Ermənistanda yaşayan psixi xəstələrin dəliliyi tutanda başqa istiqamətə yox, ancaq  Azərbaycanın işğal olunmuş ərazilərinə, cəbhəboyu zonaya, qoşunların təmas xəttinə üz tuturlar.
Belə çıxır ki, Ermənistanda psixi xəstələr çoxdur...
İsa İSMAYILOV, hərbi jurnalist