Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2017 11:46

“Vətən üçün yaşayırıq”

Ordumuzda xidmət edən zabitlər bu peşəni özlərinə həyat yolu seçib və bu yolun müqəddəs olduğun bilirlər. Hərb peşəsinin vacibliyini, məsuliyyətini dərindən dərk edirlər.
Belə zabitlərdən birini ön xətdə yerləşən bölmədə tanıdım. Bilik və bacarığı ilə seçilən leytenant Emin Məmmədov bölük komandiridir. Ucar rayonunda doğulub boya-başa çatıb. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan gənc zabitdən hərbiçi olmaq arzusunun necə yarandığını soruşdum.
- Uşaq yaşlarımda ən sevdiyim oyun "tapança-tapança" oynamaq idi. Həmişə dostlarım məni oyun oynamağa çağıranda, "Əgər mənim istədiyim oyun olacaqsa, gələrəm" deyərdim. Hamı hərbçi olmaq istəyimi bilirdi. Hətta dostlarım oyun zamanı məni komandir deyə çağırırdılar. Atamın da köməyi ilə taxtadan oyuncaq tapançalar və aftomatlar düzəldirdim. Evdəki oyuncaqlarımın da çoxu silah maketləri idi. Əlində avtomat olan əsgər oyuncağını yanımdan heç vaxt ayırmırdım, böyüyüb bu maketi canlandırmaq arzusu ilə yaşayırdım. Yaşım artdıqca hərb peşəsinə sevgim də böyüdü. Bu sevgi məni C.Naxçıvanskinin kursantları sırasına gətirdi. Hərbi liseydən başlayan bu yolu uğurla davam etdirdim və zabit oldum, arzuma çatdım.
Zabit vətənpərvər, mərd, cəsur, qorxmaz, igid, yüksək mənəvi dəyərlərə malik Vətən oğludur. Danışdıqca simasında əks olunan sevinci və həyəcanı, qürurlu baxışları Eminin də belə oğullardan biri olduğunu və peşəsinə sonsuz  sevgi ilə bağlandığını təsdiqləyirdi.
- Səni seçdiyin peşəyə hansı hisslər bağlayır?.
- Əlbəttə, Vətən sevgisi! Bu hiss mənə Vətənə bağlı olmağı, Vətəni daim uca tutmağı öyrədir. Vətən anamız, Vətən ən müqəddəs saydığımız məkandır. Vətən sadəcə torpaq parçası deyil, hər qarışı uğrunda sevə-sevə canını qurban etmiş şəhidlərin qanı hopan müqəddəs torpaqdır. Bu gün bir zabit kimi fəxr hissi keçirirəm ki, Vətəni qorumaq kimi müqəddəs vəzifəni yerinə yetirənlər sırasındayam.
Hərb peşəsi məsuliyyət, fədakarlıq, cəfakeşlik tələb edir. Bir gənc kimi seçdiyi şərəfli yolun tələblərinə yaxşı bələd olan Emin Vətən sevgisi, nizam-intizamı, bilik və bacarığı ilə tabeliyindəki şəxsi heyətə nümunəvi komandirdir. Əsgərlərinə hərbi bilikləri həvəslə öyrədən, vətənpərvərlik hissi, döyüş ruhu aşılayan gənc zabitin məsuliyyətli və qayğıkeş komandir olduğunu hiss edirəm. Vətənpərvər zabit, hərbçi gənclərin digərlərindən bir addım öndə olduğunu deyir.  "Ona görə ki, sənin əsas vəzifən Vətən torpaqlarını qorumaqdı. Ailəndən, sevdiklərindən uzaqda olsan da, öz ailəni və bütün ailələri sən qoruyursan. Bağçada oynayan uşaqları, dərsə gedən şagirdləri, əsgər yolu gözləyən anaları, nişan-toy etməyə hazırlaşan gəncləri sən qoruyursan. Bir sözlə, xalqını qoruyursan. Onlar rahat və firavan yaşasın deyə biz burdayıq. Sən özünçün yox, Vətən üçün, xalq üçün yaşayırsan. Xalqın sənə güvənir, səninlə fəxr edir", - deyir gənc zabit.
Eminlə tanışlıqdan sonra Azərbaycan Ordusunda hərb peşəsinin incəliklərinə yaxşı bələd olan, seçdiyi yolda şərəflə, məsuliyyətlə xidmət edən bilikli bacarıqlı zabitlərin timsalında bütün hərbçilərimizə seçdikləri şərəfli yolda uğurlar arzulayıram.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR