Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2017 11:45

Naxçıvanda bir qrup gəncə ilk zabit rütbəsi verilib

Vətənə sədaqətli, peşəkar hərbçi kadrları hazırlamaq Əlahiddə Ümumqoşun Orduda da daim diqqət mərkəzində saxlanılır. Bu günlərdə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirən məzunların növbəti buraxılış mərasimi keçirilib.
Əvvəlcə mərasimə hazırlıqla bağlı məruzə edilib. Hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Zabit Mənsum Əhmədov çıxış edərək bildirib ki, Əlahiddə Ümumqoşun Orduda kursları müvəffəqiyyətlə bitirən məzunlar xidmətlərini ordu sıralarında şərəf və məsuliyyətlə yerinə yetirirlər.
Məzunlar adından leytenant Elməddin Abutalıbov Vətənə ləyaqətlə xidmət edəcəklərinə söz verib.
Sonra Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hərbi elmi əsaslarla yaratdığı Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazın ən güclü, peşəkar ordusuna çevrilib. Təbii ki, bütün bunlara da ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olunub. Bu mənada Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu və birləşmələri də mühüm təşkilatlanma yolu keçərək daha da güclənir. Hərbi hissələrin maddi-texniki təminatı möhkəmlənir, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı səviyyəsi əhəmiyyətli dərəcədə artırılır. Keçirilən təlimlərdə peşəkarlığı daha da artan hərbi qulluqçularımız ən çətin döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə hər an hazırdırlar.
Zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatlar təqdim olunub.
Kurs birincisi  Məhəmməd Yaşarlı yaş kötüyünə buraxılış emblemi vurub.
Məzunlar döyüş bayrağı qarşısında and içiblər .
Sonda məzunlarla xatirə şəkli çəkdirilib.
Zabit hazırlığı kursunu 1-ci, 2-ci və 3-cü yerdə başa vuran Məhəmməd Yaşarlı, Rəşad Əliyev və Toğrul Abbaslı, həmçinin nizam-intizamı və dərslərdə fəallığı ilə seçilən Pərviz Alməmmədov, Miryunis Seyidov və başqaları ilkin zabit rütbəsinə layiq görülməyin sevinc və qürurunu bölüşüblər.
Nəriman NƏCƏFOV