Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2017 11:44

“Yenə hərbi xidmətdəyəm”

"N" hərbi hissəsində ezamiyyətdə olarkən maraqlı həmsöhbət, Vətənini sevən insan, bacarıqlı və səriştəli manqa komandiri olaraq tanıdılan kiçik çavuş Elyar Zeynalov haqqında həm komandirləri, həm də tabeliyindəki əsgərlər xoş sözlər dedilər. Həyatını orduya, Vətənin müdafiəsinə həsr edənlərdəndir. Hərb sənətinə marağı hələ məktəb illərindən formalaşıb. Atası Elyaz kişi övladlarını Vətənə sevgi, düşmənə nifrət hissləri ilə böyüdüb.
- Heç vaxt unutmaram. Məktəbdə oxuyurdum, həyətdə oynayarkən uşaqlardan biri ilə dalaşmışdım, - deyir kiçik çavuş. - Bunu bilən atam mənə bərk acıqlandı, tutduğum əməlin heç düzgün olmadığını bildirərək dedi ki, bu gün dava etdiyin o uşaq bir gün sənə səngər yoldaşı olacaq. Gücünü öz qanından olan həmyerlinə yox, düşmənimizə göstər. Atamın dediyi bu sözləri heç vaxt unutmadım. O gün əsgər olmağı arzuladım. Tez böyümək istədim, səngərdə düşmənə öz gücümü göstərməyə can atdım. Böyüdüm, məktəbi bitirdim. Əsl Azərbaycan kişisinə xas olan xüsussiyyətləri özümdə birləşdirməyə çalışdım. Bacardım da.
Uşaqlıqdan qəribə bir xasiyyət formalaşmışdı məndə. Qapı zəngi çalınanda sevinirdim. Evimizdə qonaq-qaranın çox olması pozitiv enerji verir mənə. Bu da millətimizə xas olan qonaqpərvərlik hissinin öz üzərimdə təzahür edən formasıdır.
2009-cu il, gündüz saat 10-11 radələri idi. Zəng çalındı. Yəqin dostlarımdan kimsə gəlib, deyə sevinərək qapıya tərəf qaçdım. Poçtalyon qadın idi. Qapını açdım, bir məktub uzatdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsindən göndərilmişdi. Hərbi xidmətə çağırılırdım. “Müsəlləh əsgərəm mən də bu gündən”, - deyib hərbi xidmətə yollandım. Xidmətimin ilk günündən nizam-intizamlı olmağa çalışdım, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirdim. Xidmətimi başa vuranda əsgər yoldaşlarımdan, komandirlərimdən ayrıldığım üçün çox üzülürdüm. Bir neçə il fərqli işlərlə məşğul oldum. Nəhayət, Vətən sevgisi məni yenidən ordu sıralarına qaytardı. 2014-cü ildə könüllü olaraq ön xətdə xidmətə yollandım. Hazırda manqa komandiri olaraq Vətənim Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hazıram. Yenidən hərbi xidmətə qayıtmaqla, Vətənin əsgəri olmaqla qürur duyuram.
Tuşlayıcı əsgər Şahgündüz Cabbarov manqa komandiri haqqında xoş sözlər dedi.
"Xidmətimi başa vururam. Ailəmin, sevdiklərimin yanında olmağı çox istəsəm də, silahdaşlarımı tərk etmək istəmirəm. Manqa komandirimi, onun mənə öyrətdiklərini heç vaxt unutmayacam. Çünki o bizə tək silah-texnikanın sirlərini yox, həyatı, necə yaşamağı da öyrədib. Əsl vətənpərvər necə olmalıdır sualına heç çəkinmədən "Elyar kimi" cavabını verərəm".
Bərdə rayonundan hərbi xidmətə çağırılan əsgər Anar Bağırov da qürurla kiçik çavuş Elyar Zeynalovun nümunəvi xidmətindən söz açdı.
"Biz hər birimiz ondan örnək alır, Vətəni necə qorumaq lazım olduğunu ondan öyrənirik. Torpağa candan bağlı olan bu insanla Ali Baş Komandan əmr verdiyi gün son qanımıza qədər döyüşməyə hazırıq".
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR