Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2017 11:43

“Əsgərəm, qürurum Vətəndir mənim!”

Mil və Muğan düzlərində yerləşən rayon əkinçiliyə yararlı torpaqları ilə seçilir. Rayon mərkəzindən uzaqlaşdıqca, yam-yaşıl əkin sahələri arxada qalır. Bir azdan yaşıllıqları günün istisindən qovrulan səhralıq əvəz edir. İstidən yanmış otlar saralıb, torpaqdan seçilmir. Yol boyu maşın gah qumlu, gah da daşlı yollarla irəliləyir. Yolumuzun uzun olmağı nə bizdə, nə də sürücüdə yorğunluq, narahatlıq yaradır - əsgərlərlə görüşə gedirik.
Nəzarət-buraxılış məntəqəsində özümüzü təqdim edəndən sonra hərbi hissəyə daxil oluruq. Ətrafda yaşıllıq, ağaclar.
...Səhər açılan kimi döyüş postuna yollanırıq.
...Döyüş postuna çatırıq.  Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini leytenant Araz Vəliyev qarşıdakı mövqelərə daim nəzarət etdiklərini deyir.
- Düşmənlə yaxın məsafədə yerləşirik, amma nəzarət tam bizdədir. Əsgərlərimiz xidmətə məsuliyyətlə yanaşırlar. Hər biri qorxmazdır, cəsurdur.
Döyüş postunun ərazisindəki səliqə-səhman, silah doldurub-boşaltma, idman alətləri olan yerlər xidmətin düzgün təşkil olunduğunu təsdiqləyir. Gənc zabit zabit peşəsinin çətin və şərəfli olduğunu vurğulayır.
- Zabit olmaq uşaqlıq arzum idi. Bu peşəyə ürəkdən bağlanmışam. Çətin peşə olsa da, ən şərəfli peşədir. Qürurluyam ki, Vətəni qorumaq kimi şərəfli bir vəzifəni yerinə yetirirəm. Öz təcrübəmi əsgərlərimlə bölüşürəm. Onların bacarıqlı əsgər kimi yetişməsi üçün əlimdən gələni edir, hər an qayğıları ilə maraqlanıram. Mənəvi-psixoloji hazırlıqlarının artırılması, yüksək döyüş ruhu aşılanması istiqamətində səmərəli işlər aparmağa çalışıram.
"Bura əsgərlərin yatdığı yerdi", - deyən zabit bizi içəri dəvət edir: əsgərlərin rahat yataq yerləri, əl-üz dəsmalları, içərisində hamam ləvazimatları olan dolablar. Həmçinin dəhlizdəki foto-stendlər, şəhidlərimizin və Milli Qəhrəman Mübariz İbrahimovun guşəsi bu bölmədə də mənəvi-psixoloji tərbiyənin düzgün təşkil edildiyini göstərir.
Səngər - barıt qoxulu, neçə-neçə qəhrəmana sipər olan mövqelər. Mübariz, Fərid, Raquf, Samid, Tural və digər igidlərin xatirəsini yaşadan müqəddəs ünvan. Bu səngərlərdə o qəhrəmanların davamçıları Vətənin keşiyində dayanırlar. Döyüş növbəsi aparan əsgər Elmar Rəcəbov növbətçiliyi zamanı heç bir hadisə baş vermədiyini məruzə edir. Xidmətinin son ayları olan Elmar xidmətə Ağstafa rayonundan çağrıldığını öyrənirəm. Bu igiddən əsgər olmağın necə hiss olduğunu soruşuram:
- Həyatımda sevincli və həyacanlı günlərim çox olub, - deyir. - İlk dəfə məktəbə getməyin, məktəbi bitirib məzun olmağın və s. sevincini ilk olaraq ailənlə bölüşürsən. Lakin əsgər olmaq, ordu sıralarına gəlmək tamam fərqli duyğulardır. Əsgər olmağın, Vətən torpaqlarını qorumaqdan qürurlu nə ola bilər? Artıq səninlə təkcə ailən yox, xalqın, millətin qürur duyur. Xalqın səni güvənc yeri bilir. Sən bütün Azərbaycan analarının övladı, atalarının qürur duyduğu oğul olursan. Məhz buna görə daha nümunəvi xidmət edirsən ki, xalqın güvəncini doğruldasan.
Əsgərin cavabı məni qürurlandırır. Səngərdə, düşmənlə üzbəüz mövqedə əsgərin dilindən deyilən bu sözlər Azərbaycan əsgərinin vətənpərvər, Vətənini, xalqını sevən, ona ürəkdən bağlı olan oğullar olduğunu göstərir. Növbəti mövqedəki əsgərlə də bu mövzuda həmsöhbət olmaq qərarına gəlirəm. Vətənpərvərliyin nə demək olduğunu Vətən torpaqlarını göz bəbəyi kimi qoruyan əsgərin dilindən eşitmək mənə könül xoşluğu verir.
Əsgər Elçin Həsənli hərbi xidmətə Xaçmaz rayonundan çağırılıb. Hər cür şəraitlə təmin olunduqlarını vurğulayan əsgər, onlardan hər addımda son dərəcə məsuliyyət tələb olunduğunu bildirir. Fikrinin düşmən tərəfdə, əlinin tətikdə olduğu diqqətimi çəkir. "Düşməni hər an nəzarətdə saxlamaq lazımdır" - deyir:
- Gördüyünüz hər yer Vətənimizin bir parçasıdır, Vətən anamızdır. Vətən qibləgahımızdır. Vətən qoynunda böyüyüb, boya başa çatdığımız ana qucağıdır. İnsan anasız da, atasız da, valideynsiz də böyüyə bilər, lakin Vətənsiz yaşaya bilməz. Vətəninə sonsuz sevgi, bağlılıq vətənpərvərlikdir. Vətən sevgisi sevgilərin ən alisi, ən müqəddəsidir. Mən bu gün ən xoşbəxt insanam. Çünki əsgərəm, Vətənimin keşiyindəyəm, torpaqlarımızı qoruyuram.  Analarımızı, atalarımızı, bacı-qardaşlarımızı, körpələrimizi qoruyuram. Düşmən onlara mərmi atmağa cəhd etsə, torpaqlarımıza soxulmaq istəyinə düşsə, bir nəfərini də sağ qoymaram. 
Əsgərin sözləri məni elə duyğulandırır ki, qeyri-ixtiyari onun alnından öpürəm. Halal olsun, səni dünyaya gətirən anaya, halal olsun səni tərbiyə edən ataya!.
Səngərdə addımladıqca əsgərin dedikləri yaddaşımda çözələnir. Hər biri düşmənə göz dağı olan əsgərlərin düşüncələri elə bil mənə qol-qanad verir. Əsgər Nazim Hüseynovla salamlaşıram. O, durbini leytenant Vəliyevə  verib qarşıdakı ərazini göstərir. "Baxın, komandir, qarşıda sağ tərəfdə arabir düşmən əsgərləri görünür, nəsə iş görürlər", - deyir. Komandir diqqətli olmağı, onların hər addımını nəzarətdə saxlamağı tapşırır. Əsgər Hüseynov hərbi xidmətə Tovuz rayonundan çağırılıb.
- Nazim, düşmən atəşkəsi tez-tezmi pozur?
- Bəli, onlar tez-tez təxribata əl atır, mövqelərimizi atəşə tuturlar. Təbi ki, biz də cavab atəşi ilə onları susdururuq. Yaxın tariximizin aprel döyüşləri bunu bir daha göstərdi ki, Azərbaycan əsgəri güclüdür. Həmin döyüşdə hamı mərdliklə döyüşdü. Neçə igid Vətən yolunda şəhid oldu. Biz də elə qəhrəmanların davamçılarıyıq. Gecə-gündüz bu səngərlərdə torpaqlarımızı qoruyuruq və bu vəzifədən şərəf duyuruq.
Vətəni qorumaq kimi müqəddəs vəzifənin  öhdəsindən layiqincə gələn mərd oğulları tanıdıqca dövlətimlə, xalqımla, ordumla bir daha fəxr edirəm.
Xoş düşüncələrin ağuşunda növbəti mövqedə daha bir igidlə həmsöhbət oluram. Əsgər Xəzər İsrafilov da heç bir hadisə baş vermədiyini bildirir. Hərbi xidmətə Oğuz rayonundan çağrılan Xəzər də səngərdə xidmət etməkdən qürurlandığını deyir:
- Əsgər olmaq, torpaqlarımızın keşiyində durmaq olduqca şərəflidir. Əsgərin Vətənə sevgisi, düşmənə nifrəti onun döyüş ruhunu daha da artırır, onu ayıq-sayıq xidmət etməyə ruhlandırır.
Hər dəfə cəsur əsgərləri tanımaq, Vətənə sevgisini, düşmənə nifrətini öz dilindən eşitməkdən mən də qürur duyuram. Düşmənlə göz-gözə dayanan əsgərlərin tez zamanda torpaqlarımızın qalan hissəsini də işğaldan azad edəcəklərinə bir daha əmin oluram. Güvənci bizə, xalqımıza yaşadan əsgərlərimizin hər birinin baxışlarından bir mətləb oxunur: “Əsgərəm, qürurum Vətəndir mənim!”...
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR