Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 2017 10:47

“Döyüş növbəsində dayananda çox qürurlandım”

Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında, cəmiyyətə yararlı şəxsiyyət kimi yetişməsində və s. üstün keyfiyyətlərə yiyələnməsində əsgəri xidmətin rolu danılmazdır. Hərbi xidmət dövründə gənclər milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda formalaşır, gələcəyin nümunəvi vətəndaşları kimi yetişirlər. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə, dövlətinə, millətinə bağlı olan gənclərimiz Vətən qarşısında borcun öhdəsindən uğurla gəlirlər. Ordu həyatının gənclərə aşıladığı keyfiyyətləri onların öz dilindən öyrənmək üçün tərxis olunmağa hazırlaşan əsgərlərlə söhbətləşirəm.
Ön xətdə gizir Rəfail Səmədovla söhbətim zamanı tərxis olunmağa hazırlaşan əsgərlər haqqında dedi:
- Nicat Adıgözəlov bu gün-sabah ordudan tərxis olunacaq. Nicat xidmətə gəldiyi ilk gündən kollektivdə özünə hörmət qazanıb. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirib. Təcrübəli əsgərin vətənpərvərliyi, xidmətə bağlılığı digər əsgər yoldaşlarına da nümunədir.
Nicatın döyüş növbəsində olduğunu öyrənirəm. Onu tanımaq, silah tutan əlini sıxmaq, düşüncələrini qələmə almaq üçün fürsət gəzirəm. Haqqında söz açdığım əsgər döyüş növbəsini digər əsgər yoldaşına təhvil verdikdən sonra onu daha yaxından tanıyıram. Xidmətə Oğuz rayonundan çağırılıb. Əsgər Adıgözəlov ilk öncə xidməti dövründə ona hərbi biliklər öyrədən, vətənpərvərlik hissləri aşılayan, valideyn kimi qayğısına qalan komandirlərinə minnətdarlığını bildirdi.
- Bacarıqlı, cəsur, vətənpərvər döyüşçü kimi yetişməyimdə bölük komandirimiz baş leytenant Elvin Kazımov başda olmaqla bütün komandirlərimə sağ olun deyirəm. Onların zəhməti nəticəsində döyüş bacarıqlarına yiyələnmişəm. Silahımdan həm istifadə etməyi, həm də onun taktiki-texniki xüsusiyyətlərini hər incəliyinə kimi öyrənmişəm.
Əsgəri xidmətin gənclərin həyatında mühüm rola malik olduğunu deyən Nicat,  xidməti dövrünün ən yadda qalan günlərindən söhbət açaraq  xatirələrindən, hərbi andiçmə günündən danışır:
- Xidmətim dövründə ən yaddaqalan, ən qürurverici günlərimdən biri hərbi andiçmə mərasimi olub. Valideynlərimizin qürurlu baxışları altında bir əlim əsgər yoldaşımın çiynində, bir əlim silahımda Vətənə sədaqət andı içərək təntənəli marşla keçdik. Həmin gün yaddaşıma silinməz hərflərlə həkk olunub. Bundan əlavə ilk dəfə döyüş növbəsinə çıxdığım gün də öz həyəcanı ilə yaddaşımdadır. Həmin gün mənə ən məsuliyyətli vəzifə tapşırılmışdı. Post başçısı tərəfindən təlimlatlandırıldıqdan sonra əsgər yoldaşımdan döyüş növbətçiliyini təhvil aldım. İlk dəfə döyüş növbəsində dayananda çox qürurlandım.
Nicata görə, hərbi xidmət əsl həyat məktəbidir. Bu məktəbdə hər kəs vacib keyfiyyətlərə yiyələnir. Həm döyüşçü kimi yetişir, həm də yararlı vətəndaş kimi. "Bütün gənclər bu şərəfli yolu keçməlidirlər. Bizim ən birinci borcumuz bacarıqlı, cəsur əsgər kimi yetişmək və torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olmaqdır".
Təcrübəli əsgər hesab edir ki, hərbi xidmət həm də bir kişilik məktəbidir. "Bu mərhələdə fiziki və mənəvi-psixoloji cəhətdən formalaşırıq, həyatın çətinlikləri ilə ayaqlaşmağı öyrənirik. Hərbi xidmət Vətənə bağlılıq, vətənpərvərlik hissləri aşılamaqla hərbi silahlardan, texnikadan istifadə etməyi bacaran döyüşçü kimi yetişirik. Vətənə sədaqət, dövlətə bağlılıq, düşmənə nifrət hisslərinə də məhz ordu mühitində alışırıq."
Sonda əsgər  Nicat Adıgözəlov Ali Baş Komandanımız tərəfindən döyüş əmri verilən kimi əsgər yoldaşları ilə çiyin-çiyinə döyüşə atılmağa hər an hazır olduğunu əminliklə bildirdi...
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR